Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Atıcılıq Federasiyasının birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin final mərhələsinə yekun vurulub.
Naxçıvan Atıcılıq Mərkəzində keçirilən Şərur, Sədərək, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonları və Naxçıvan şəhər məktəblilərinin mübarizə apardığı yarışda hər komanda 5 nəfərdən ibarət heyətlə çıxış edib. Birincilik uğrunda mübarizədə məktəblilər yarışın reqlamentinə əsasən 5 növdə qüvvələrini sınayıblar. İlk olaraq onlar 100 metr və 2000 metr məsafəyə qaçışda yarışıblar. Digər növdə isə məktəbli gənclər fiziki güclərindən istifadə ediblər. Əvvəlcə turnikdə dartınan yarış iştirakçıları ardınca atıcılıqda məharətlərini göstəriblər. Son olaraq isə məktəblilər üzgüçülük növündə birinciliyin qalibi adını qazanmağa çalışıblar.
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə birinciliyin final mərhələsinin qalibi 840 xalla Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin “Naxçıvan” komandası olub. Digər iki pillədə isə 743 xalla Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin və 708 xalla Ordubad rayon Sabirkənd tam orta məktəbinin komandaları qərarlaşıblar.
Qeyd edək ki, qalib komanda Naxçıvan Muxtar Respublikasını Azərbaycan çempionatında təmsil edəcəkdir.

 Ceyhun MƏMMƏDOV