Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Naxçıvan Muxtar Respublikasında aşağı yaş qruplarından təşkil olunmuş komandalar arasında turnir keçirib.
Turnirdə muxtar respublikanın şəhər və rayonlarının komandaları mübarizə aparıblar. Şərur Olimpiya­-İdman Kompleksində keçirilən turnir 7 gün davam edib.
Oyunların nəticəsinə gəlincə, 10 yaşlı futbolçuların mübarizəsində “Şahbuz” və “Araz-Naxçıvan” futbolçuları üz-üzə gəliblər. Görüşün əsas və əlavə vaxtı heç-heçə (3:3) başa çatdığından qalibi penaltilər müəyyənləşdirib. Zərbələri daha dəqiq yerinə yetirən şahbuzlu futbolçular qalib adını qazanıblar. – 3:2. 11 yaşlıların qalibi isə “Şərur” komandası olub. Onlar Kəngərli rayonundan olan rəqiblərini 8:3 hesabı ilə məğlub ediblər.
Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin (UGİM) komandası isə 12 yaşlı futbolçuların liqasının qalibi olub. Onlar buna “Şahbuz” komandasını 9:2 hesabı ilə məğlub etməklə müvəffəq olublar. Məktəbin digər komandası 13 yaşlı futbolçuların final görüşündə “Araz-Naxçıvan” komandasını büdrədiblər – 4:2. UGİM-in digər komandası – “U-14” də final görüşünü qələbə ilə başa vurub. Belə ki, “Şərur” komandası ilə görüş 7:0 hesabı ilə UGİM-in xeyrinə başa çatıb.
“Məktəbli kuboku”nun final görüşündə Ordubad və Şərur rayon məktəblərinin komandaları üz-üzə gəliblər. Şərurlu şagirdlər 9:3 hesabı ilə qələbə qazanıblar.
Final görüşlərini Bakıdan gələn hakimlər briqadası idarə edib.
Qeyd edək ki, qalib komandalar muxtar respublikanı Azərbaycan çempionatında təmsil edəcəklər.

 Ceyhun MƏMMƏDOV