V və VII sinif şagirdlərindən ibarət futbol komandaları arasında 2012-2013-cü dərs ilində “Məktəbli kuboku” uğrunda yarışa yekun vurulmuşdur. Turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizdə əvvəlcə bölgələr üzrə start götürmüşdür.
Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyində VII sinif şagirdləri arasında Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin komandası qalib olmuş və Bakı şəhərində respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır. Qeyd edək ki, ölkə paytaxtında VII sinif şagirdlərindən ibarət 3 min komanda gücünü sınamışdır.
Yarışda Şərur komandası yüksək texnikalı oyun nümayiş etdirmiş, Naxçıvanda və Bakıda keçirdiyi yarışların hamısında qələbə qazanmışdır. Ümumiyyətlə, mütəxəssislər tərəfindən şərurlu yeniyetmə futbolçuların texniki və taktiki keyfiyyətləri və fərdi oyundan kollektiv oyun sisteminə keçid prosesi təqdir olunmuşdur. Beləliklə, ölkə miqyasında VII sinif şagirdləri arasında keçirilən futbol yarışında Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası çempion olmuş və kuboka yiyələnmişdir.
Komandanı yarışlara Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, “Arpaçay” futbol komandasının baş məşqçisi Bilal Nağıyev və onun köməkçisi Bəhruz Əsədli hazırlamışlar.

Xəbərlər şöbəsi