Mayın 27-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş üzgüçülük üzrə muxtar respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov turniri açıq elan edərək idmançılara müvəffəqiyyətlər arzulayıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Yarışda muxtar respublikanın şəhər və rayon komandalarının 20-yə yaxın üzvü iştirak edib. 50 metr məsafəyə sərbəst üsul üzrə keçirilmiş üzgüçülük turnirində Şahin Qubadov birinci, Fuad Babayev ikinci, Elşən Babayev isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Səbuhi HƏSƏNOV