Məlum olduğu kimi, bu il sen­tyabrın 1-dən 8-dək ağır atletika üzrə Avropa birinciliyi keçiriləcəkdir. Çempionata hazırlıq məqsədilə Azərbaycan Respublikasının ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komandası may ayının 18-dən Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlamışdır. Təlim-məşq toplanışı iyunun 4-dək davam edəcəkdir. 13-17 yaş arasında idmançılarla iki məşqçi – ağır atletika üzrə dördqat dünya çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası Nizami Paşayev, Azərbaycan Respublikasının əməkdar idman ustası, ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu olmuş Asif Məmmədov məşğul olurlar.
Ağır atletika üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nizami Paşayev bizimlə söhbət zamanı dedi:
– İkinci dəfədir ki, Şərur şəhərində oluram. Burada çox möhtəşəm Olimpiya İdman Kompleksi istifadəyə verilib. Mübaliğəsiz deyirəm ki, bu idman ocağı paytaxtımızın idman komplekslərindən heç də seçilmir. Gözəl mehmanxanası, hər cür şəraiti olan idman zalları, üzgüçülük mərkəzi vardır. Bizim təlim-məşq toplanışımız da öz qaydasında gedir. Burada 20 günlük təlim-məşq toplanışımız başa çatdıqdan sonra məşqlərimizi Bakı şəhərində davam etdirəcəyik. Məqsədimiz ağır atletika üzrə yeniyetmələrdən ibarət Avropa çempionatına bu dəfə seçilmiş 8 ən güclü idmançı ilə qatılmaqdır. Təlim-məşq toplanışında iştirak edənlərin 1-i Naxçıvanın təmsilçisidir.
Öyrəndik ki, dördqat dünya çempionu Nizami Paşayev 2009-cu ildən ölkəmizin yeniyetmələrindən ibarət yığma komandasının baş məşqçisidir. Onun yetirmələrindən bir çoxu dəfələrlə dünya və Avropa çempionları olmuşdur. Təcrübəli məşqçinin bir çox yetirmələri isə hazırda ağır atletika üzrə Azərbaycan Respublikasının gənc­lərdən ibarət yığma komandasında ölkəmizin idman şərəfini qoruyurlar.

Cəfər ƏLİYEV