Dünən İlham Əliyev adına Olimpiya İdman Kompleksində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası üzrə sərbəst güləş birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov idmançıları salamlayaraq yarışı açıq elan edib.
Yarışda Naxçıvan şəhəri, Şərur, Babək, Şahbuz və Culfa rayonlarını təmsil edən 5 komanda iştirak edir. 10 çəkidə 100-ə yaxın idmançının iştirak etdiyi yarışda qaliblər həm komanda hesabında, həm də şəxsi birincilikdə müəyyənləşdiriləcək. Yarışın keçirilməsində məqsəd muxtar respublikamızda idmanın sərbəst güləş növünün kütləviliyini təmin etmək və seçilən idmançıları muxtar respublika yığma komandasına daxil etməkdən ibarətdir.
Yarışa bu gün yekun vurulacaq.

Səbuhi HƏSƏNOV