Bakı şəhərində “Heydər Əliyev Kuboku” Beynəlxalq Boks Turniri keçirilib. Yeniyetmə idmançılar arasında keçirilən bu yarışda ölkəmizin komandaları ilə yanaşı, İrlandiya, Türkiyə, Hindistan, Türkmənistan, İsrail, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan və Şotlandiya komandaları da mübarizəyə qoşulublar. Turnirdə iştirak edən muxtar respublikamızın idmançılarından Tayfur Əliyevin döyüşləri yaddaqalan olub. 52 kiloqram çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançımız bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Ukrayna komandasının üzvünü məğlub edib. Finalda isə boksçumuzun rəqibi macarıstanlı olub. Bu dəfə də daha yaxşı döyüş nümayiş etdirən həmyerlimiz qələbə qazanıb. Qalib idmançımız diplom və kubokla təltif edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti