Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və muxtar respublika Futbol Federasiyasının təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futbol üzrə muxtar respublika turniri başa çatıb. İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən final qarşılaşmasında “DİN FK” və “Universitet” komandaları üz-üzə gəliblər.

“DİN FK”nın aramsız hücumları ilə başlayan final qarşılaşmasında asayiş keşikçiləri hesabı açıblar. Sonrakı dəqiqələrdə “Universitet” komandası fəallığı artırsa da, Daxili İşlər Nazirliyinin futbol komandasına üstün gələ bilməyib. Nəticədə, Daxili İşlər Nazirliyinin komandası 3:2 hesabı ilə oyunun qalibi olub. Beləliklə, futbol üzrə muxtar respublika turnirində “DİN FK” birinci, “Universitet” isə ikinci yerlərə layiq görülüblər. Komandaların mükafatlandırılması mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov çıxış edərək qalib komandaları təbrik edib. Sonra Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının kuboku, diplomları, medalları və qiymətli hədiyyələri fəxri yerləri tutan komandalara təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti