Ötən həftə muxtar respublikamız daha bir idman bayramına ev sahibliyi etdi. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda ənənəvi Beynəlxalq Turnir keçirildi. Turnirin gedişində muxtar respublikamızın qonaqlarından bir neçəsi ilə görüşüb həmsöhbət olduq, fikirlərini öyrəndik:
Bəhman TALİBİ – Olimpiya dərəcəli hakim, Beynəlxalq Güləş Federasiyasının instruktoru:
– Mən Azərbaycan Güləş Federasiyası tərəfindən bu turnirə dəvət almışam. İlk olaraq bildirim ki, yarış beynəlxalq qaydalara tam uyğun olaraq keçirildi, hakimlər tərəfindən qaydaların pozulmamasına xüsusi diqqət yetirildi. Azərbaycanlı hakimlərin peşəkarlığı yüksək səviyyədədir. Əksəriyyətinin gənc olmasına baxmayaraq, yarışın hər bir görüşündə onların peşəkarlığı açıq-aşkar hiss edilirdi. Naxçıvanda keçirilən bu tədbirin yüksək səviyyədə təşkil edilməsi bu torpağın insanlarının dahi rəhbər Heydər Əliyevə nə qədər hörmət və ehtiram bəslədiklərinin göstəricisidir. Onu da qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın güləş idman növündə əldə etdiyi nailiyyətlərin əsas səbəblərindən biri də dövlətin idmançılara göstərdiyi xüsusi qayğıdır. Gərgin mübarizə şəraitində keçən görüşlərdə Azərbaycan, eləcə də Naxçıvan pəhləvanları rəqibləri üzərində inamlı qələbələr qazandılar. Bildiyiniz kimi, Naxçıvan yığması bu turnirin qalibi oldu, Azərbaycan komandası isə ikinci yeri tutdu. Bu, çox gözəl nəticədir. Ümumiyyətlə, Naxçıvan güləşçilərinin çıxışlarından belə nəticəyə gəlmək mümkündür ki, bu diyarda artıq güclü idmançılar var və sayılıb-seçilən, tarixi ənənələrə malik güləş məktəbi formalaşıb. İnanıram ki, Naxçıvan güləşçiləri gələcəkdə də öz sözlərini deyəcək, beynəlxalq yarışlarda, olimpiya oyunlarında ölkənizin bayrağını yüksəklərə qaldıracaqlar.

 

Cahangir TURDİYEV – Özbəkistan komandasının üzvü:
– Naxçıvanda keçirilən beynəlxalq turnir nəinki bu yarışda iştirak edən idmançılar, hətta bütün dünya yunan-Roma güləşçiləri üçün əsl bayramdır, xalqlar arasında dostluğun, sülhün və birliyin təntənəsidir. Beynəlxalq güləş yarışında biz ədalətli mübarizənin şahidi olduq, rəqiblərimizdən çox şey öyrəndik. İdmançılarımız bu turnir vasitəsilə yunan-Roma güləşində böyük təcrübə qazandılar. Naxçıvanın bu turnirdə ayrıca komanda ilə iştirak etməsi, qalib olması böyük uğurdur. Hər şeyi qayda-qanunla həyata keçirən təşkilatçılara, bizə böyük diqqət və qayğı göstərən insanlara minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, üzvü olduğum komanda ilə bir daha Naxçıvana gəlim, burada keçirilən mötəbər yarışlarda iştirak edim.
Yusuf DÜZER – Türkiyə yığmasının baş məşqçisi:
– Türkiyə komandası Naxçıvanda keçirilən bu beynəlxalq turnirə güləşçilər, məşqçilərlə qatılmışdı. Komandaya parlaq qələbələrə imza atmış gənclər cəlb etmişdik. Heyətdə yeniyetmələr arasında Avropa çempionu da var idi, başqa yüksək dərəcələr qazananlar da. Açığını deyim ki, Naxçıvan yığmasının qələbə qazanması məni çox sevindirdi. Mən Naxçıvan güləşçilərini türkiyəli güləşçilərdən ayırmıram. Çünki biz hamımız eyni kökdən gələn insanlarıq. Güləş yaşadığı coğrafi məkandan asılı olmayaraq, bütün türklərin milli idman növüdür. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Naxçıvan komandası “Naxçıvan kuboku”nu əldən vermədi. Qəzetiniz vasitəsilə bir daha Naxçıvan güləşçilərini, eləcə də Azərbaycan komandasını təbrik edirəm, gələcəkdə daha böyük uğurlar arzulayıram.
Qərib ƏLİYEV – Beynəlxalq dərəcəli hakim, Azərbaycan Güləş Federasiyasının hakimlər kollegiyasının sədri, yarışın baş hakimi:
– Gərgin mübarizədən sonra Naxçıvan komandası qalibiyyəti əldə etdi. Obyektivlik naminə qeyd etməliyəm ki, Naxçıvan yığması bu qələbəyə hazır idi. Yarışda təşkilatçılıq yüksək səviyyədə idi, qiymətləndirmə şəffaf şəkildə aparılırdı. Elə buna görə idi ki, görüşlərdə qaydaların pozulmasına dair məşqçi həmkarlarımdan heç birinin etirazı olmadı. Necə deyərlər, qələbə də qəbul edildi, məğlubiyyət də. Təbii ki, qələbə bir adamın təkbaşına öhdəsindən gələcəyi iş deyildi, komanda işi idi. Naxçıvan komandasından gözlənilən nailiyyət idi və onlar bu nailiyyəti qazandılar. Naxçıvanlı güləşçilərin yarış əzminə gəldikdə isə deyə bilərəm ki, yerli ustalar sərbəst güləşdə olduğu kimi, yunan-Roma güləş növündə də çox bacarıqlıdırlar. Naxçıvan yığmasının hər bir üzvünün beynəlxalq yarışlarda medal qazanmaq şansı var. İdmançıları məşq prosesində də izlədik və gördük ki, çox əzmkardırlar. Onlardakı bu əzmkarlığı görəndə qürur hissi keçiririk. Bu turnirdə əldə edilən nəticələrdən belə bir qənaətə gəlmək olar ki, gənc Naxçıvan güləşçilərini yaxın gələcəkdə parlaq qələbələr gözləyir.

Səbuhi HÜSEYNOV