Dünyada qədim ənənələri ilə seçilən karate-do Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında bu gün çox populyardır. Muxtar respublikada bu idman növü Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yaradılmasından sonra sürətlə inkişaf etməyə başlayıb. Ötən müddət ərzində karate-do idman növü üzrə muxtar respublika idmançıları beynəlxalq və ölkə miqyaslı yarışlarda böyük nailiyyətlər əldə ediblər. Əlbəttə, əldə olunan nəticələr dövlətin bu sahəyə diqqət və qayğısının bəhrəsidir. Bu diqqət və qayğıya cavab olaraq karate-do idman növünün muxtar respublikada daha da inkişaf etməsi və geniş yayılması üçün federasiya tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyev­in 90 illik yubileyi münasibətilə keçirilən karate-do idman növü üzrə çempionat bir daha sübut etdi ki, Naxçıvanda bu idman növünə böyük maraq var. Gəncləri­mizin döyüş ruhuna yaxın olan karate­-do idmanı indi yüzlərlə uşaq, yeniyetmə və gəncin əsas məşğuliyyətidir.

Çempionatı Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Vəli Ələsgərov açıq elan edib, idmançılara uğurlar arzulayıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, tədbir iştirakçıları dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr edilən sənədli filmə baxıblar. Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs kollektivinin çıxışları tədbirə əsl bayram ovqatı bəxş edib. Bakı, Naxçıvan, Şərur, Babək karateçilərinin nümunəvi çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bu çıxışlarla idmançılar sübut etdilər ki, onlar üçün çəkilən zəhmət hədər getməyib. Bu gün daş lövhələri qırmaq üçün düyünlənən yumruq sabah düşmən üçün arzuolunmaz zərbə endirmək iqtidarındadır.

Sonra çempionata start verilib. 200-dən artıq döyüşçü karatenin şotokan və kontakt növləri üzrə altı yaş qrupunda mübarizə aparıb. Şotokan növü üzrə İlkin Şirinov, Xəzər Əliyev, Mirpaşa Kərimov, Rəhman Babayev, Samir Salahov, Salman Hüseynov birinciliyi əldən verməyiblər. Kontakt növü üzrə isə Hüseyn Kərimov, Ələkbər Abdullayev, Zahid Ağaverdiyev, Fərid Cəfərov, Vüsal Məmmədov, Anar Kərimov fərqləniblər. Komanda hesabında Naxçıvan şəhəri birinci, Bakı ikinci, Ordubad komandası üçüncü yerlərə layiq görülüblər.
Çempionatın qaliblərinə kubok, medal, diplom və qiymətli hədiyyələr verilib. Beləliklə, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən daha bir idman bayramı başa çatıb.

Səbuhi HÜSEYNOV