“A” qrupunda Azərbaycan şahmatçısı turnir  cədvəlinə liderlik edir

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında VIII turun oyunları yekunlaşıb. Bu turda “C” qrupunda Sumqayıt şahmatçısı Murad İbrahimli 7,5 xalla birinci sırada qərarlaşıb. Gəncə şahmatçısı Qurban Bayramov ikinci, Bakı şahmatçısı Kənan Qarayev üçüncü sıradadır. İkinci və üçüncü sıraları bölüşən şahmatçıların beynəlxalq reytinq əmsalı 1200-1706 arasında dəyişir. Naxçıvan şahmatçısı Rəvan Rəhimov isə VIII turdan sonra 6 xal toplaya bilib və beşinci yerə sahiblənib.
Bu turda “B” qrupunda Ağdam şahmatçısı, beynəlxalq reytinq əmsalı 2128 olan Fariz Əhmədov 7,5 xalla birincidir. İkinci sırada FİDE ustası, İran şahmatçısı Aryan Qolami 6,5 xalla inamlı mübarizəsini davam etdirir. Bakı şahmatçısı Günay Məmmədzadə isə üçüncü yerdə qərarlaşıb. Naxçıvan şahmatçısı Toğrul Həsənzadə 5,5 xalla 13-cü sıradadır.
Yüksək reytinqli şahmatçıların qələbə uğrunda mübarizə apardığı “A” qrupunda VIII turdan sonra Azərbaycan şahmatçısı Qədir Hüseynov 6 xalla turnir cədvəlinə liderlik edir. Rusiyalı şahmatçı İqor Kurnosov 5,5 xalla ikinci, belaruslu şahmatçı Aleksey Aleksandrov eyni xalla üçüncü sıradadır. Naxçıvan şahmatçısı Talıb Babayevin VIII turdan sonra 4, digər bir həmyerlimiz Ürfan Sevdimalıyevin isə 3 xalı var. Azərbaycan şahmatçısı Qədir Hüseynov bu turda gürcü şahmatçı Levan Pantsulaiaya qalib gəlib və bu qalibiyyət ona liderlik mövqeyini qazandırıb. Bu tur Türkan və Zeynəb Məmmədyarovalar üçün uğurlu olmayıb. Belə ki, hər iki şahmatçı rəqibləri ilə görüşdə məğlubiyyətlə qarşılaşıblar. Turnir davam edir.

Xəbərlər şöbəsi