Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında dördüncü turun oyunları yekunlaşıb. Bu turdan sonra “C” qrupunda Naxçıvan şahmatçısı Rəvan Rəhimov 4 xalla turnir cədvəlində birinciliyi əldə edib. Bu mövqeyi ona Bakı şahmatçısı Gülçin Qədimbəyli ilə görüşdə qazandığı qələbə təmin edib. Digər bir Bakı şahmat məktəbinin yetirməsi Elman Atakişiyev turnir cədvəlində ikinci sırada, Qubadlı şahmatçısı İmran Babayev isə üçüncü sırada qərarlaşıb.
Dördüncü turdan sonra “B” qrupuna 4 xalla şahmatçımız Fariz Əhmədov başçılıq edir. Rəşad Zeynalov və Azər Abdullayev isə ikinci və üçüncü yerləri bölüşdürürlər.
Bu turda “A” qrupunda ötən turda birinci sırada qərarlaşan belaruslu şahmatçı Aleksey Aleksandrov Rusiya şahmatçısı Konstantin Landa ilə görüşüb. Bu oyundan hər iki şahmatçı yarım xal toplayıb. Aleksandr Xalifman isə Eltac Səfərli ilə qarşılaşıb. Bu oyunda da heç bir şahmatçı bir xal qazana bilməyib. Yarışa inamla başlayan, reytinq əmsalı 2665 olan Rusiya şahmatçısı Vladimir Potkinin budəfəki rəqibi gürcü şahmatçısı Giqa Quparadze olub. Rusiyalı şahmatçı inamlı oyun nümayiş etdirib və gürcü rəqibinə qalib gəlib. Naxçıvan şahmatçısı Talıb Babayev Quba şahmatçısı Şəhriyar Rəhmanovla qarşılaşmasından məğlub ayrılıb. Digər bir Naxçıvan şahmatçısı Ürfan Sevdimalıyev Faiq Ələsgərovla görüşüb və qalibiyyət əldə edib. Dördüncü turun nəticələrinə görə, “A” qrupunda polşalı Macieja Bartlomiey turnir cədvəlinə liderlik edir. O, rusiyalı rəqibi Denis Kismatullinə qalib gələrək bu mövqeyə yüksəlib. Belaruslu şahmatçı Aleksey Aleksandrov ikinci, rusiyalı şahmatçı İqor Kurnosov üçüncüdür.
Turnir davam edir.

Xəbərlər şöbəsi