Aprel ayının 20-də Hava və Ekstremal İdman Növləri Federasiyasının yaranmasına həsr olunmuş 10 km məsafəyə yürüş üzrə Naxçıvan Muxtar Respublikası birinciliyi keçirilib. “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolda keçirilən yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov çıxış edərək komandalara uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 10 komandada 100-ə yaxın idmançı mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışda Naxçıvan Dövlət Universitetinin komandası qalib olub. Culfa rayon komandası ikinci, federasiyanın “Qapıcıq” klubu isə üçüncü yerləri tutublar. Fəxri yerləri tutan komandalara diplomlar və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti