Dünən Daxili Qoşunların Naxçıvan Alayının “N” hərbi hissəsində “Cəsurlar” hərbi-idman və turizm oyununun muxtar respublika üzrə zona birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil və Fövqəladə Hallar nazirlikləri, Naxçıvan Qarnizonu və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda muxtar respublika üzrə zona birinciliyində rayon (şəhər) mərhələlərinin qalibi olmuş 9 komanda iştirak edib.
Yekun nəticəyə görə, Culfa rayon Saltaq kənd tam orta məktəbinin komandası birinciliyin qalibi olub. Naxçıvan şəhərindəki 2 və 15 nömrəli tam orta məktəblərin komandaları ikinci və üçüncü yerləri bölüşüblər. Qalib komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları, digər təşkilatçıların isə diplomları təqdim olunub.
Qeyd edək ki, birinci və ikinci yerləri tutan komandalar “Cəsurlar” hərbi-idman və turizm oyununun respublika üzrə final mərhələsində muxtar respublikamızı təmsil edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti