Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Babək Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, ümumtəhsil məktəbləri arasında voleybol turnirinə də start verilib. Turnir zonalar üzrə keçirilir.
Aprel ayının 10-da Babək qəsəbə tam orta məktəbinin idman zalında keçirilən yarış başlanmazdan əvvəl rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Seyidov, Təhsil Şöbəsinin metodisti Müslüm Vəliyev və rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Füzuli Salmanov çıxış edərək ümummilli liderimizin elmə, təhsilə, o cümlədən idmana göstərdiyi qayğının muxtar respublikamızda uğurla davam etdirildiyini bildiriblər. Qeyd olunub ki, ulu öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, idmanın inkişafına da xüsusi qayğı göstərilməyə başlandı. Bunun nəticəsi olaraq, təhsil və idman sahəsində qısa müddət ərzində yeni uğur və nailiyyətlər əldə edilib.
Yarışda Babək qəsəbə tam orta məktəbi və Nehrəm 1, 2 və 3 nömrəli, Güznüt, Çeşməbasar kənd tam orta məktəblərinin şagirdləri güclərini sınayıblar.
Xatırladaq ki, qalib komandalar may ayının 3-də keçiri­ləcək final yarışına vəsiqə qazanıblar.

Xəbərlər şöbəsi