İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yüngül atletikanın qaçış növü üzrə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən yarışda 170 şagird iştirak edib. Oğlan və qızlar arasında keçirilən yarış şəxsi və komanda xarakterli olub. Yarışda iştirak edənlər qələbə uğrunda 100, 200, 400, 800, 1000 və 1500 metr məsafələrə qaçış üzrə mübarizə aparıblar. Komanda hesabı ilə Naxçıvan şəhərindəki 9 nömrəli tam orta məktəb birinci yerə çıxaraq muxtar respublika birinciliyinə vəsiqə alıb.
Qaliblərə Yüngül Atletika Federasiyasının hədiyyələri və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.

Xəbərlər şöbəsi