Şərur Şəhər Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında karate-do üzrə rayon birinciliyi keçirmişdir. Turnirdə 8-9, 10-11, 12-13, 14-15 və 16-17 yaş qrupları arasında 4 məktəbin komandası iştirak etmişdir. Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə muxtar respublika Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev açaraq demişdir ki, yarışın keçirilməsində məqsəd uşaqların sağlam, vətənpərvər ruhda tərbiyə edilməsinə, idmançı, məşqçi və hakimlərin ustalığının artırılmasına, uşaqların mənəvi və fiziki hazırlığının inkişafına və karate-do idman növünün inkişafına və kütləviliyinə nail olmaqdan ibarətdir.
Yarışda 120 idmançı tatami üzərində qalib olmaq üçün qüvvəsini sınamışdır.

Yarışın nəticələri isə ən çox öz çəki dərəcələrində birinci olan Mahir İbrahimovu, Emin Seyid­ovu, Azər Vəliyevi, Ümid Əliyevi və Rəşad Hüseynlini sevindirmişdir. İkinci yerə Emin Nəcəfov, Tayfur İsmayılov, Mehdi Nəzərov, Məhərrəm Mahmudov, Fərid Cəfərov, üçüncü yerə Abdul Mahmudov, Ülvi Məmmədli, Səbuhi Cəfərov, Mikayıl Cəfərov, Əli Şirəliyev, dördüncü yerə isə Əfsər Abbasov, Şamxal Nağıyev, Sahib Hüseynov, Turan Xəlilov və Əli Əliyev yiyələnmişlər.
Komanda hesabında isə Zeyvə-Düdəngə idmançıları birinci, Çomaxtur kəndinin karateçiləri ikinci, Mahmudkənd idmançıları üçüncü, cəlilkəndlilər dördüncü yerlərə sahib olmuşlar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının diplomları və hədiyyələri verilmişdir. Qaliblər mayın 7-də Naxçıvan şəhərində keçiriləcək ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş karate-do üzrə muxtar respublika birinciliyində iştirak etmək hüququ qazanmışlar.

*     *     *

Aprelin 11-də Şərur Şəhər Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilən məktəblər arasında futbol üzrə rayon birinciliyi start götürüb. 16 komandanın qatıldığı tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin metodisti Yaşar İsmayılov yarışın məqsəd və vəzifələri, təşkilatçıları barədə məlumat verib.
İlk gün Xələc-Çərçiboğan və Aşağı Daşarx-Düdəngə futbolçuları qarşılaşıblar. Çərçiboğan və Aşağı Daşarx komandaları meydançanı qalib kimi tərk ediblər. Futbol yarışı davam edir.

Cəfər ƏLİYEV