Əfsanəyə dönən ömürlər

“Mənə və mənim bölüyümə verilən tapşırığı böyük şücaətlə yerinə yetirdik. İnşallah, bu cür tapşırıqları biz işğal olunmuş torpaqlarımızda – Şuşada, Qarabağda yerinə yetirib, üçrəngli bayrağımızı işğal olunmuş torpaqlarda sancacağıq”. Onu 2016-cı ildə Aprel döyüşləri zamanı televiziyaların birinə verdiyi müsahibədən tanımışdıq. Dördgünlük Aprel döyüşləri ilə başlayan tarixi dörd ildən sonra 44 günlük Zəfərlə başa vuran qəhrəmanlarımızdan idi Ülvü Hüseynov... Zəfərin ilk təntənəsinə gedən yolda – Aprel döyüşlərindən sonra Ülvünün tək bir amalı var idi: gözü önündəcə namərd gülləsinə qurban gedən əsgərlərinin qisasını almaq. Bu düşüncə ilə yaşayan bir qəhrəmanın qisas hissi ilə alovlanan ürəyini, ancaq torpaqlarımızın azadlığından doğan sevinc hissi söndürə bilərdi. Elə belə də oldu. O bu arzudan doğan hisslərlə minlərlə qeyrətli Vətən oğulları kimi, Vətən tariximizin qəhrəmanlıq səhifəsinə şanlı tarix yazdı. 

 

...Ordubadın Sabirkəndinə doğru irəliləyir maşınımız. Bir az həyəcanlı, bir az qürurlu, bir az kədərli, bir az təlaş doluyam. Nədənsə, hər dəfə şəhid evlərinə üz tutarkən qarmaqarışıq hisslər məni ağuşuna alıb aparır. Kəndə girəcəkdə uzaqdan məğrur-məğrur dalğalanan Vətənimizin üçrəngli bayrağı bizə şəhid evindən soraq verir. Budur, başımızın üstündə qürurla göylərə ucalan bayrağın yanındayıq artıq. Maşından enib, qapıya doğru addımlayıram. Ürəyim daha da həyəcanla vurur. Astaca qapını döyüb, içəri keçirəm. Həyətdə məni bir gənc oğlan qarşılayır. Bu ev şəhid kapitan Ülvü Hüseynovun evidir? – deyə soruşuram. Sanki məndən Ülvü ilə bağlı nəsə bir xəbər alacaqmış kimi düz gözlərimin içinə baxır qardaşı Əli Hüseynov. Bəlkə, hələ də ümid edir Ülvünün sağ olduğuna... Qəzetdən gəldiyimi, Ülvünün qəhrəmanlığından yazacağımı deyirəm Əli Hüseynova. Anası Ülkər xanımı səsləyir. İçəridən nurlu simasına kədər çökmüş ağsaçlı ana gəlir. Bir an dilim quruyur, gözlərimi qaçırmağa çalışıram günahkar insanlar kimi... Əli Hüseynov bizi dağ əzəmətli ana ilə tanış edir. Şəhid anasının məğrur səsi məni özümə gətirir: Vətən sağ olsun, balam! Çox şükür ki, Ülvümün də, bütün şəhidlərin də qanı yerdə qalmadı! Şükür ki, torpaqlarımız azad edildi! Gəl bəri, gəl gedək sənə qəhrəmanın hünərlərindən danışım. Ürəyimdən keçirdiyim sözləri birtəhər özümdə güc tapıb dilimə gətirirəm: “Biz tapdalanan qeyrətimizin, ləyaqətimizin xilası üçün sizin kimi analara borcluyuq. Var olun ki, Ülvü kimi oğullar böyütmüsünüz.”
Evə keçirəm. Ülvü ilə dolu xatirələr olan bu ocaq indi onun ev-muzeyini xatırladır. Albomlar, medallar, saysız-hesabsız diplomlar, fəxri-fərmanlar, onun sevə-sevə geyindiyi hərbi formalar, ayaqqabılar... Qapıdan içəri girən kimi, evin baş tərəfindən asılmış şəkildə nur üzlü şəhidimiz məğrur, bir o qədər də təbəssüm dolu baxışlarla onun sorağına gələnlərə “Xoş gəlmisiniz”,– deyir sanki... Şəhidin şəkilləri ilə bəzənən guşəyə yaxınlaşıram. Oğlu ilə bərabər çəkdirdiyi şəkillərə baxıram. Atasına olan bağlılığı şəkillərdən hiss olunur şəhid oğulun.
Məni düşüncələrimdən Əlinin səsi ayırır. Döyüşlərin ən şiddətli anları imiş, – deyir şəhidin qardaşı. Şəhadət zirvəsi bütün qeyrətli oğullar kimi Ülvünün də arzusuymuş. Bir tərəfdən Vətən uğrunda can verib o zirvəyə yüksəlmək arzusu...
Müqəddəs Şuşa uğrunda gedən döyüşlərdə şəhid olur Ülvü Hüseynov. Şəxsi heyətdən öndə, tək, qabaqda gedib, təhlükə sovuşduqdan sonra əsgərlərini çağırarmış hər dəfə. Bu dəfə də belə olur, təpənin birində düşmən tam təmizlənir, əsgərlər təpəyə yerləşdikdən sonra Ülvü digər təpəyə tərəf gedərkən arzuladığı məqama qovuşur – şəhidlik məqamına...
Şəhidin kiçik qardaşı Hünər Hüseynov da onunla bağlı xatirələrindən danışır: Məni o qədər əzizləyər, çox istəyərdi ki, payına düşən tikəni göz-gözə vurub, anamdan gizlin mənim qabıma qoyardı. Həyətdə atamın bizim üçün düzəltdiyi turnik vardı. Mənə turnikdə çəkinməyi öyrədər, bir az çox çəkinsəm, daha da həvəslənim deyə, atama bunu, sanki böyük bir qəhrəmanlıq etmişəmmiş kimi danışardı.
Doğulduğu gün əllərini göyə açıb şükür etdiyi, min bir əziyyətlə böyütdüyü oğul payını Vətən yolunda qurban verən Möhsün atanın danışdıqca sözlər boğazında düyünlənir... Deyir ki, şəhid olmağına bir neçə gün qalmış Ülvüdən gələn zənglər kəsilir. Oğlunun şəhid xəbərini almazdan bir neçə gün əvvəl narahatlığı birə-beş artan ata özünə yer tapa bilmir, elə bil bunu əvvəlcədən hiss edir. Qəlbi Vətən eşqi ilə döyünən qəhrəmanın şəhid xəbəri gələndə isə ata hisslərinin gerçəkliyinin məyusluğunu yaşayır.
Çox ehtiyatla verdiyim “Ülvünün yoxluğundan az qala bir il ötür. Təskinliyiniz nədir? – sualına Möhsün ata əli ilə evin baş tərəfində Ülvüyə aid guşəni göstərərək “Oğlum düşməndən qisasımızı alaraq, kişi kimi, qəhrəmanlıqla vuruşaraq, bax bugünkü Qələbəmiz naminə şəhid olub. Vətən torpaqlarımızın azad olunması yəqin ki, balama da əyandır, ruhu şaddır indi”.
Gözləri Ülvünün divardan asılmış, bizə təbəssümlə baxan şəklinə dikilmiş Ülkər ana sanki hələ də onun yoxluğuna inanmır. Bir gün qapını açıb, gəlib onun boynuna sarılacağı günü gözləyir. Ülkər ana deyir ki, 3 oğul anasıyam. Ülvü ortancıl oğlum idi. “Barmağının hansını kəssən, ağrısı birdir”, – deyirlər. Düzdür, elədir, üçü də canımdan candır balalarımın. Ancaq nədənsə Ülvünü bir başqa cür sevirdim. Amma bunu digər övladlarıma bəlli etməməyə çalışardım. Bəzən, özüm-özümü danlayırdım da. Düşünürdüm ki, axı digər iki oğluma haqsızlıq edirəm... Sən demə, Ülvü təkcə mənim üçün deyil, Allah tərəfindən də seçilmiş pay imiş. Verdi, sonra da aldı apardı. Şükür edirəm, o cür qəhrəman, hünərli, cəsarətli oğlum olduğu üçün. Bir ömür fəxarət, başucalığıdır Ülvü kimi oğulun anası olmaq. Ülkər ana deyir ki, həmişə onu gec-gec görməyimdən şikayətlənərdim. İşinə qarşı o qədər məsuliyyətli idi ki. Addımını evə qoyar-qoymaz işlə bağlı zəng gələr, heç bir dəfə də alnını qırışdırmadan bir də təlaşla geri dönərdi. Elə hey şikayətlənərdim ki, ay bala, biz səni görmək üçün gəlmişik, gəl bir otur üzünü doyunca görək. Deyərdi ki, ay ana, hərbçi oturdu daha nə oldu ki... Beyləqanda xidmət edərkən ona baş çəkməyə getmişdik. Gedişimiz mart ayına təsadüf etmişdi. Elə oldu ki, işi ilə bağlı 3 gün evə gələ bilmədi. Həmin ərəfə də 8 Mart gününə təsadüf etdi. Zəng vurdu məni təbrik etdi, dedi, ay ana, məni bağışla, bu gün yanında ola bilmədim. Amma bu günün hədiyyəsini unutmuram. Sənə göydəki ulduzları hədiyyə edəcəyəm. Sənin adın olan Ülkər ulduzu isə həmin ulduzların ən gözəli olacaq. Onda elə bilmişdim ki, mənimlə zarafat edir. Ülkər ana əli ilə Ülvüyə aid guşədəki medalları göstərərək “Elə bu ulduzları deyirmiş balam”, – deyir, qəhər boğazında düyünlənir.
Elə ki sübh tezdən oldu, azan deyildi, namazımı qılıb gəlib bu guşənin yanında oturub, balamla dərdləşirəm. Sonra da özümə təsəlli verirəm, deyirəm ki, o var, yanımdadır, hiss edirəm o mənimlədir. Ağlımda, ruhumda, süfrəmin başında, evimin ən əziz yerində... Hər yerdədir, hər yerdə. Hər yer onun xatirələridir.
“O, şəhid olduqdan sonra onun əsgərləri – müharibədən geri dönən qazilər, dostları, hərbçilər, şəhid anaları bu ailəni bir gün olsun belə, tək qoymayıblar. Oğlum necə onları qoruyub, ağır-əziz edibsə, indi də onlar bizi ağır-əziz edirlər”, – deyir Ülkər ana.
Burada ortayaşlı, ağsaçlı bir kişi elə hey Ülvünün şəkillərinə tumar çəkib, şəkillərdən Ülvünü öpərək deyir ki, dayısının balası əliboş qayıtmadı, Sədərək döyüşlərində şəhid olan qardaşım Vüqar Həsənovun timsalında bütün şəhidlərin qisasını aldı. “Minlərlə qəhrəman kimi Ülvü də müqəddəs Vətənimizə zəfər gətirdi. Dadını az qala unutduğumuz qələbəni gətirdi elimizə, obamıza. İllərdir, əsir olan torpaqlarımızın yarasına məlhəm, dərdinə dərman oldular”, – deyir Ülvü Hüseynovun dayısı Əbülfəz Həsənov.
Şəhidin əsgəri Qorxmaz Hüseynov deyir ki, kapitan Hüseynov bizim bölüyün komandir heyətindən idi. Çox cəsur, mərd və təcrübəli zabit idi. İlk günlərdən komandir hamımızın diqqətini cəlb etmişdi. Danışığından, hərəkətlərindən necə vətənpərvər və alicənab insan, yüksək dünyagörüşünə, döyüş təcrübəsinə malik zabit olduğu açıq-aydın görünürdü. Şəhid olmazdan bir neçə saat öncə biz əsgərlərlə söhbətlərində deyirdi ki, tezliklə torpaqlarımızı düşmən tapdağından azad edib sağ-salamat evimizə dönək, qələbəni mütləq qeyd edəcəyik, sizə yaxşı bir qonaqlıq verəcəyəm. O bizə komandir olmayıb, böyük qardaş olub. Heç vaxt imkan vermirdi darıxmağa, sıxılmağa. Həmişə elə ab-hava yaradırdı ki, üzümüz gülsün. Döyüşə gedəndə belə, gülərüzlə, şən əhvali-ruhiyyə ilə gedirdik, deyirdi möhkəm olun. Deyirdi ki, mən Aprel döyüşlərində də iştirak etmişəm, Allah onda qismət eləmədi şəhadətə yüksəlməyi, inşallah, indi qismət eləyər. Arzuladığı kimi də oldu, əsl qəhrəman kimi döyüşərək Vətən yolunda şəhidlik zirvəsinə yüksəldi. Ülvü Hüseynov qəhrəman döyüşçü, cəsur komandir kimi ən yüksək adlara layiq zabit idi.
Haşiyə: Ülvü Möhsün oğlu Hüseynov 16 aprel 1988-ci ildə Ordubad rayonunun Sabirkəndində anadan olmuşdu. 1995-ci ildə Sabirkənd tam orta məktəbinin birinci sinfinə qədəm qoymuşdu. 2003-cü ildə isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdu. Burada oxuduğu illərdə təşəkkürnamə, Fəxri fərmanla mükafatlandırılmışdı. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 2010-cu ildə TTM-ə qəbul olmuş, 2020-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirmişdi. Orada oxuduğu illərdə bütün müəllimlərinin və yoldaşlarının sevgisini qazanmışdı. Vətən müharibəsi başladığı ilk günlərdən döyüşlərdə iştirak edib, amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq torpaqlarımızın azad olunmasında böyük hünər göstərib. Ülvü Hüseynov ötən il noyabr ayının 7-də əbədi ölməzliyə qovuşub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ülvü Hüseynov ölümündən sonra “Qarabağ” ordeni və “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Deyirlər, qəhrəmanlıq heç bir vaxt bir anın bəhrəsi ola bilməz. Bəli, biz xalq olaraq hər zaman şərəfli ölümlə fəxr etmişik, ömürboyu belə ölümlərə can atmışıq. Dediyimiz bir kəlmə söz, verdiyimiz and əlimizdən tutub, bizi ölümə aparsa belə, Vətən uğrunda bu yoldan dönməmişik. Elə Ülvünün Vətənə ülvi sevgisi də onu əlindən tutub şəhadətə yüksəltdi. Bu şəhadət isə onu tanıyan hər kəsə ömürlük fəxarət və başucalığı gətirdi.

Gülcamal TAHİROVA