Dərs ilinin başlanması ərəfəsində həmişə xəyallarım qeyri-ixtiyari olaraq məni ötən əsrin 90-cı illərinə aparır. Anamın cehiz sandığından çıxardığı parçadan mənim üçün öz əlləriylə əzizləyə-əzizləyə tikdiyi ətəyi, dayımın “uriset”dən aldığı ağ köynəyi geyinib güzgünün qarşısında dəqiqələrlə dayanıb özümü böyük sevinclə süzməkdən zövq alırdım sanki. Atamın aldığı rəngli qələmləri, kitab-dəftəri məktəbli çantama dəfələrlə götür-qoy etmişdim. Axşamdan ütülənib dolabdan asılan məktəb üçün geyinəcəyim paltarı gördükcə qəlbimi qeyri-adi sevinc, həyəcan bürüyürdü. Sabahı iplə çəkirdim, çünki sabahdan mən də məktəbli olacaqdım. Və nəhayət, səbirsizliklə gözlədiyim həmin sabah açıldı. Lap erkəndən oyanıb əl-üzümü yumadan, hələ heç kim oyanmadan dolabdan asılan paltarımı geyindim, çantamı götürüb, məni məktəbə aparsınlar deyə, ana-atamı yuxudan oyatdım. İlk müəllimim üçün həyətimizdən axşamdan dərilib, solmasın deyə, suya qoyulmuş gülləri də götürüb, atamla anamın əlindən tutub yollandıq məktəbə. Evdən məktəbə qədər uzanan yol boyunca mənim kimi məktəbə gedən uşaqların əllərindəki gül dəstələri göz oxşayırdı. Biz o zamanlar Ordubadın ucqar dağ kəndi olan Bistdə yaşayırdıq. Balaca kənd olduğu üçün, demək olar ki, hər kəs bir-birini tanıyırdı. Qarşımıza çıxanlar biz məktəbliləri təbrik edir, uğurlar arzulayırdılar. Çox sevinirdim, deyəsən, diqqət mərkəzində olmaq xoşuma gəlmişdi o gün. Məktəbin həyətinə daxil olanda bir anlıq həyəcan bütün bədənimi sardı. Ancaq xoşbəxt idim, axı o gündən artıq məktəbli olmuşdum.


Hər il məktəbə hazırlaşan şagirdləri, xüsusən birinciləri görəndə həmin günləri xatırlayıram. Unudulmaz məktəb illəri daha çox kövrək xatirələrlə doludur. Bəlkə də buna görədir ki, hər il Bilik Günü ərəfəsində qayğısız məktəb illərimi xatırladıqca, bəzən kövrəlir, bəzən də ilk dəfə qədəm qoyduğum o məktəb yolu üçün darıxıram. O illərdə bu qədər müqəddəs, bu qədər əlçatmaz olduğunun fərqinə varmadığım məktəb yolu üçün...

Bu günün şagirdləri qədər şanslı uşaqlar deyildik biz. Nə bugünkü kimi yaraşıqlı, işıqlı, hər cür şəraitlə təmin olunan sinif otaqlarında keçirdik dərsimizi, nə də belə bol çeşidli məktəb ləvazimatlarını satış mağazalarından almaq şansımız var idi, hətta pulla satılan dərsliklərin birini tapır, birini tapmırdıq. Titrək lampa işığında, odun sobasının zəif istisinə qısıla-qısıla birtəhər dərslərimizi oxuyurduq. Qışda sinifdə soyuqdan əlləri tabaşir tutmayan şagirdlərdik biz. Elə buna görə qışboyu xəstələnər, ilin çox vaxtını dərsdən geri qalardıq.

Böyüdükcə sinfimizi dəyişirdik. Amma şıltaq uşaqlığımızın nazını çəkən, “Saqqallı uşaq” timsalı qələmin iti ucuyla üzərinə izlər qoyduğumuz partalar, ağ tabaşirlə üzərinə neçə-neçə xəzinələr həkk olunan lövhələr uzun illər öz yerinə sadiq qaldı. Daha neçə-neçə şıltaq uşaqları qarşılayıb yola saldı. İllər ötdükcə köhnəlmiş lövhələrin üzərində həkk olunmuş tarixçələr də artıb, bir-birinə qarışdı. Lakin zaman keçdi, partalar, lövhələr də yerini dəyişməli oldu. Məktəbimizin binası yenidən quruldu, yaraşıqlı sinfin işıqları ilə parlayan yeni partalar balaca fidanlara qucaq açdı. Dövlətimizin diqqət və qayğısı ilə dəyişən təkcə məktəb, siniflər, partalar olmadı. İnternetli, kompüterli, telefonlu dövrümüzdə düşüncələr də dəyişdi. İndi artıq o parlaq partaya xatirələr həkk olunmur. Sözün açığı, nə qədər uşaq ağlında olursan-ol, o gözəlliyə xələl gətirməyə insanın əli gəlmir.
Bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə, məktəb binaları yenidən qurulur, hər cür şəraitlə təmin olunaraq şagird və müəllimlərin istifadəsinə verilir. Bu isə həm müəllimlərdə, həm də şagirdlərdə ruh yüksəkliyi yaradır.

Budur, yenə gəldi məktəb zamanı. Bir zamanlar bəzən şən, bəzən də kədərli addımlarla qədəm qoyduğumuz məktəb yollarını yenidən irəliləyirik. Bu dəfə tək yox. Məktəb illərinin yaddaşımızdan heç vaxt silinməyən xatirələri də bizə yolyoldaşıdır. Bir də əlindən tutub məktəbə tələsdiyimiz övladlarımız.
Yaraşıqlı, gözəl məktəb binası qapılarını yenidən şagirdlərin üzünə açır. Deyəsən, məktəb də uşaqların sevinc dolu səs-küyü üçün darıxıb. Məktəbin önündə 3 ayın susqunluğundan sonra yenidən canlanma yaşanır. Əllərində al-əlvan çiçəklərlə düzülmüş balaca fidanlar ilk dərs gününün sevincini yaşayır.
Bir azdan ilk zəng çalınacaq. Kimisi ilk dəfə parta arxasına keçməyin həyəcan və sevincini yaşayacaq, kimisi də məktəbdən ayrılacağı son aylarının kövrək hisslərinə qapılacaq. Uşaqları dərsə yola salıb, xatirələrlə dolu məktəb yolunu yenidən tərk edirəm. Eh yollar, qovuşdurduğun kimi, həm də ayrılığa aparırsan...

Gülcamal TAHİROVA