Muxtar respublikanın cənub-şərqində, Araz çayının sol sahilində yerləşən Ordubad ilin hər fəslində heyranlıq doğurur, mənzərələri könülləri isti duyğulara kökləyir. Azərbaycanın incisi, qədim Ordubad diyarı bu gün öz inkişafının yeni mərhələsini yaşamaqdadır. Rayon öz tarixi simasını saxlamaqla gündən-günə abadlaşır, yeniləşir, müasirləşir. Bölgəyə xas memarlıq ənənələri qorunmaqla yenidən qurulan binalar, yaradılan nümunəvi məhəllələr, rahat yollar, gözoxşayan parklar Ordubadın yeni simasının reallıqlarıdır. Zəngəzur dağlarının qoynuna sığınan bu rayon indi öz müasirliyi ilə yanaşı, həm də ecazkar gözəllikləri ilə buraya üz tutan qonaqları özünə heyran edir. Qədim diyar bu gün muxtar respublikanın əsas mədəniyyət mərkəzlərindən biri olmaqla, muzeylər, tarixi abidələr, parklar, fəvvarələr, yaşıllıqlar, uca çinarlar şəhəridir. 

Ordubadı addım-addım, qarış-qarış gəzdikcə möhtəşəm yeniliklərin, möcüzələr diyarının sehrkar aləminin bir daha şahidi olursan. Bu gün bu yurd yerinin sakinləri, həqiqətən də, gözləri önündə gündən-günə gözəlləşən, müasirləşən, çiçəklənən, yaşıllığa bürünən Ordubadda yaşadıqları üçün fərəh hissi keçirir, bu ecazkar gözəlliyi, inkişaf və tərəqqi fövqündə mənəvi rahatlığı onlara bəxş edənlərə minnətdarlıq duyğularını ifadə edirlər. Çünki əvvəlki illərdə olduğu kimi, geridə qoyduğumuz 2020-ci ildə də rayonun sosial-iqtisadi inkişafında yüksək göstəricilər əldə edilib, əhalinin rifah halı daha da yüksəlib.

Ordubad Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, 2020-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 60 milyon 300 min 800 manat və ya 2019-cu illə müqayisədə 1,5 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 2,6 faiz artaraq 57 milyon 751 min 800 manat təşkil edib.

Çoxsaylı abidələrlə, dini-tarixi obyektlərlə zəngin olan qədim Ordubadda bu gün 50 min nəfərdən artıq əhali yaşayır. Başını sıldırım dağlara söykəyən rayon bu gün inkişafın ağuşunda gələcəyə uğurla addımlayır. Rayon mərkəzində insanlar üçün hansı şərait yaradılıbsa, ən ucqar kəndlərdə də eyni müasir şəraitlə qarşılaşırıq. Məktəblərdən tutmuş inzibati obyektlərə qədər bütün sosial infrastrukturlar müasir və yaraşıqlı binalarla təmin olunub. Əhalinin rahat yaşayışına xidmət edən quruculuq işləri ötən il də uğurla davam etdirilib. Belə ki, Ordubad şəhərindəki möhtəşəm Bayraq Meydanının, 28 mənzilli yeni yaşayış binasının, Vənənd kəndində tikilən kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, tam orta və musiqi məktəbi binalarının, Dəstə Radio-Televiziya Ötürücü Stansiyasının, Darkənd su dəyirmanının da adı yazılıb. Həmçinin Vənənd kənd yolu yenidən qurulub, içməli su xətti, kommunikasiya xətləri yenilənib. Sözün əsl mənasında, Ordubad bu gün tikinti meydanıdır.
Ordubad-Culfa magistral yolunun çəkilməsi, Ordubad şəhərdaxili yolların və Kotam kənd yolunun yenidən qurulması, Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi, nəinki Ordubadın, bütövlükdə, muxtar respublikanın gələcəkdə daha böyük inkişafına rəvac verəcək mühüm obyektlərdir. 2020-ci ildə Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yolunun yenidən qurulması başa çatdırılıb, Nüsnüs, Unus və Yuxarı Əndəmic kənd avtomobil yollarının yenidən qurulması davam etdirilib.

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində, həmçinin Ordubad şəhərində 558 yerlik 1 nömrəli tam orta məktəbin binasında yenidənqurma işləri aparılıb. Şəhərdə stadionun tikintisi, Cümə məscidinin təmiri davam etdirilib. Eləcə də yenidən qurulan uşaq xəstəxanasında, tikilən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin rayon filialında işlər uğurla davam etdirilib. Böyüklüyünə­-kiçikliyinə fərq qoyulmadan kənd­lər də unudulmayıb. Belə ki, Nüsnüs kəndində 414 şagird yerlik yeni məktəb binası yenidən qurulub, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının tikintisi başa çatdırılıb. Yuxarı Əndəmic kəndində də kompleks quruculuq tədbirləri aparılıb.
Harada təhsil varsa, orada inkişaf davamlı olacaq, təkcə bu günün yox, gələcəyin potensialı formalaşacaq. Yaxşı təhsil ənənələrinin formalaşması Ordubadı gələcək uğurlara əmin addımlarla aparır. Hazırda rayonda 31 tam orta, 2 ümumi orta, 1 internat məktəbi, 1 peşə məktəbi və 4 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Qeyd etdiyimiz kimi, aparılan quruculuq işlərinin əsasında təhsil müəssisələrinin yenidən qurulması və müasir maddi-texniki bazanın formalaşdırılması dayanır. Bütün bunların nəticəsidir ki, hər il qəbul imtahanlarında yüksək bal toplayan ordubadlı abituriyentlərin sayı artır. Ötən il 28 məzunun 500-700 arası bal toplaması da dediklərimizi təsdiq edir.

Ordubad rayonu ənənəvi kənd təsərrüfatı bölgəsidir. Genişmiqyaslı quruculuq və sosial-iqtisadi inkişaf tədbirlərinin əhatəsində ordubadlılar sabaha daha böyük inamla yaşayır, qurub-yaradır, bol məhsul istehsal edirlər. Əvvəlki illərdə olduğu kimi, ötən il də aqrar sahədə bir sıra uğurlara nail olunub. 2020-ci ildə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına son illərdə qəbul olunmuş Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası müsbət təsir göstərib və aqrar sahənin davamlı inkişafı təmin olunub. 2020-ci ildə rayonda 46 milyon 282 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2019-cu illə müqayisədə 5,2 faiz çoxdur.
Məhsul istehsalına gəldikdə isə 2020-ci ildə rayonda 1994 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 5630 ton məhsul, o cümlədən 731 hektar sahədən 2098 ton buğda, 1073 hektar sahədən 3037 ton arpa, 190 hektar sahədən 495 ton dənli-paxlalılar, 580 hektar sahədən 8573 ton kartof, 618 hektar sahədən 5316 ton tərəvəz, 15 hektar sahədən 108 ton bostan məhsulları, meyvə bağlarından 5200 ton meyvə, üzüm bağlarından 301 ton məhsul yığılıb. Bu diyarın torpağı meyvəçilik üçün çox əlverişlidir. Əbəs yerə deyil ki, əzəldən bəri Ordubad meyvəçilik üzrə böyük şöhrətə malikdir. Sakinlər də bu sahədə zəngin təcrübə qazanıblar. Hazırda Ordubadda 745 hektarlıq meyvə bağları mövcuddur ki, onun 721 hektarı barverəndir. Ötən il meyvə bağlarından 5200 ton məhsul yığılıb.
Bağlar diyarı Ordubadda ekoloji tarazlığın qorunması hər zaman diqqət mərkəzində saxlanılıb. Buna görədir ki, hər il rayonda yeni yaşıllıq zolaqları yaradılır, mövcud yaşıllıqlara aqrotexniki qulluq davam etdirilir.
Torpağa çəkilən zəhmətin itməməsi ilə əlaqədar vacib amillərin önündə suvarma suyu dayanır. Meliorasiya və irriqasiya vəziyyətinin yaxşılaşdırılması məqsədilə mövcud nasos stansiyalarında təmir işləri vaxtlı-vaxtında aparılır, kanal və arxların lildən təmizlənməsi diqqətdə saxlanılır. Eləcə də sakinlərin içməli suya tələbatı etibarlı şəkildə ödənilir. Rayonda qurulan sutəmizləyici qurğular kompleksinin bu baxımdan mühüm əhəmiyyəti var.
Rayonda sağlam mənəvi-psixoloji mühit, işgüzar və mütəşəkkil ab-hava mövcuddur. Çünki bütün sahələrin inkişafı diqqətdə saxlanılır, məskunlaşma dinamikası artır. 2020-ci ildə görülmüş işlər əhalinin məşğulluq məsələlərinin həllinə də öz təsirini göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası rayonda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb. 2020-ci ildə rayonda 25 yeni iş yeri açılıb.

Ümumiyyətlə, Ordubad ecazkar mənzərələri, qədim məhəllələri, tarixi abidələri, qocaman çinarları ilə bənzəri olmayan bir diyardır. Rahat yolları, müasir sosial obyektləri və bir də əhalinin qurub-yaratmaq əzmi və zəhmətsevərliyi bu diyarın gözəlliklərinə hər il yeni naxışlar vurur, hüsnünü yeni çalarlarla bəzəyir. 2020-ci ildə hüsnünə yeni gözəlliklər qatan Ordubad gələcəyə daha böyük uğurlarla addımlayır.

 Gülcamal TAHİROVA