Geridə qoyduğumuz il nələrlə xatırlanacaq


Bütün dünyanı “Bitsin artıq!”, – deməyə vadar edən tarixin 2020-ci səhifəsini artıq bağlayırıq. Bu səhifəyə nələr yazılmadı ki? Dünyanı cənginə alan pandemiya, ilboyu ardı-arası kəsilməyən yanğın, zəlzələ, təbii və antropogen fəlakətlər, minlərlə insan ölümü... Məhz buna görə də dünya mətbuatını araşdırarkən 2020-ci ilin “Fəlakət ili” elan edildiyinin şahidi oluruq. Dünya 2020-ci ilə, təlatümlü bir dövrə qədəm qoymuşdu. Avstraliyada yanğın fəlakəti ilə başlayan il qlobal fəlakətlə davam etdi. Bütün dünyaya yayılmağa başlamış pandemiya 2 milyona yaxın insanın ölümünə səbəb oldu, yüzlərlə dünya və Avropa səviyyəli tədbirlər bu səbəbdən təxirə salındı. 

 Bir sözlə, 2020-ci il bəşər tarixində dünya ölkələrinin bir-birindən təcrid olunması və pandemiyaya qarşı birləşməsi ilə yadda qalacaq. Bütün dünya iqtisadi çətinliklər, turizm sektorunun geriləməsi, maddi itki və insan tələfatı ilə bağlı bu ilin uğursuz olduğunu vurğulayır. 

Ancaq Azərbaycan xalqı, şübhəsiz, yeganə xalqdır ki, bu ili sevinc, fərəh və qürur hissi ilə tarixinə yazdı. Bu il 30 illik torpaq həsrətimizə son qoyduq, Azərbaycan “Dəmir yumruq” əməliyyatı ilə Türk dünyasının qüruruna çevrildi. Qarabağ, eləcə də Şuşa sevdalı müzəffər Azərbaycan Ordusu ili xalqımız üçün Zəfər ilinə çevirməklə möhtəşəm notlarla tamamladı, “QARABAĞ AZƏRBAYCANDIR!” reallığını bütün dünyaya çatdırdı.

Bütün təzyiqlərə baxmayaraq, qüdrətli Azərbaycan xalqı öz əzmini, həmrəyliyini, birliyini sübut etdi. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında böyük xalqımız və qüdrətli Ordumuz həmrəylik nümayiş etdirdi, dəmir yumruq kimi birləşərək ölkəmizə bütövlük, xalqımıza məğrurluq qazandırdı. Qəhrəman övladlarımız canları, qanları bahasına xalqımızın haqq səsini yüksəltdi, 44 günlük qısa bir zamanda düşmən üzərində Böyük Qələbə qazandı. İndi artıq Qarabağımız azaddır, Azərbaycanımız tamdır. Şanlı üçrəngli bayrağımız 30 ilə yaxındır, həsrətini çəkdiyimiz, azadlığını arzuladığımız o müqəddəs torpaqlarda vüqarla dalğalanır.
Dekabrın 10-da xalqımız qələbəsini Zəfər paradı ilə qeyd etdi. 30 ilə yaxın bir dövr ərzində işğal altında olan tarixi torpağını azad edən müzəffər Ordu öz Zəfər paradı ilə bu gün Cənubi Qafqazda ən qüdrətli, müasir, güclü ordu olduğunu bütün dünyaya nümayiş etdirdi. Şuşaya sancılan Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikası qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi. 2020-ci il Azərbaycana Zəfər ucalığı, Ermənistana məğlubiyyət damğası, bir sözlə, Azərbaycanın qətiyyətli siyasətinin təntənəsi timsalında dünyaya ədalət möhürünü həkk etdirdi. Xalqımız bu Zəfər münasibətilə müzəffər Ordusunu salamlamağa, onun əzminə tamaşa etməyə çıxdı. Ermənistanda isə bir aydan çox davam edən məğlubiyyət, rəzalət və itaətsizlik yürüşü davam edir.
2020-ci il həm də dünyaya inkişafın Naxçıvan modelini də bəyan etdi. Bu, elə bir modeldir ki, pandemiya, blokada demədən öz inkişaf axarını müsbət tendensiyada davam etdirir. Ümummilli lider Heydər Əliyev yoluna sədaqət fonunda aparılan islahatlar ötən illərlə müqayisədə muxtar respublikada bütün sahələrin inkişafını təmin etdi, dünyanı öz ağuşuna alan pandemiyanın təsirlərindən maksimum şəkildə xilas ola bildik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dekabrın 30-da keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasındakı məruzəsində də qeyd etdiyi kimi, 2020-ci ildə pandemiyanın yaratdığı mənfi təsirlərə baxmayaraq, muxtar respublikada əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olmuşdur. Onun bir nəfərə düşən həcmi 6 min 310 manat təşkil etmişdir ki, bu da 2019-cu ildəki göstəricidən 1,8 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşmüşdür. Genişmiqyaslı infrastruktur quruculuğu, iqtisadiyyatın çoxşaxəli inkişafı, minlərlə yeni iş yerlərinin açılması... Bu göstəricilər doğma Naxçıvanımızın son 25 ildəki reallıqlarıdır. Diyarımızı başdan-başa əhatə edən tikinti-quruculuq tədbirləri 2020-ci ildə də geniş vüsət aldı. Cari ilin quruculuq salnaməsinə yeni səhifələr yazıldı. Ordubad rayonunun Vənənd, Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir, Qarabürc, Culfa rayonunun Camaldın kimi bir sıra kəndlərində müasir sosial obyektlər tikilib istifadəyə verildi, yaşayış məntəqələri müasir və abad görkəminə qovuşdu. Quruculuq, abadlıq, yeniləşmə tədbirləri muxtar respublikanın böyük bögələrindən biri olan Babək rayonunu da əhatə etdi, rayon mərkəzi Babək qəsəbəsi şəhər, Nehrəm və Cəhri kəndləri isə qəsəbə statusları aldı.

Bu il 90 yaşını qeyd etdiyimiz Culfa rayonu da aparılan quruculuq işlərindən öz nəsibini aldı. Culfa şəhərində avtomobil yolları, küçə və prospektlər müasir görkəmə qovuşdu, 11 yaşayış binası yenidən quruldu, Təhsil Şöbəsi və Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi üçün yeni binalar istifadəyə verildi. Naxçıvan şəhərində Sahil Parkı istirahət məkanı, Ordubadda gözəlliyi ilə seçilən Bayraq Meydanı və onlarla digər yeni quruculuq ünvanları 2020-ci ilin doğma Naxçıvanımıza gətirdiyi töhfələrdəndir. Bir sözlə, muxtar respublikanın bütün bölgələrində sadalamaqla bitməyən mühüm quruculuq işləri reallaşdırıldı. Başqa sözlə, Naxçıvanın müasir yaşayış məntəqələri sırasına qoşulan kənd və qəsəbələrimizin sakinləri 2020-ci ili qürur və sevinc ili kimi xatırlayacaq.
2020-ci il həm də ölkəmizdə “Könüllülər ili” kimi yadda qaldı. İl ərzində muxtar respublikada könüllü gənclərin iştirakı ilə çoxsaylı tədbirlər həyata keçirildi. Dövlətimizin onların fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclər əsas qüvvəyə çevrilib. Bu gün muxtar respublika gəncləri cəmiyyətin bütün sahələrində fəallığı ilə seçilir. Bu mənada, gənc könüllüləri, xüsusilə vurğulamaq istəyirəm. Onlar il ərzində onlarla ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər tədbirlərin həyata keçirilməsində təşəbbüskar kimi fəallıq göstərib, startap layihələri ilə yenilikçi qüvvə kimi çıxış ediblər. “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı olmuş məktəblilərimiz əldə etdikləri nəticələrlə beynəlxalq müsabiqələrin qalibi olublar.
Aparılan inkişaf strategiyasından Naxçıvan səhiyyəsi də öz payını alıb. Son illər səhiyyə sahəsinin sürətli inkişafı naminə ardıcıl tədbirlər görülür. Bu il də səhiyyə quruculuğu sahəsində mühüm işlər həyata keçirilib, şəhər və rayonlarda icbari tibbi sığortanın tətbiqi üçün müasir səhiyyə sistemi qurulub. 2020-ci il Naxçıvanda səhiyyə turizminin ən mühüm ünvanlarından olan Duzdağ Fizioterapiya Mərkəzinin də fəaliyyəti genişləndirilib, mərkəz üçün yeni inzibati bina tikilib istifadəyə verilib. İnsanların şəfa, ümid yerinə çevrilən belə çoxsaylı mineral müalicə ocaqlarımızdan biri olan Darıdağ Arsenli Su Müalicəxana kompleksinin, Naxçıvan şəhərində yeni hospital binasının inşası davam etdirilir.
Geridə qoyduğumuz 2020-ci il həm də muxtar respublikada “İxrac ili” kimi yadda qaldı. Bu da əbəs yerə deyil. Çünki muxtar respublikamızda sahibkarlığın, eləcə də ailə təsərrüfatlarının fəaliyyətinin genişlənməsi diqqət mərkəzindədir. Hər il ailə təsərrüfatçılarına dəstək göstərilir, yeni təsərrüfat sahələri yaradılır. Bunun da nəticəsində cari ildə muxtar respublikada istehsal olunan yerli, keyfiyyətli və ixrac potensiallı məhsulların siyahısı daha da genişlənir. Diyarımızda istehsal olunan məhsullarımız nəinki muxtar respublikadakı festival və sərgi-satışlarda, ölkəmizdən kənarda da təmsil olunur, “Naxçıvan” brendi dünya ictimaiyyətinə çatdırılır. Gəlin bir daha faktlara nəzər salaq. Geridə qoyduğumuz 2020-ci ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 450 milyon 839 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 86 faizi, yaxud 387 milyon 540 min Amerika Birləşmiş Ştatları dolları ixracın payına düşmüş, 324 milyon 240 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Yola saldığımız il biz jurnalistlər üçün də tarixə yazıldı, mediamızın inkişafında yeni bir mərhələnin başlanğıcının qoyulduğunu bir daha təsdiqlədi. Əsas yaddaqalan nüanslardan biri də, məhz milli mətbuatımızın 145 illik yubileyinin ölkəmizdə, xüsusilə də muxtar respublikamızda yüksək səviyyədə qeyd edilməsi oldu. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin əməkdaşları da səmərəli fəaliyyətlərinə görə təltif edildi, Naxçıvan Dövlət Tele­viziyasının gənc əməkdaşları mənzil­lə təmin olundu.
Xülasə, dünyanın “Fəlakət” adlandırdığı 2020-ci il Azərbaycan tarixi üçün qızıl ildir. Dünyada 2020-ci ildə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası kimi inkişaf edən, nailiyyət qazanan ikinci bir ölkə, diyar olmadı. Vidalaşdığımız il Böyük Zəfər ili oldu. Qarabağda tarix yazan qəhrəman şəhidlərimizin xatirəsini əziz tutaraq 2021-ci ilə nikbin notlarla qədəm qoyuruq. İnanırıq ki, 2021-ci il də ölkəmizdə böyük quruculuq ili kimi yadda qalacaq. Vandalizm əməlləri törədən düşmənin 30 il ərzində viran etdiyi Qarabağımızın yaşayış məntəqələrini biz qısa zaman ərzində bərpa edəcək, bu torpaqları əsl sahibləri öz həyatlarına davam edəcəklər. Şərqin qapısı Naxçıvan yeni nəqliyyat kommunikasiyalarının inşası ilə dünyaya yenidən açılacaq. Çünki biz ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini davam etdirən müstəqil dövlətimizlə həmrəyik. Çünki biz qalib və qurucu xalqıq!

 Gülcamal TAHİROVA