Başı göy qübbəsinin dərinliklərinə uzanan, cəsarət andıyla şəhidlik məqamının vəhdətindən ucalan, hər daşına, qayasına şanlı tarix hopan, ölümün gözünə dik baxan oğulları ilə öyünən, qürur duyan, uğrunda şəhid olanların qanıyla əbədiliyə boy atan igid-ərənli Vətən...
Bir vaxtlar tar-mar olan, bomboş səhralığa məhkum edilən, talanan, bölünən, parçalanan, həsrətdən, nisgildən köksü qiymə-qiymə doğranan Vətən...

Mübarizləri, Poladları, Şükürləri, Eldarları, Raqibləri, Asifləri, Yaqubları, Rasimləri, Ramizləri, Canpoladları, Əbdülməcidləri, Müşfiqləri, Ziyaları, Muradları, Samirləri, Təbrizləri, daha neçə-neçə Milli Qəhrəmanları, generalları, hərbçiləri, komandirləri, hər biri bir elin, bir obanın arxa-dirəyi olan igidləri, geridə qoyduqlarını düşünmədən ölümə atılan fədailəri, körpə balalarının gözlərindəki sevinci əbədi dondurub, neçə-neçə anaların arzularını qəlbində soldurub “Vətən sağ olsun”, – deyərək torpağının bağrına köçənləri anatək qoynunda uyudan Vətən...
Gözün aydın, Vətən! Çoxdandır, arzusunda olduğun qələbə bu gün müzəffər Ordunun şücaəti, cəsarəti, yenilməzliyi, qorxmazlığı ilə müşayiət edilir. İndi haqq qalib gəlir, bir zamanlar haqq səsini içində boğan nadanlar indi güclü, iradəli, əzmli dövlətinin, ordunun, xalqının qarşısında acizdir.
Zəfərin mübarək, Vətən! İndi bütün dünya səndən danışır, indi ərazilərinin qisməti dəyişir, səndən ayrı düşən müqəddəs torpaqların havanla, suyunla böyütdüyün igid oğullarının qüdrətiylə yenidən sənə dönür. Sən yenidən doğulursan, böyüyürsən, bütövləşirsən. Ərənlərin yağı düşmənin başına od ələyir, canını alır. Qorxmaz, hünərli oğulların əzəldən bəri yeri, yurdu olmayan, kiçik bir tayfa ilə özünə dövlət yaratmaq xəyalına xidmət edən, dədə-baba yurdumuzdan özünə torpaq qəsb etməyə çalışan, sərvətinə göz dikən yağı düşməninə gözdağı verir, qarış-qarış, addım-adım qovuşdurur müqəddəs torpaqlarını sənə! İgidlərin o qədər şərəfli yolda addımlayır ki, qalibiyyət sevincinin məğrurluğunu, qürurunu heç bir sözlə ifadə edə bilmirik. Bu gün artıq bir aydan çoxdur ki, sənin savaşındayıq. İnanırıq dövlətimizə, dövlətimizin ətrafında sıx birləşən xalqımıza, ordumuza, əsgərimizə. Bayrağımıza sarılaraq, ordumuza arxalanaraq gedəcəyik sənin ayrılmaz parçan olan bağrı yara Qarabağa, yarasını sarmaq üçün... Darıxma, Vətən! Azacıq səbir et, bəxtinə düşmən əli ilə qara günlər yazılan Qarabağının ağ günə çıxacağı, Böyük Qələbənin əsrlərboyu tarixin parlaq səhifələrinə şanlı dastan olacağı gün uzaqda deyil!
Əsrlərdən bəri müxtəlif dövrlərdə ərazilərindən hissə-hissə qoparılan, illərin həsrətini, аğrısını, əzаbını ürəyində dаşıyаn, аmmа əyilməyən, sınmаyаn, ruhdаn düşməyən, ümidi tükənməyən, torpağını yağı düşmənin tapdağından sıyırıb çıxarmağa can atan Vətən...

 Gülcamal TAHİROVA