Müasir dövrdə rabitə və informasiya texnologiyalarının qarşısında duran əsas məsələlərdən biri də əhalini keyfiyyətli teleradio yayımları ilə təmin etməkdir. Son illərdə muxtar respublikamızda bu  sahədə mühüm addımlar atılıb, müasir texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılıb. Görülən işlərin nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teleradioların, eləcə də ölkə və dünya televiziya və radiolarının yayımı muxtar respublikanın yaşayış məntəqələrinin 100 faizini əhatə edir. Bu məqsədlə Duzdağ, Ordubad və Şərurda Radio-Televiziya Ötürücü stansiyalarında müasir texnologiyalara əsaslanan radio-televiziya ötürücü sistemləri quraşdırılıb. 

Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində yayımlanan DVB-T standartlı rəqəmsal televiziya proqramlarının və FM bandlı radio proqramlarının yayım əhatə dairəsinin genişləndirilməsi, efir məkanının keyfiyyətli və dayanıqlı yayımla təmin olunması üçün də müntəzəm olaraq işlər görülür. Təsadüfi deyil ki, məhz Cənubi Qafqazda SFN təkkanallı rəqəmsal televiziya şəbəkəsi ilk dəfə muxtar respublikamızda tətbiq olunub. Hazırda Naxçıvan ərazisi 50 ədəd rəqəmsal verici vasitəsilə 100 faiz rəqəmsal yayımla təmin olunub. Eyni zamanda 10 radio proqramı rəqəmsal paketin tərkibində izləyicilərə təqdim edilir.

Vurğulayaq ki, ölkədə ilk HD formatda yayımı təşkil edilən Naxçıvan Dövlət Televiziyasının IP və internet televiziyaları üzərindən HD formatında yayımı təmin olunub. Bununla da doğma kanalımızın yüksəkkeyfiyyətli yayımı muxtar respublikanın bütün ərazilərində, eləcə də dünyanın istənilən məkanında izləyicilər üçün əlçatan olub. Bu isə muxtar respublikanın informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynayır.

Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsdə yeni texnologiyalar tətbiq olunmaqla xidmət səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyasında “Azad Azərbaycan” Müstəqil Tele­radio Kompaniyasının proqram verilişlərinin yayımlandığı “Elektronika Mira” markalı radio­verici İtaliyanın ELENOS firmasının istehsalı, çıxış gücü 1 kvt olan müasir və yüksəkkeyfiyyətli radioverici qurğu ilə əvəz edilərək istismara verilib. Təbii ki, bu kimi uğurlu nəticələrin qazanılmasında informasiya və rabitə sahəsinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması mühüm əhəmiyyət daşıyır, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni imkanlar yaradır. Ötən dövrdə kənar ölkələrdən daxil olan tezlik interferensiyası nəticəsində yayım keyfiyyəti aşağı düşmüş Badamlı, Türkeş, Aşağı Buzqov, Gərməçataq azgüclü televiziyaverici stansiyalarının fəaliyyətlərinin bərpa olunması üçün aşağı səs-küy gücləndiricisi (LNA) avadanlığının filtrləri Azərbaycan Respublikası Televiziya və Radio İstehsalat Birliyinin laboratoriyasına göndərilərək tezlik diapazonları tənzimlənib, stansiyaların 41-ci televiziya kanalının (ASI) rəqəmsal giriş qəbul paketi üzərindən yayımı bərpa edilib. Bununla yanaşı, muxtar respublikada rəqəmsal yayıma keçid üçün əhalinin maarifləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Televiziya və Radio Verilişləri Redaksiyasının DVB-T standartlı rəqəmsal efir yayımının əhali arasında təbliği ilə əlaqədar hazırladığı videoçarx Naxçıvan Dövlət Televiziyası və Kanal 35 televiziyası, eləcə də sosial şəbəkələrdə yayımlanır.

Naxçıvan Muxtar Respublikası ərazisində televiziya və radio yayım keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Adıçəkilən publik hüquqi şəxsdən aldığımız məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisində televiziya və radio yayım keyfiyyətinin yüksəldilməsinə dair Tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən may-iyun aylarında Şərur, Culfa, Babək və Ordubad rayonları ərazisində texniki-normativ tələblərə uyğun olaraq radio və televiziya kanallarının efir keyfiyyətinin yoxlanması üçün monitorinqlər aparılıb, qeydə alınan çatışmazlıqlar aradan qaldırılıb. Payız-qış mövsümü ilə əlaqədar qrafik üzrə generator və güc mənbələri (UPS), stabilizator və monitorlara, eləcə də digər texniki avadanlıqlara baxış keçirilib, parametrlər diqqətdə saxlanılıb. Bununla yanaşı, Ordubad və Şərur Radio-Televiziya Ötürücü stansiyalarının hər birində 150 metrlik, Duzdağ Radio-Tele­viziya Ötürücü Stansiyasında 74 metrlik və mərkəzin həyətindəki 30 metrlik qüllələrdə yüksək hündürlüklü maneələrin nəzərə alınması məqsədilə 9 ədəd yeni müasir standartlara cavab verən xəbərdarlıq işıqlandırma sistemi yenidən quraşdırılıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsi Radio-rele və IP tele­viziya xidmətinə nəzarət heyətində DVB-T standartlı efir siqnallarının monitorinq olunması üçün “Microtower PC HP 290G2” tipli serverin bazasında “Multiview” sistemi istismara verilib.
Görülən işlərdən belə qənaətə gəlmək olar ki, dövlət qayğısı ilə tam əhatə olunmuş Naxçıvan Muxtar Respublikası “Radio-Tele­viziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs bu sahəyə göstərilən dövlət qayğısından bəhrələnərək öz fəaliyyətini bundan sonra da nümunəvi təşkil edəcək.

 Gülcamal TAHİROVA