Gəlin unutmayaq ki, insan təbiətlə bir bütövlük təşkil edir. Təbiət və onun bəxş etdiyi nemətlər olmazsa, canlılar üçün yaşamaq şansı da qalmaz. Buna görə də ətraf mühitin mühafizəsi hər zaman bəşəriyyətin ümdə vəzifələrindən biri olaraq qalır. Gələcək nəsillərin sağlamlığının qayğısına qalmaq naminə təbiəti qorumalı, onu məhv olmaqdan xilas etməliyik.

Qloballaşan dünyamızda iqtisadi münasibətlərin sürətli inkişafı insanların rifah halını yaxşılaşdırsa da, təəssüf ki, müasir texnoloji tərəqqi əsrində ən ali varlıq sayılan bəşər övladının etinasızlığı böyük ekoloji problemlərin yaranmasına səbəb olur. Ümumbəşəri bəlaya çevrilən ekoloji problem isə sərhəd tanımayaraq hamımızın ümumi evi sayılan dünyamızı bütünlüklə əhatə edir və hər kəsi düşündürür. Buna görə də belə problemlərin həlli qlobal xarakter daşıyır. 

Azərbaycan dünya ölkələri içərisində bu vacib məsələnin həllində hər zaman qabaqcıl mövqe göstərib. Ötən dövrdə Azərbaycanla bir sıra beynəlxalq təşkilatlar arasında ekoloji problemlərin həllinə dair mühüm sazişlər imzalanıb. Belə ki, planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, onların qorunması, bərpası məqsədilə əməkdaşlığın qurulması və dövlətlərarası birgə fəaliyyətin təmin edilməsi üçün ölkəmiz, ümumilikdə, 25-dən çox ekoloji konvensiyaya qoşulub.

Zəngin təbiəti, biomüxtəlifliyi ilə seçilən Naxçıvan Muxtar Respublikasında da əlverişli ekoloji mühitin yaradılması sahəsində ardıcıl tədbirlər görülür. Diyarımızdakı təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsi əlverişli ekoloji mühitin formalaşdırılmasında mühüm amildir. Bu məqsədlə xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu”, 2009-cu ildə isə “Arpaçay” Dövlət Təbiət yasaqlıqlarının yaradılması diyarımızda ekoloji tarazlığın və biomüxtəlifliyin qorunmasına, bir sözlə, ətraf mühitə qayğıya nə dərəcədə önəm verildiyini təsdiq edir. Prezident cənab İlham Əliyevin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması isə təbiəti mühafizə ilə bərabər, ekoturizmin inkişafına da əlverişli imkanlar açıb.
Görülən işlərin nəticəsidir ki, beynəlxalq ekoloji təşkilatlar tərəfindən muxtar respublikada həyata keçirilən tədbirlər yüksək qiymətləndirilir. Belə ki, muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Yeri gəlmişkən vurğulayaq ki, muxtar respublika ərazisinin 27 faizə qədəri xüsusi mühafizə olunan təbiət ərazilərinə daxil edilməsi özlüyündə mühüm bir göstəricidir. Müqayisə aparsaq, görərik ki, inkişaf etmiş ölkələrdə bu göstərici yalnız 15 faizə qədər təşkil edir.

Təbiidir ki, kəskin kontinental iqlim şəraiti muxtar respublika ərazisində yaşıllıqların təbii imkanlar hesabına artmasına mənfi təsir göstərir. Buna görə də son illər meşələrin qorunması ilə bərabər, yeni yaşıllıqların, meyvə bağlarının salınması istiqamətində mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu öndərimizin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulub. Həmin illərdə blokadanın çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində ağacəkmə kampaniyaları keçirilib, suvarma şəraitinin yaxşılaşdırılması işlərinə başlanılıb, təbiətin, yaşıllıqların qorunması və bərpası işlərinə diqqət artırılıb. Ulu öndərimizin bu istiqamətdə apardığı işlərin sonrakı illərdə də uğurla davam etdirilməsi nəticəsində muxtar respublikanın flora ehtiyatları dəfələrlə artıb. Müqayisə üçün qeyd edək ki, 1995-ci ildə muxtar respublikada yaşıl örtük 0,6 faiz idisə, ötən dövrdə həyata keçirilən ekoloji tədbirlər nəticəsində bu, 24 faizə çatdırılıb.
Yaşıl örtüyün, meşələrin ərazisinin genişləndirilməsi həm də fauna zənginliyinə zəmin yaradır. Yaşıllaşdırma tədbirləri ilə yanaşı, ova qadağaların qoyulması Naxçıvanda faunanın da zənginləşməsinə, nəsli tükənməkdə olan nadir heyvan və quş növlərinin qorunmasına və sayının çoxaldılmasına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin və ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ekoloqlar muxtar respublika ərazisində mütəmadi monitorinqlər aparır, nəticələrə uyğun ekoloji, bərpa və maarifləndirici tədbirlər görürlər. Bu işlər ilboyu mövsümi xarakter alaraq həyata keçirilir. Heyvanlar aləminin mühafizəsinə təbii ki, qış aylarında daha çox zərurət yaranır. Topraq sahəsinin və bitki örtüyünün qarla örtülməsi bir çox heyvanlar üçün yem əldə olunmasında müəyyən çətinliklər törədir. Qış mövsümündə xüsusi mühafizə olunan təbiət ərazilərində bilavasitə heyvanların sıx məskunlaşdığı və eyni zamanda miqrasiya etdiyi ərazilərdə biotexniki tədbirlər həyata keçirilir. Nazirlikdən aldığımız məlumata görə, hazırda xüsusi mühafizə olunan təbiət ərazilərində flora və faunanın qış aylarında qorunması, heyvan və quşların yemə olan tələbatlarının qismən ödənilməsi üçün tədbirlər davam etdirilir. Bu məqsədlə 1000 kipdən artıq qaba yem, 1700 kiloqram daşduz tədarük edilib. Toplanmış qaba yem və daşduz vaxtlı-vaxtında müvafiq sahələrə daşınıb zəruri olan yerlərə yığılır. Bu isə vəhşi faunanın qış fəslindən sağlam çıxmasına münbit şərait yaradır. Biotexniki tədbirlərin keçirilməsi üçün yerlər mühafizə işçiləri tərəfindən əvvəlcədən müəyyənləşdirilir. Əsasən, vəhşi heyvanların miqrasiya etdiyi ərazilər seçilir. Bu da onların bir ərazidən digər ərazilərə köçməsinin qarşısını alır.
Böyük təbiətşünas-alim, akademik Həsən Əliyev deyirdi: “Təbiətin keşiyini çəkmək üçün söz silahının gücündən istifadə etmək lazımdır”. Doğrudan da, bu belədir. Ekoloji təhlükəsizliyin təmin olunmasında bizim hər birimiz yaxından iştirak etməliyik. Buna görə də insanlar arasında mütəmadi maarifləndirici tədbirlərin keçirilməsi vacib məsələdir. Naxçıvanda bu amil nəzərə alınaraq aparılan işlərin nəticəsi isə göz qabağındadır. Bütün muxtar respublika sakinləri illərdir, təbiətin qorunması işlərində yaxından iştirak edir, yaşıllıqlar salır, ekoloji tarazlığın bərpa olunmasına öz töhfələrini ­verirlər.

Hər birimizdə ətraf mühiti qoruma mədəniyyətinin, şüurunun olması dünyamızın bu günü və sabahı üçün çox əhəmiyyətlidir. Sağlam bir dünyada yaşamaq üçün sağlamdüşüncəli cəmiyyət formalaşdırmaq şərtdir. Hansı yaşda olmağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, hər birimiz bilməliyik ki, təmizliyinə ciddi yanaşmadığımız, əhəmiyyət vermədiyimiz ətraf mühit bizə ancaq ziyan verir. Ona görə də hər kəsin ekoloji mövzuda maarifləndirilməsi lazımdır. Qeyd etdiyimiz kimi, dövlətimiz bu sahədə təşəbbüskarlıq nümayiş etdirərək təbiətin, ətraf mühitin qorunması, bir sözlə, sağlam həyatın təmin olunmasında davamlı işlər görür. Biz də belə işlərdə vətəndaşlıq mövqeyi göstərməklə gənc nəsli bu ruhda böyütməliyik. Övladlarımıza ətraf mühiti qorumaq şüurunu aşılasaq, gələcəyimiz də əmin əllərdə olar.

 Gülcamal TAHİROVA