Tarixin yadigarları onu yaradan xalqın gələcək nəsillərə əmanət etdiyi ən etibarlı mənbələrdir. Belə dəyərli mənbələrin saxlanc yeri isə muzeylərdir. Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından muzeylər böyük əhəmiyyətə malikdir. Hazırda muxtar respublikamızda qədim diyarımızın zəngin tarixini, mədəniyyətini özündə əks etdirən onlarla mədəniyyət müəssisəsi var. Belə müəssisələrdən biri də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyidir.

Öncə onu qeyd edək ki, bu gün muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirlərindən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də öz payını alıb. Yenidən qurulan muzey ötən il dekabr ayının 20-də muxtar respublika rəhbərinin iştirakı ilə istifadəyə verilib. Biz də muzeyin yeni binası ilə yaxından tanış olmaq məqsədilə üz tutduq Şərur rayonuna.
Burada olarkən muzeyin direktoru Nuran Əliyev dedi ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər görülür. Yeni muzeylər yaradılır, muzey fondları zənginləşdirilir, qədim diyarımızda tarixi abidələrin bərpasına daim diqqət göstərilir. Yaxın zamanlarda yenidən qurularaq istifadəyə verilən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası da bu diqqət və qayğının bariz ifadəsidir.
Söhbət əsnasında öyrənirik ki, 1978-ci ildə rayon mədəniyyət şöbəsinin nəzdində ictimai əsaslarla yaradılan muzey 1980-ci ildə ulu öndər Heydər Əliyevin bu sahənin fəaliyyəti ilə bağlı müvafiq sərəncamından sonra dövlət müəssisəsi kimi fəaliyyətə başlayıb.

İnsan düşüncələrini qədimliklə müasirliyin vəhdətində qovuşduran muzey binasını seyr edərkən Nuran müəllimin söylədiyi maraqlı məlumatlarla bağlı qeydlərimi də aparıram. Direktor deyir ki, rayon ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən, maddi-mədəniyyət nümunələri ilə zəngin olan muzey 3 mərtəbədən və 2 ekspozisiya zalından ibarətdir. Tarixin dərin qatlarından soraq verən muzeydə 7300-dən çox eksponat qorunub saxlanılır. Nuran Əliyev bizi nümayiş olunan eksponatlarla tanış edərkən muzeyin 2-ci mərtəbəsində yerləşən birinci ekspozisiya zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan guşənin qarşısında dayanıb, ulu öndərin ölkəyə rəhbər­liyi dövründə Şərur rayonuna səfərləri zamanı çəkilmiş foto­şəkillərini maraqla izləyirik.
Digər bir guşədə də nümayiş olunan maddi-mədəniyyət nümunələri olduqca diqqətçəkicidir. Muzeyin direktoru deyir ki, bu eksponatlar eramızdan əvvəlki dövrlərə aiddir və Şərur rayonunun qədim tarixini özündə əks etdirir. Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan, Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Eneolit və Erkən Tunc dövrlərinə aid edilən Ovçular təpəsi ən qədim yaşayış məskənlərindən biridir. Muzeydə həmin ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən eramızdan əvvəl V minilliyə aid saxsı küpə, qədim insanlar üçün inanc xarakteri daşıyan eramızdan əvvəl IV-III min­illiklərə aid daş bütlər, eramızdan əvvəl IV-III minilliklərə aid daş əmək alətləri, daş dəstəklər, gürzlər, eramızdan əvvəl IV-II minilliklərə aid olan daş həvəngdəstə və digər eksponatlar yer alır. Bütün bunlar sirli-soraqlı tarixin dərin qatlarından xəbər verir. Ovçular təpəsində aşkar edilən boyunbağı Cənubi Qafqazda ən qədim zinət əşyası hesab olunur.
Nuran müəllim Şərur rayonu ərazisində Qazma mağarasının xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayaraq deyir ki, bu mağara Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də dünyada ən qədim insan düşərgəsi olub. Həmin ərazidə aşkar olunan maddi-mədəniyyət nümunələri Orta Daş dövrünə, yəni təqribən 80-100 min il bundan əvvələ aid edilir. Həmçinin rayonda Oğlanqala, Qız qalası, Maxta Kültəpəsi və digər tarixi yerlər də bu ərazilərin ilk insan yaşayış məskəni olduğunu sübut edir. Bunun nəticəsidir ki, muzeydə tarixin bu dövrlərinə aid eksponatlar var. Digər bir guşədə nümayiş olunan eramızdan əvvəl III minilliyə aid olan tunc bilərzik də diqqətçəkən eksponatlardandır.
Şərur rayonunun tarixi-mədəni inkişafında ən mühüm yerlərdən birini boyalı saxsı qablar tutur. Boyalı saxsı qablar polixrom və mono­xrom boyalı saxsı qablar olaraq iki yerə bölünür. Onu da öyrənirik ki, hər iki vitrində nümayiş olunan, eramızdan əvvəl II minilliyə aid monoxrom boyalı naxışlı saxsı qablar həmin dövr dulusçuluğunun ən gözəl nümunələrindəndir. Qız qalası yaşayış yerindən aşkar olunmuş, tarixi eramızdan əvvəl II minilliyə gedib çıxan saxsı qablar, eyni zamanda incə sənətkarlıq xüsusiyyətləri ilə ərsəyə gətirilmiş saxsı küpələr və badyatipli gil qablar qiymətli eksponatlardandır.
Növbəti vitrinlərdə Tunc dövrünə aid məişət əşyaları nümayiş olunur. Eramızdan əvvəl II-I minilliklərə aid darboğazlı saxsı küpələr, saxsı qablar, daş möhür, gildən hazırlanmış insan fiquru və tunc silahlar olduqca maraqla qarşılanan eksponatlar sırasındadır.
Digər bir guşədə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şərur rayonuna səfəri zamanı çəkilmiş fotoşəkillər və burada söylədiyi aşağıdakı fikirlər yer alır: “Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır”.
Azərbaycan xalçaçılığına mühüm töhfələr verən, rəngarəng, keyfiyyətli yundan və təbii boyaqlardan hazırlanmış xovlu və xovsuz xalça nümunələri əsrlərboyu evləri bəzəyib. Elə diqqətlə izlədiyimiz guşə də Şərurun xanım-xatın nənələrinin min bir zəhmətilə ərsəyə gətirdikləri öz gözəlliyini və zərifliyini bu günədək qoruyub saxlayan, xalqımızın dünyagörüşünü, estetik bədii zövqünü özündə əks etdirən gözoxşayan xalçalardır.
Muzeyin ikinci ekspozisiya zalının ilk guşəsində orta əsrlərə aid saxsı qapaqlı nehrə, saxsı küpə, XX əsrə aid saxsı ləyən sərgilənməkdədir. Növbəti vitrində XI-XV əsrlərə aid şirli və şirsiz saxsı və kaşı parçaları, saxsıdan hazırlanmış su borusu və qablar, dəmir nizə ucluğu və eyni dövrə aid olan işıqlandırma vasitələri – çıraqlar da ziyarətçilərin marağına səbəb olan eksponatlardandır.
Digər bir guşədə 120 illik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz görkəmli rəssam İbrahim Səfiyevin ustalıqla yaratdığı “Avto­portreti”­­­­, həmçinin onun kətan üzərində yağlı boya ilə işlədiyi “Səyyar musiqiçi Hafiz”, “Çörək bişirənlər”, “Şəhərdə qış” adlı rəsm əsərləri ilk baxışda diqqəti cəlb edir.
Azərbaycan tarixən misgərliyin mərkəzlərindən biri olub və bu sənət Şərur rayonu ərazisində də geniş yayılıb. Elə maraqla izlədiyimiz guşədə nümayiş olunan, XIX əsrə aid mis məişət əşyaları – mis kasalar, məşqəfə dəsti, mis badya, mis lüləyinlər və başqaları da öz gözəlliyi ilə seçilir.
Önündə dayandığımız digər guşə daim ehtiramla yad edilən Şərur şəhidlərinə həsr olunub. Müstəqilliyimiz uğrunda öz canını fəda edən şərurlu şəhidlərin fotoşəkillərinin sərgiləndiyi guşə muzeyin ən dəyərli guşələrindəndir.
Qürurverici haldır ki, gündən-günə çiçəklənən, gülüstana çevrilən doğma diyarımızda bu gün daşınmaz tarix-mədəniyyət abidələri xüsusi dövlət qayğısı ilə əhatə olunub. Bunlar arasında Şərur rayonunda yerləşən abidələr də kifayət qədərdir. Onlardan XVIII əsrin sonlarında Yengicə kəndinin mərkəzində inşa olunmuş Şərq hamamı, XVII-XVIII əsrlərdə yaradılan Parçı (Xanlıqlar) İmamzadəsi və XIX əsrdə inşa olunmuş Cəlilkənd buzxanası... Elə maraqla izlədiyim növbəti guşədə də Şərur rayonu ərazisində bərpa­olunan, yaxud yenidən qurulan, bir-birindən dəyərli tarixi-abidələrimizin fotoşəkilləri yer alır.
Bu gün muxtar respublika sakin­lərinin təşəbbüsləri ilə evlərdə olan eksponatlar muzeylərə təqdim olunur, muzey fondları zənginləşdirilir. Şəxsi eksponatların muzeylərə təqdim olunması tarixi-mədəni irsimizin qorunmasına və daha geniş formada təbliğinə imkan verir. Nuran müəllimin sözlərinə görə, yaxın günlərdə muzeyə Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən qədim tariximiz və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun, saxsı çıraq və digər nümunələrdən ibarət 75 eksponat təqdim edilib. Bu həm də gənc nəsildə yeni ənənənin başlanğıcını qoymaq baxımından əhəmiyyətli hadisədir.
Muzeydən ayrılarkən Ali Məclis Sədrinin muzeyin açılışı zamanı söylədiyi fikirləri xatırlayıram: “Muzeylər xalqımızın milli mədəniyyət nümunələrini özündə yaşadan müqəddəs yerlərdir. Ona görə də muzeylər daim zənginləşdirilməli, qorunmalı və ziyarət olunmalıdır”.

Bəli, muzeylər keçmişimizi qoruyan, bu günə daşıyan maddi-mənəvi dəyərlər xəzinəsidir. Bu xəzinə xalqımızın çoxəsrlik tarixini, qədimliyini, milliliyini özündə əks etdirir. Tariximizi qorumaq, yaşatmaq isə hər birimizin vətəndaşlıq borcudur.

 Gülcamal TAHİROVA