Ölkəmizin digər bölgələrindən gəlib muxtar respublikanın ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən gənc pedaqoqlar bu fikirdədirlər

“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməyi, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”, – deyən Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri hər zaman mühüm əhəmiyyət kəsb edib. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Prezident cənab İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olub. Ölkə başçısının təhsil sahəsinə olan diqqət və qayğısı bu sözlərlə aydın ifadə olunur: “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”. Dövlət başçısının bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri günümüzdə təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir.

Bu gün muxtar respublikamızda da prioritet istiqamətlərdən birini təhsilin inkişafı təşkil edir. Modernləşmə və tərəqqi yolunda uğurla addımlayan diyarımızda təhsil sahəsinə böyük qayğı göstərilir. Tikilən və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən, güclü maddi-texniki bazaya malik müasir təhsil ocaqları təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksəkixtisaslı kadr potensialının artırılmasına, muxtar respublikamızın dinamik inkişafına əvəzsiz töhfədir. Təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər istər müəllimlərin, istərsə də şagirdlərin hərtərəfli inkişafında mühüm rol oynayır. Ucqar dağ və sərhəd kənd məktəblərində kadr çatışmazlığı probleminin həlli də belə tədbirlərin tərkib hissəsidir.

Qeyd edək ki, bu problemin həllinin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” 22 iyun 2004-cü il tarixli Qərar imzalanıb. 4 noyabr 2004-cü il tarixdə isə “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı” təsdiqlənib. Sonrakı illərdə respublikanın rayon və kəndlərində yerləşən ümumtəhsil məktəblərinin pedaqoji kadr tələbatını ödəmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, dövlət ali və orta ixtisas məktəblərini pedaqoji ixtisaslar üzrə bitirərək, dövlət sifarişinə uyğun konkret iş yerlərində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə kommunal xidmətlərini ödəmək üçün kompensasiya verilməsi nəzərdə tutulub. Muxtar respublikamızda pedaqoji kadrların işlə təmin olunması sahəsində atılan addımlardan biri də hər il təşkil edilən təhsil yarmarkalarıdır. Artıq bir neçə ildir, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən belə yarmarkalar ucqar kənd yaşayış məntəqələrindəki təhsil müəssisələrinin kadrlarla təminatına öz töhfəsini verməkdədir. O da xüsusi vurğulanmalıdır ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı regionda ölkəmizin digər bölgələrindən olan ixtisaslı kadrların da işləmək arzularının reallaşmasına stimul olub. Fəxrlə deyə bilərik ki, bu gün muxtar respublikanın bütün rayonlarında belə kadrların sayı getdikcə artmaqdadır.
Elə biz də pedaqoji fəaliyyətləri ilə şagirdlərinin həyat yoluna çıraq tutan gənc kadrlarla həmsöhbət olmaq üçün yollandıq ucqar dağ kəndlərinə... İlk üz tutduğumuz yurd yeri Ordubad rayonunun Nürgüt kəndi oldu. Burada Tərtər rayon sakini, tarix müəllimi Elşad İsmayılovla görüşdük.
Nürgüt kənd tam orta məktəbində şagirdlərə tariximizi öyrədən Elşad müəllim dedi ki, yurdumuzun hər diyarı gözəldir. Lakin, nədənsə, Naxçıvan dedikdə hər zaman məndə fərqli xoş təəssüratlar yaranırdı. Bu yurd yeri haqqında oxuduqlarım, öyrəndiklərim, eşitdiklərim – tarixi abidələri, görkəmli şəxsiyyətləri, blokada şəraitində olmasına baxmayaraq, bütün sahələrdə böyük nailiyyətlər qazanması, sürətli sosial-iqtisadi, mədəni inkişafı bu diyarı yaxından tanımağa, görməyə marağımı daha da artırdı. Ali təhsilimi başa vurduqdan sonra belə qərara gəldim ki, müəllimlər üçün təşkil olunan dövlət imtahanında iştirak edim və təyinatla muxtar respublikanın istənilən yerində dərs tədris etmək imkanı qazanım. Belə də oldu. Artıq 5 ildir ki, Nürgütdə pedaqoji fəaliyyətlə məşğulam və bu yurd yerini seçdiyim üçün özümü xoşbəxt sayıram.
Elşad İsmayılov deyir ki, bu diyarın torpağı, suyu, təbiəti mənə ana yurdum Kəlbəcəri xatırladır. Buz kimi bulaqları, hay-haraylı çayları, uca dağları, ən əsası insana candan yanan mehriban, səmimi, qonaqpərvər insanları... Burada yaşamaq, öyrətmək, öyrənmək, gəzmək, eyni zamanda bu yurdun insanlarını yaxından tanımaq mənə o qədər xoşdur ki... Burada yaşadığım müddətdə görürəm ki, Naxçıvan hər keçən gün daha da inamla inkişaf edir, yenilənir, çiçəklənir. Hər şeydən əvvəl, buradakı sakitlik, əmin-amanlıq, torpağa bağlılıq insanların firavan həyat sürmələrinə vəsilə olur. Elə bu səbəbdən burada yaşamaqdan məmnunluq duyuram.
Digər müsahibimiz Bakı şəhər sakini Aysel Bədəlova oldu. O, Ordubad rayonunun Kələki kənd tam orta məktəbində riyaziyyat fənnini tədris edir. Aysel müəllimlə söhbət zamanı bildirdi ki, bu gün gənclərin bir qismi peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Bu isə həmin kadrların öz peşələrinə olan sevgisindən irəli gəlir. Müsahibimin müəllimlərin işə qəbul imtahanında topladığı yüksək nəticə ilə şəhərə təyinat almaq şansı olsa da, o, Naxçıvan şəhərinin ucqar kəndlərində işləməyi üstün tutub. Bu istəyin isə Naxçıvanda gənc pedaqoji kadrlar üçün hər cür şəraitin yaradılması ilə bağlı irəli gəldiyini deyir: ­– Bəzən ailəm üçün darıxsam da, hər dəfə şagirdlərimin üzündəki təbəssümü görəndə hər şeyi unuduram. Burada mühit daha səmimi, doğmadır. İnsanlar gəlir, maraqlanır, nəyin var, nəyin yox? – deyə soruşurlar. Sanki buradakı hər kəs mənə doğmadır. İnsan belə səmimiyyəti, mehribanlığı, qayğını gördükdə bu xoş mühitdən ayrılmaq istəmir.
Başqa bir müsahibimiz Yevlax rayon sakini Elvin Knyazov oldu. O, söhbət zamanı bildirdi ki, iki il əvvəl müəllimlərin işə qəbul imtahanında müvəffəqiyyət qazanaraq muxtar respublikaya – Sədərək rayon məktəbinə təyinat almaq imkanı əldə edib. O deyir ki, bu məktəbdə çalışan müəllimlərin çoxu imtahanla qəbul olan savadlı pedaqoqlardır. Bu il bu məktəbə bir çox müəllim qəbul olunub, hamısı da yüksək nəticə göstərib. Yeni gələnlərin əksəriyyəti ali təhsillərini təzəcə başa vuranlardır.
Əvvəllər rayon və kəndlərdən olan gənclər mərkəzdə ali məktəbi bitirdikdən sonra geri qayıtmaq istəmirdilər. Ancaq indi biz gənclər üçün bir sıra güzəştlər tətbiq edilir, imtiyazlar verilir. Bu da, sözsüz ki, bizə stimul verir və öz peşəmiz üzrə həvəslə çalışırıq.
Qeyd edək ki, rayon mərkəzindən uzaq məsafədə yerləşən məktəblərdə işləyən müəllimlərin əməkhaqlarına hər ay müəyyən qədər vəsait əlavə edilir. Bundan əlavə, yuxarıda adıçəkilən qərarda belə yerlərdə işləməyə gələn kadrlara yerli icra hakimiyyəti orqanları tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı məsələ də öz əksini tapıb. Bir sözlə, gənc müəllimlərin pedaqoji fəaliyyəti üçün böyük işlər görülür. Gənclərin ucqar rayon və kənd­lərdə dərs demələrinə yüksək şərait yaratmaq məqsədilə yeni layihələr, güzəşt sistemi ­hazırlanır. Bu sistemdə nəzərdə tutulan bütün məsələlər gənc müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Əminik ki, gənc pedaqoji kadrlara göstərilən dövlət qayğısı onların səylə çalışmasına, nəticədə, təhsilimizin səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verəcək.

 Gülcamal TAHİROVA