Qədim oğuz-türk tayfalarının yaşayış məskəni olan Kəngərli yurdu tarixi-arxeoloji abidələri ilə yanaşı, xalqımızın mənəvi inanc yeri olan ziyarətgahları ilə də zəngindir. XVIII əsrin türk səyyahı Övliya Çələbinin yazdığı “Səyahətnamə” kitabında göstərilir ki, təkcə qədim Qarabağlar şəhərində 70-ə yaxın məscid, pir və ziyarətgahlar olub. Yaşlı adamların dediyinə görə, sovet dönəmində həmin ziyarətgahların bir çoxu dağıdılıb, kərpicləri sökülərək rus zabitləri üçün binalar tikilib. Ancaq xalq tərəfindən qorunub saxlanılan bəzi ziyarətgahlar var ki, bu gün də əhali həmin yerləri ziyarət edir.
Rayondakı ziyarətgahlardan ən qədimi Qarabağlar kəndindəki Asnı piridir ki, onun yaranma tarixi eramızdan əvvəl I minilliyə dayanır. Deyilənə görə, bu pirin yaxınlığında olan eyniadlı bulaq uzaq Göyçə gölünün suları ilə əlaqədardır. Belə rəvayət edilir ki, keçmiş vaxtlarda Qarabağlar (Qalaçıq) şəhərinə, uzaq Göyçə mahalından bir tacir karvan ilə daşduz aparmaq üçün Naxçıvana gedən vaxt Qalaçıqdakı bazarda dayanmalı olur. O, bir şəxsin əlində özünün əvvəllər itirdiyi naxışlı əlağacını görərək tanıyır və sevincək on il əvvəl başına gəlmiş hadisəni xatırlayır. Həmin tacir Göyçə gölündən qayıqla keçən zaman qəflətən yaranan tufan nəticəsində qayıq çevrilir və tacir çətinliklə canını qurtarır. Tacir mallarından çox qaraağacdan yonulmuş naxışlı əlağacının suda batmasına heyifsilənir. 10 ildən sonra tacir özünün əlağacını qalaçıqlı şəxsdə gördükdə çox sevinir. Ağacın onun olduğunu sübut etmək üçün yivli baş hissəsini burub açır və içərisində gizlətdiyi qızıl sikkələri yerə tökür. Camaat təəccüblənərək tacirin əlağacı ilə qızıllarını özünə qaytarır. Tacir isə ­halallıq kimi qızılların yarısını itmiş əlağacını tapan şəxsə verir və onu haradan tapdığını soruşur. Həmin şəxs isə əlağacını təpədəki Asnı bulağından tapdığını söyləyir. Bu əhvalatı eşidən qalaçıqlılar (qarabağlarlılar) Asnı bulağını Allahın möcüzəsi kimi müqəddəs bilib oranı pirə çevirirlər. Tacir isə həmin qızıllarla Asnı bulağında min baş erkək qurbanlıq quzu kəsdirməklə əhaliyə ehsan verir. O dövrdən bu günədək bu yer insanların mənəvi inanc yerinə çevrilib. Pirin ətrafında həmərsin, yemişan kolları, cır armud, alma, alça kimi meyvə ağacları var. Buradakı həmərsin kollarının budaqlarına rəngli parça bağlamaq ziyarətçilərin istəyi, arzusu, niyyəti ilə bağlıdır. İnanırlar ki, bununla onların niyyətləri qəbul olar. Yaxınlıqdakı Asnı pirində isə orta əsrlərə aid iki məzar yerləşir. Epiqraflar tərəfindən məzarların üzərindəki sinə­daşlarının yazılarının oxunması nəticəsində tədqiqatçılar bu məzarların XIV əsrə aid olması qənaətinə gəliblər.

Haqqında bəhs edəcəyimiz digər ziyarətgah isə Narbənd piridir. Narbənd piri Xok kəndinin cənub qurtaracağında irigövdəli, çoxillik narbənd ağacının altında yerləşir. Qaraağac fəsiləsindən olan bu ağac haqqında tarixçi-alim Vəli Baxşəliyevin “Pirlərlə bağlı miflər və inanclar” haqqındakı kitabında deyilir ki, narbənd Adəm və Həvva ilə birlikdə cənnətdən gətirildiyindən müqəddəs bitkilərdən sayılır. Möhkəm oduncağı, sıx yarpaqlı budaqları və “hava təmizləyən” rolunu oynayan meşə ağaclarından olan narbənd Şərur rayonunun Mahmudkənd ərazisində, Ordubadın bir çox yaşıllıqlarında və xüsusən də Babək rayonundakı Qahab kəndi ərazisində yayılıb. Xok kəndindəki Narbənd pirinə, xüsusilə xarratlıqla məşğul olan sənət adamları gəlirlər. Onlar ağacın kökündəki çalada şam yandırıb gətirdikləri suyu ora tökməklə Allaha dua edər, işlərinin rəvan olmasına, ağaca ömür verilməsinə niyyət edərək rəngli parçaları budaqlara bağlayardılar. Hazırda da bu pir yerli sakinlər tərəfindən tez-tez ziyarət olunur.
Kəngərli rayonunda ən çox tanınmış pirlərdən biri də Şahtaxtı kəndi ərazisində yerləşən İydəli piridir. Rəvayətə görə, Govurqalalı İydə Çiçəyi adlı gözəl qızı varlı, çirkin qoca kişiyə ərə getməyə məcbur ediblər. İydə Çiçəyi bədirlənmiş ay işığında bağçada Yaradana üz tutub imdad istəyərkən iydə ağacına çevrilib. Həmin vaxtdan ora müqəddəs bir yer olub, iydənin toxumları tökülərək torpaqda göyərdiyindən iydəli sahə yaranıb. Keçmiş illərdə İydəli pirində niyyət edənlər qurbanlıq heyvan gətirib kəsər, ətindən ehsan verərdilər. Ağacları suvarıb, iydələrindən yığıb bərəkət simvolu kimi aparıb yoğurduqları xəmirə qatar və yarpaqlarından dəmləyib içərdilər. Rəvayətlərə görə, bu müqəddəs məkan bir zamanlar sufi şeyxlərinin yaşadığı yer olub. Elmi mənbələrdə rast gəlinməsə də, Şah İsmayıl Xətainin İydəli pirdə gecələməsi haqqında məlumatlar yerli əhali arasında geniş yayılıb. Bu yer həmişə şahtaxtılıların, eləcə də digər kənd­lərdən bura gələnlərin qəlbində böyük inam bəslədiyi bir ziyarətgah kimi tanınır. Hansısa niyyəti həyata keçən insanlar da bu yerə gələr, qurban kəsər, yerdən xırda daşları götürərək qayalığa vurarlarmış. Daş qayalığa yapışarmışsa, həmin adamda niyyətinin qəbul olunacağına böyük inam yaranarmış. Ziyarətə gələnlər burada şam da yandırarmışlar. Mağaranın qaralmış divarlarından da bunu aydın görmək mümkündür. Pirin ətrafında xeyli əkin sahələri var. Vaxtilə çox sayda iydə ağaclarının olduğu deyilən ərazidə az da olsa, yenə də həmin ağaclardan var. Ancaq, əsasən, söyüd ağacları çoxluq təşkil edir. Deyilənlərə görə, burada həm də xeyli sayda kəhrizlər var imiş. Kənd camaatı onların sayının on ikidən çox olduğunu söyləyirlər.
Rayonda mövcud olan pirlərdən biri də Xıncab kəndi ərazisindəki Yaralı Sultan ocağı piridir. Kəndin mərkəzində yerləşən bu pir dördkünc formalı kərpicdən tikilmiş binadan ibarətdir. Damı günbəzşəkilli örtüklə tamamlanıb. İçəri üzündə künc­lər bir-biri ilə tаğbəndlərlə birləşdirilərək günbəzə kеçid yаrаdılıb.
Tədqiqatçıların fikrinə görə, bu mеmаrlıq üslubu ortа əsr Аzərbаycаn аrхitеkturаsı üçün хаrаktеrikdir. Pirin binаsı divаrdа və günbəzdə оlаn pəncərələr vаsitəsilə işıqlаndırılıb. Vахtilə pirin kitаbəsi оlub, lаkin sахlаnmаyıb. Pirlə bаğlı хаlq аrаsındа müхtəlif rəvаyətlər də vаrdır. Оnun ətrаfındаn ortа əsrlərə аid şirli və şirsiz sахsı qаb pаrçаlаrı tаpılıb. Аrхеоlоji mаtеriаllаrın аrаşdırılmаsınа və tikintinin mеmаrlıq üslubunа əsаslаnаrаq tarixçilər оnu ХIV-ХV əsrlərə аid edirlər. Sevindirici haldır ki, kənddə tikinti-­quruculuq işləri aparılarkən pirin ətrafı abadlaşdırılıb.
Sevindirici haldır ki, əsrlərin sınağından keçərək dövrümüzədək gəlib çatan bu inanc yerləri yurdumuzun insanları tərəfindən bu gün də ­yaşadılır.

 Gülcamal TAHİROVA