Ailə öz üzvlərini formalaşdırıb cəmiyyətə təqdim edən kiçik bir toplum olsa da, milli mentalitetimizdə onun böyük mənəvi çəkisi var. Bu məsuliyyətli yükü daşımaq, demək olar ki, bizim həyat amalımızın əsasını təşkil edir. Ona görə ki, cəmiyyətimizdə hər kəs öz ailəsi üçün çalışır, əsl xoşbəxtliyi bunda görür. Ailəsinə dəyər verib, onu yaşadan isə öz xalqının, dövlətinin gələcəyinə xidmət edir. Çünki o, nümunəvi ailə üzvü kimi cəmiyyətə yararlı nəsil yetişdirir.

Cəmiyyətimizdə nümunəvi ailə dedikdə həm də uzun ömür sürən ailələr nəzərdə tutulur. Onlardan biri də Ordubad rayonunun Bist kəndində yaşayan Tahirovlar ailəsidir. Təməli 70 il bundan öncəyə dayanan bu ailəni, əslində, lap çoxdan tanıyıram. Demək olar ki, özümü və dünyanı dərk etdiyim gündən... Bu ailənin varlığı mənim həyatımda əhəmiyyətli rol oynayıb. Buna görə də 30 illik bir dövrünə şahidlik etdiyim iki insanın birgə keçən ömür hekayəsini yazmağı qərara aldım.
Mahmud Tahirov 1927-ci ildə Nürgüt kəndində doğulub. Qonşu Xurs kəndində dünyaya göz açan Tutu nənənin isə bu il 90 yaşı tamam oldu. Onların taleyi isə 70 il bundan öncə, 1949-cu ilin Novruz bayramında – martın 21-də birləşib.
Əslində, bu iki dünyagörmüş insanı canlı tarix kimi qəbul edirəm. O dövrün ağrılı, acılı, müharibələrlə dolu illərini onların dilindən, xatirələrindən çox eşidib, təsəvvürümdə çox canlandırmışam. Gəlin onlarla sizi də tanış edim. Başlayaq 92 yaşlı Mahmud Tahirovdan...

Ailənin 7 övladının ən böyüyü olan Mahmud kişinin ömrünün gənc illəri məşəqqətlə keçib. Atası Əli Tahirov dövrünün tanınmış ziyalılarından olub, xalqının maariflənməsinə can yandırıb. Öz evində məktəb açıb, ətraf kəndlərin uşaqlarının təhsil almasına səy göstərib. Mahmud kişi özü də elə bu məktəbin yetirməsi olub və sonralar qonşu Xurs kəndindəki 7 illik məktəbdə təhsilini davam etdirib. Elə Tutu nənə ilə tanışlıq da həmin illərə təsadüf edib. Bu gənclik məhəbbəti nümunəvi 70 ilə aparan ilk addım olub...
Onların ilk sevgi etirafı vaxtilə həmin məktəbdə öyrəndikləri hərflərlə həkk etdikləri kağız parçasında yaşayır. İndi də o məktubları ən əziz, ən şirin xatirə kimi qoruyub saxlayırlar. Lakin bu ülvi məhəbbəti uzun illər qəlblərində bir sirr kimi yaşatmalı olublar. Çünki onların gəncliyi Sovet hakimiyyətinin totalitar rejimi və İkinci Dünya müharibəsinin cənginə aldığı o dövrlərə təsadüf edib. Mahmud kişinin məktəb açıb, xalqın maariflənməsinə çalışan atası bu xeyirxah əməlinə görə repressiya qurbanı olub. Qardaşları isə uzun illər müharibədə iştirak etdiklərindən ailənin əsas yükünü o daşıyıb.
Bəli, uzun illər müharibənin gətirdiyi ağır, itkilərlə dolu günlərini yaşayan Mahmud baba yaşlı, xəstə anasını və bacısını dolandırıb, evinin, ailəsinin tək dayağı olub. Bütün bunlara görə ürəyində bəslədiyi saf məhəbbəti və oxumaq həvəsini boğmaqla yaşayıb. Lakin qəlbindəki bu arzular heç vaxt sönməyib...
Nə yaxşı ki atasının aqibətini qardaşları da yaşamayıb, müharibədən sağ-salamat qayıdıblar. Müharibə bitdikdən sonra Mahmud Tahirov təhsil almaq arzusundan dördəlli yapışıb. Ailəsini qardaşlarının himayəsinə verərək Ordubaddakı pedaqoji məktəbə yollanıb, daha sonra Naxçıvanda yeni açılan 2 illik Müəllimlər İnstitutunda ali təhsil alıb.
Mahmud babanın ömür-gün yoldaşı Tutu nənənin gəncliyi də ən az onunku qədər çətin keçib. Bəlkə də, daha artıq... Müharibənin ağır və ağrılı həyatını daha çox kişilər çiynində daşısa da, gözü yollarda qalan qadın iztirabı, qadın göz yaşı qədər insan ürəyini heç nə dağlaya bilməz. Biz, bugünkü gənclər tam təsəvvür edə bilməsək də, orta və yaşlı nəslin nümayəndələri müharibəyə yollanan əzizlərinin yolunu gözləməyin acı iztirabının nə demək olduğunu yaxşı bilirlər. Çünki müharibə həm də psixoloji, sosioloji, ictimai bəladır...
Onun da təhsil almağa çox böyük həvəsi olub. Xurs kəndində doğulub böyüyən Tutu nənənin bu həvəsi onu bir qədər uzaqlara aparıb. Bir müddət qonşu kənddəki ev şəraitində açılan yeni məktəbdə ibtidai təhsil alıb. Lakin məlum repressiya onun da bu arzusunu ürəyində qoyub. Gənc yaşında atası müharibənin gedər-gəlməzinə yollanıb. Ardınca isə qardaşları İkinci Dünya müharibəsi iştirakçısına çevriliblər. İndi də Tutu nənədən o illəri soruşanda üzündəki dərin hüznü, nisgili, həsrət dolu iztirabı hiss edirsən. Nəvələrinin xoş güzəranını seyr edib fərəhlənsə də, kaş ki o gəncliyi indi yenidən yaşamaq imkanım olaydı, – deyir, bəlkə də... Dodaqları əsə-əsə dediyi, sadəcə, bir cümləni xatırlayıram: “Biz o günlərimizin hər birini sonuncu gün kimi yaşayırdıq”.
Şükürlər olsun ki, həyat davam edir. Qarşıda onları yeni həyat gözləyirdi. Sevgi hər zaman təsəllidir, həyat eşqini daha da alovlandıran bir qüvvədir. O sevgi ki ağır müharibə illəri belə, ona qalib gələ bilməz. Uzun müddət, sadəcə, ürəklərdə yaşayan bu sevgi, nəhayət ki, iki gənci qovuşdurub.
Ailə qurduqları ilk illərdə 11 nəfərlə birotaqlı, balaca, köhnə bir evdə qalsalar da, mehriban və xoşbəxt yaşayıblar. Ailəni dolandırmaq üçün bir neçə yerdə işləməli olub Mahmud kişi. Gənc müəllim müxtəlif illərdə təyinatla pedaqoji fəaliyyət göstərib. Ömrünün 60 ilə yaxınını gənc nəslin bilikli, savadlı böyüməsinə həsr edib. Müəllimlik fəaliyyətinin son və uzunmüddətli ünvanı isə doğma kəndi Bist olub. O dövrdən başlayaraq rahat, firavan həyatın ilğımları gənc ailənin başının üzərində sayrışıb. Uzun illərdən bəri çəkilən əziyyətin, zəhmətin bəhrəsini görməyə başlayıblar. Yeni tikilən ev, qurulan təsərrüfat Mahmud kişinin də, Tutu nənənin də ürəyini fərəhlə doldurub.
Kənd şəraitinin bütün imkanlarından istifadə edən zəhmətkeş ailə, xüsusilə arıçılığa böyük maraq göstərib. Övladları onların arıçılıq ənənələrini bu gün də davam etdirir. Bu günədək “ömür sürən” arı ailələrinin sayı genişlənərək hazırda 120-yə çatıb.
Mahmud Tahirov peşəkar müəllim kimi tanınmaqla bərabər, həm də qayğıkeş ata, mehriban həyat yoldaşı, sevimli babadır. 70 illik ailə həyatından söz açan Mahmud müəllim deyir: “Uzun ömürlülüyün sirri mehribanlıqdı. Nə qədər ki ailədə hörmət və ehtiram var, hər kəs öz yerini bilir, o ailənin təməli möhkəm olur. Ailədə tərbiyə əsas rol oynayır. Ata-ana mehribandırsa, uşaqlar da mehriban yaşayacaq. Ən böyük sərvətimiz övladlarımızdır. Hərəsinin ailəsi, evi, işi, yaxşı gün-güzəranı, şəraiti var. Onlarla fəxr edirəm”.
Ailədə qadına, anaya hörmətin əsas şərt olduğunu bildirən Mahmud baba son illər boşanmaların sayının artması və uzunömürlü ailələrin sayının azalmasına bu cür aydınlıq gətirdi: “Ailə bir dövlətdir. Necə ki dövlətdə hərc-mərclik baş verərsə, dağılıb məhv olar, ailə də onun kimi. Ailədə söz bir olmalıdır. İndiki gənclərdə dözümsüzlük var, qızım. Bu nədir belə? Bu gün rahat yaşayış üçün hər şərait var. Buna baxmayaraq, cəmi 1-2 övlad böyüdən insanlar ailələrin dəyərini bilmirlər. Adi bir sözü münaqişəyə çevirib ailəni dağıdırlar.
Qızım, unutmayın ki, ailə böyük bir dəyərdir. Ailəyə məhəbbət xüsusilə lazımdır. Gərək gənclərimiz ailəsinin qədrini bilsinlər. Dövlətimiz ailələrin rifahı, onların qorunub saxlanılması üçün bütün işləri görür. Elə 70 illik yubileyimiz qeyd ediləndə, fərəhdən sanki ikinci gəncliyimi yaşadım. Sağ olsun, dövlətimizi! Həm maddi, həm də mənəvi dəstək olur, rahat yaşayışımız üçün hər cür şərait yaradır. Ancaq gərək insanlarımız da bu şəraitdən istifadə edib ailələrinin qədrini bilsinlər. Artıq o müharibə illərinin ağrı-acıları yoxdur. Yaşamaq çox rahatdır. Bu günlərin qədrini bilmək lazımdır”.
“Boş vaxtlarını nəvələri ilə keçirməyi xoşlayır. Ailəsinə çox bağlı insandır. Mənə, uşaqlarına, gəlinlərinə şeirlər ithaf edib. Xatirə dəftəri bir şairin kitabına bənzəyir”, – deyən Tutu nənə də söhbətə qoşulur. Onun simasında əsl qadın xoşbəxtliyini sezmək heç də çətin deyil: “Çox xoşbəxtəm. Mehriban ailəm var. Nəvə-nəticələrim bizi hər zaman ziyarət edir, hörmətimizi saxlayırlar. 70 il uşaqlarımızla birgə mehriban ömür sürməkdən xoşbəxt nə ola bilər ki?”
Onlar xoşbəxtlikləri ilə əsl Azərbaycan ailə modelini layiqli şəkildə nümayiş etdirirlər. 7 övlad böyüdən ailənin 15 nəvəsi və 10 nəticəsi var. Mən də çox qürurluyam ki, belə nümunəvi ailənin bir üzvüyəm. Babamla, nənəmlə fəxr edirəm. Ona görə yox ki, onlar uzun ömür yaşayırlar. Ona görə ki, onlar bu uzun ömrü mənalı yaşayıb, əsl ailənin nə olduğunu bizə aşılayıblar. Budur onları bizim üçün nümunə edən. Qoy hələ nəticələrinə toy etmək də nəsib olsun onlara!
Bu gün Mahmud babam da, Tutu nənəm də ömürlərini qayğısız, rahat yaşayırlar. Çünki onların ailəsinin təməli sağlam qoyulub. Təməli möhkəm olan ailə isə sağlam cəmiyyət deməkdir. Onlara 100 illik yubiley, müasirlərimə isə bu xoşbəxt hekayəni davam etdirmək arzusu ilə...

Gülcamal TAHİROVA