Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonunun Kükü kəndində kənd yaşıl turizminin inkişafı məqsədilə maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Şahbuz rayonunun Kükü kəndinin turizm potensialı” mövzusunda çıxışında tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verib. Bildirilib ki, Kükü kəndində bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Qeyd edilib ki, işin düzgün qurulması adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunması üçün də əhəmiyyətli rol oynaya bilər.

Tədbir iştirakçılarına mart ayında muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr haqqında da məlumat verilib. Bildirilib ki, turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşür. Zəngin təbiətimiz, ekoloji cəhətdən təmiz qida məhsulları, şəfalı sularımız imkan verir ki, qədim diyarda kənd yaşıl turizmi yüksək səviyyədə inkişaf etdirilsin.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov “Kənd yaşıl turizmi və bu sahədə gəlirlərin formalaşması” mövzusunda çıxış edərək kənd turizmində evlərdə turistlərə göstəriləcək xidmətlər, qiymətlər və gəlirlərin formalaşması, bu sahədə olan qanunvericilik haqqında məlumat verib.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova “Turizm İnformasiya Mərkəzinin kənd yaşıl turizminin təbliğində rolu” mövzusunda çıxışında muxtar respublikanın təbii gözəlliklərinin, tarixi abidələrinin, istirahət guşələrinin təbliğinin əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Əli RZAYEV