Bu günlərdə “Naxçıvan” Universitetinin baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun “Turizmin iqtisadi əsasları” adlı yeni dərs vəsaiti çapdan çıxıb. Bu mövzuda ilk dəfə dərc olunan kitabda iqtisadi bir hadisə kimi turizmin mahiyyətindən, onun inkişaf amillərindən, turizmin cəmiyyətin sosial-iqtisadi həyatında və humanitar inkişafdakı rolundan bəhs olunur. 

Müasir dünyada turizmin inkişaf səviyyəsi, bazar iqtisadiyyatı şəraitində rekreasiya tələbatının ödənilməsində bir biznes sahəsi kimi turizmin əhəmiyyəti dərs vəsaitində geniş şərh olunur. Turizm həm də tarix, mədəniyyət, ekoloji vəziyyətlə sıx əlaqəli sahədir. Buna görə də onun dayanıqlılığı, iqtisadiyyatın digər sahələri ilə əlaqəli şəkildə inkişaf etdirilməsi, turizm ehtiyatlarının potensialından maksimum istifadə olunması məsələləri həmişə aktualdır. Kitabda həmçinin bir sahibkarlıq sahəsi kimi turizm bazarının xüsusiyyətlərinə, xüsusi növ turizm sahibkarlığının yaradılmasının əhəmiyyətinə geniş yer verilib. Dərs vəsaitində turizm bazarının təşəkkül tapmasında dövlət tənzimlənməsinin mahiyyəti izah olunub.
Dərs vəsaiti müasir tələblər səviyyəsində işlənilib, təqdim olunan hər mövzuya dair tələbələrin biliklərini sınaması üçün yoxlama suallar və testlər təqdim olunub. Kitabda həmçinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Turizm Təşkilatının müəllif tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş sənədləri və çox işlənən turizm terminləri də verilib. Kitabdan turizm ixtisası üzrə təhsil alan tələbələr, turizm sahəsində çalışan mütəxəssislər, o cümlədən turizm və səyahət məsələləri ilə maraqlananlar faydalana bilərlər.
Kitab “Naxçıvan” Universitetinin Elmi Şurasının qərarı ilə dərc olunub.

Elbrus İSAYEV
tarix üzrə fəlsəfə doktoru, dosent