Naxçıvan şəhərindəki Möminə xatın türbəsinin ətrafında Ümumdünya Turizm Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq qeyd etmişdir ki, 1980-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il sentyabrın 27-si “Ümumdünya Turizm Günü” kimi qeyd olunur. 2001-ci ildən ölkəmizdə də Ümumdünya Turizm Günü qeyd olunmağa başlanmışdır.

“Ölkəmizdə turizm sahəsinin əsaslı inkişafı və turizm şəbəkələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”, – deyən nazir əlavə etmişdir ki, müstəqilliyimizin ilk illərində turizmin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi turizm fəaliyyətinin məqsəd, prinsip və vəzifələrinə cavab verən yeni yanaşma tələb edirdi. Ulu öndər 27 iyul 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərman imzalamışdır. Bu qanun Azərbaycan Respublikasında turizm bazasının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyənləşdirir.

Vurğulanmışdır ki, bu gün Azərbaycanda turizmin inkişafı üçün böyük işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızda turizm sahəsi böyük uğurlar qazanır və inkişaf edir. Məhz bu inkişafın nəticəsidir ki, ölkənin bütün regionlarında yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Ölkə Prezidentinin 2010-cu il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası sosial-iqtisadi sahədə irəliləyişə səbəb olmuş, turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə şərait yaratmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva “Naxçıvan Muxtar Respublikasının turizm potensialı”, İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Emin Zeynalov “Turizmin iqtisadiyyata təsiri”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Elçin Kazımov “Naxçıvan Muxtar Respublikasının ekoloji turizm imkanları və bu sahədə görülmüş işlər” mövzularında çıxışlar etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində qədim diyarımızda turizmin inkişafına yönəlmiş mühüm tədbirlər həyata keçirilir. Son illər turizm infrastrukturunun yaradılması istiqamətində xeyli işlər görülmüş, istirahət və əyləncə kompleksləri istifadəyə verilmiş, müalicə müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, tarixi abidələr bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır.
Sonda Şərur Xalq Yallı Ansamblının çıxışı olmuşdur.

Əli RZAYEV