Səkkiz mağaradan ibarət Biçənək mağaraları Naxçıvançay hövzəsinin yuxarı hissəsində, Biçənək kəndindən 3,2 kilometr şimalda, Dərələyəz silsiləsinin cənub yamacında 5,5-24 milyon il əvvəl yaranmış Miosen yaşlı süxurlar içərisində formalaşmışdır. Okean səviyyəsindən 2360 ilə 2378 metr hündürlüklər arasında yerləşən və qədim insanların yaşadıqları, daha böyük olan altı mağaranın üçü Biçənək dərəsinə perpendikulyar şəkildə Kaha dərəsinin sağında, digər üçü isə solunda yerləşir. Mağaraların yerləşdiyi antiklinoriumun cənub qanadı cənub-qərbə doğru 210-250 dərəcə, şimal qanadı isə şimal-şərqə doğru 50-70 dərəcə azimut istiqamətində uzanır. Cənub qanadın meyilliyi 20 dərəcə, yuxarı hissədə 90 dərəcədə, bəzi hissələrdə isə asılı yamac təşkil edir. Yamacların həddindən artıq meyilli olması qədim insanların burada qorunmasına, onlardan sığınacaq kimi istifadə etməsinə şərait yaratmışdır.

 

Ərazini təşkil edən süxurlar Biçənək qatına məxsus pladioklaz, biotit, arqit, maqnetit tərkibli andezit, eləcə də kvars, pladioklaz, biotit, maqnetit, apatit və sirkondan ibarət vulkanik tuflu brekçilərdən təşkil olunmuşdur. Onları birləşdirən sementin əsas tərkibi açıq-boz rəngli vulkan külüdür və bu da, təxminən, süxur kütləsinin 90 faizini təşkil edir. Bu baxımdan mağaraların yerləşdiyi ərazini müəyyən mənada geologiya muzeyi də adlandırmaq mümkündür.
Relyefin ayrı-ayrı yerlərində andezit-dasit və andezit-bazaltdan təşkil olunmuş daykalar nəzərə çarpır. Miosenə məxsus Sarmat və Metois çöküntülər (7-12 milyon il əvvəl) Aşağı Pliosenə aid Akçaqıl, Kimmerli, Ponta məxsus (6-7 milyon il əvvəl) vulkanik çökmə süxurlarla əvəzlənir. Miosenin sonunda və Pliosendə tektonika yenidən artır və ərazini tutan şərti olaraq “Sarmat” adlanan dəniz tamamən çəkilir və onun yerində Aşağı Pliosenə aid Meotis-Pont kontinental çöküntüləri yaranır. Bundan sonra tədricən ərazidə çayların fəaliyyəti formalaşır və allüvial-prolüvial çökmə təbəqəsi yaranır. Dağəmələgəlmədə son proses 2 milyon il əvvəl başa çatır.
Dərənin sağında aşağıdan birinci mağaranın hündürlüyü, təqribən, 3,5, eni 4, dərinliyi isə 9,2 metrdir. Mağaranın giriş hissəsində o, şimal və şimali şərq olmaqla, iki qola ayrılır. Tavanda və divarlarda ocaq izlərinin olması, eləcə də qalın kül təbəqəsi buranın qədimdə yaşayış yeri kimi istifadə olunduğunu göstərir. Giriş hissədəki iri daşlar vaxtilə burada divar hörgüsünün mövcudluğunu göstərir.
Birinci mağaranın ikinci salonunun giriş hissəsinin eni 2,7, hündürlüyü isə 2,1 metrdir. Bu salonun qurtaracaq hissəsi 100-110 dərəcə şimala doğru istiqamətlənərək tədricən daralır.
Dərənin yuxarı hissəsində birinci mağaradan 40-45 metr daha yuxarıda nisbətən kiçik digər mağara mövcuddur. Sıldırım qayalar içərisində formalaşan bu mağara dik yamaclı əlçatmaz yerdə yerləşir. Çox ehtimal ki, daha hündürdə yerləşən, giriş-çıxışı olduqca çətin olan bu mağara gözətçi və ya müşahidə məntəqəsi üçün istifadə edilmişdir. Bu gün dağ qartallarının yuvasına çevrilən mağaranın tavanında yanmamış karbohidrogen və tüstü izləri göstərilən fikri təsdiq etməkdədir.
Bu mağaranın aşağı hissəsində orta debitli təbii bulaq mövcuddur. İrili-xırdalı belə bulaqlar dərənin yuxarı hissəsində birləşərək Naxçıvançayın sol qollarından biri olan Kaha çayını təşkil etməkdədir. Yeri gəlmişkən, dərənin aşağı hissəsindəki əhali tərəfindən “Darı yeri” adlanan daşlardan təmizlənmiş geniş, yastı düzənlik sahə vaxtilə burada əkinçiliyin də müəyyən qədər inkişaf etdiyini göstərməkdədir.

Mağaranın qarşı tərəfində brekçilərdən təşkil olunmuş dik yamacda üç böyük mağara mövcuddur. Bir-biri ilə 30-40 dərəcə bucaq altında birləşən iki mağara dərənin yuxarı hissəsində meyilliyi 30-35 dərəcə olan böyük bir sahədə birləşir. Birinci mağaranın uzunluğu 50, hündürlüyü, təqribən, 30, giriş hissəsinin eni isə 20-22 metrdir.
Sol yamacın ikinci mağarası yuxarıda təsvir olunan mağara ilə bu sahədə görüşür. Sahənin dərəyə yaxın hissəsində iri qayalardan müdafiə və mühafizə məqsədləri üçün sədd qurulmuş və bu sədd sonradan dağılmışdır. İkinci mağaranın aşağı hissəsində içəriyə keçmək üçün xüsusi qapı mövcuddur. Düzbucaqlı şəklində olan qapı qayalardan çapılaraq hazırlanmışdır. Qapının üst hissəsinə mağaranın divarlarından çapılmış, bu gün də öz bütövlüyünü saxlamış daş kanal vasitəsilə su daxil olmuşdur. Qapının çıxış hissəsində bizim tərəfimizdən oxunması mümkün olmayan alban yazıları mövcuddur. Bu iki mağaranın birləşdiyi ərazi vaxtilə məbədin və ya mağaraların inanc yeri olduğunu göstərir. Fikrimizcə, məbədə daş qapıdan keçən insanlar qapı üzərindən tökülən su ilə paklanırmışlar. Qapının alt hissəsində daşdan yonulmuş kiçik hovuz mövcuddur. Beləliklə, mağaraya daxil olan və mağaradan çıxan hər bir adam bu hovuzdan keçmək məcburiyyətində qalırdı.
Qapının digər maraqlı xüsusiyyəti onun çox hündürdə dik yamacda yerləşməsidir. Qapının aşağı hissəsinin hündürlüyü mağaranın giriş hissəsinin hündürlüyü ilə eynidir. Bu isə onu söyləməyə ehtimal verir ki, yuxarıda qeyd etdiyimiz sədd daxili hissədən torpaq və daşla doldurulmuş və sədd dağıldıqdan sonra materiallar eroziyaya uğrayaraq çay vasitəsilə daşınmışdır.
Burada yaşayan qədim əcdadlarımızın əsas məşğuliyyəti köçəri heyvandarlıq olmuşdur. Bu gün mağaraların yerləşdiyi ərazi heyvandarlıq üçün ən əlverişli mövqeyə, eləcə də möhtəbil iqlimə və zəngin yem bazasına malikdir.
Mağaranın mədəni təbəqəsində tapılan məişət və ovçuluq əşyaları, eləcə də mağara yaxınlığında okean səviyyəsindən 2130 metr hündürlükdə yerləşən qədim yaşayış yerinin xarabalıqlarında tapılan karvansara və su dəyirmanının qalıqları burada yaşamış qədim türk əcdadlarımızın tarixi və məişətindən xəbər verən qiymətli etnoqrafik materiallardır.
Vaxtilə ərazini daha böyük təbii meşə arealı əhatə etmişdir. Bu amil burada daimi məskunlaşmanı yaradan əsas səbəblərdən biri olmuşdur. Qeyd etmək lazımdır ki, son illər muxtar respublikada təbiəti mühafizəyə diqqətin artırılması nəticəsində meşə areallarının sahəsi 1990-1994-cü illərə nisbətən 2 dəfədən çox artmışdır. Bu artım mağaraların yerləşdiyi Naxçıvançay hövzəsinin Küküçay qolunda daha aydın nəzərə çarpır.

Qədim əcdadlarımız, eyni zamanda mühüm karvan yollarının keçdiyi ərazilərə nəzarət etmişlər. Bu isə onlarda ticarətin inkişafına, eləcə də oturaq həyat tərzinə keçməyə imkan vermişdir. Qədim karvan yollarının əsas qollarından biri indiki Naxçıvan Muxtar Respublikasının ərazisindən, o cümlədən Biçənək aşırımından keçmişdir (Budaqov B.Ə.,1998; БСЭ, 1955). Yolun buradan keçməsinin başlıca səbəbi əlverişli mövqe ilə yanaşı, isti dövrdə karvanların təchizatı üçün zəngin yem bazasının mövcudluğu, içməli su təminatı və təbii rekreasiya imkanları olmuşdur. Təsadüfi deyil ki, buna görə də Biçənək aşırımının cənub hissəsində bu günə qədər digər bir karvansaranın xarabalığı qalmaqdadır.
Bütün bu fikirlər mağaralardan daha sonralar karvansara kimi istifadə olunma ehtimalını artırır. İndiyə kimi ədəbiyyatlarda, tarixi mənbələrdə öz əksini tapmayan və bu gün də demək olar ki, tanınmayan mağaralarda coğrafiyaçı speoloq, geoloq, geomorfoloqlarla yanaşı, arxeoloq və tarixçilərin iştirakı ilə kompleks tədqiqat işləri aparılmalı, mağaralar elmi cəhətdən ətraflı tədqiq edilməli və turizm rekreasiya cəhətdən qiymətləndirilməlidir. Fikrimizcə, mağara qayaları üzərində yonulmuş peçeneq yazılarını oxumaqla, eləcə də burada arxeoloji tədqiqatlar aparmaqla Azərbaycan tarixinə yeni-yeni səhifələr yazılmış olacaqdır.
İlk növbədə, mağarada qayalar üzərində yazılmış qədim türk xalqlarına məxsus yazılarımız qədim türk xalqlarına məxsus peçeneq yazılarının qorunması və onların elmi tədqiqi, oxunması təmin olunmalıdır.
Kaha dərəsinin giriş hissəsində yerləşən və yerli əhali tərəfindən dağıdılan məbəd üzərindəki daş yazılar da qorunmalı və araşdırılmalıdır.

Nigar BABABƏYLİ
Naxçıvan Dövlət Universitetinin müəllimi
Gövhər CƏLİLOVA
Şahbuz Dövlət Təbiət Qoruğunun əməkdaşı