Ölkəmizdə turizmin inkişaf üçün potensial cazibə gücünə malik olan istiqamətlərdən biri Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutudur.

Həm beynəlxalq, həm də Azərbaycan daxili turizm səfərləri üzrə səyahət güzərgahlarında mühüm keçid məntəqəsi olan Zəngəzurdan bu məqsədlə istifadə uzun müddət istifadəsiz qalmış bu marşrutun imkanlarının reallaşdırılması ilə yanaşı, həm də 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin qazandıgı parlaq qələbədən sonra bölgədən uzunmuddətli sabitliyin yaradılması yolunda da maraqlı ideyadır. Turizmin bütün dünyadakı post-konfliktlər dövründə ən yaxşı sabitləşdirici, sosial-iqtisadi, humanitar inkişaf vasitəsi olması bu baxımdan, Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutunun, ümumiyyətlə, Zəngəzur dəhlizinin gələcək perspektivlərini bir daha ortaya qoyur.

İşğalçı Ermənistan tərəfindən otuz ilə yaxın müddətdə işğal altında saxlanılmış Azərbaycanın Qarabağ bölgəsinin yenidən inkişaf etdirilməsi, bu torpaqlardan köçkün düşmüş dinc əhalinin öz doğma yerlərinə qaytarılması, ümumlikdə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunması baxımından Zəngəzurun tanışlıq, rekreasya və tranzit imkanlarının turizm dövriyyəsinə cəlb olunması bu bölgədə həlli vacib olan ən əhəmiyyətli məsələlərdən biridir. Bu mənada, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistanın birgə imzaladığı üçtərəfli razılaşmanın şərtlərinə əsasən bölgədə kommunikasiyaların yenidən açılması bu turizm marşrutunu da xəyallardan gerçəyə çevirəcəkdir. Tank üstündə olmasa da bu dəhliz vasitəsilə 101 il əvvəl olduğu kimi azərbaycanlılar buradan keçərək İslam Mədəniyyətinin Paytaxtı Naxçvandan Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşayadək bütün Zəngəzura, ordan da Qərbi Azərbaycana çıxış yolu əldə edəcəklər.

Zəngəzur özünün yerləşmə mövqeyi, qeyri-adi təbiəti və tarixi-mədəni zənginlikləri ilə hər kəs üçün cazibədardır. Cənubi Qafqaza ilk dəfə səyahət edən çox sayda əcnəbi üç parçaya bölünmüş böyük Azərbaycan arasındakı bu dilimin xəritədə nədən başqa rəngdə olmasını çox çətin başa düşür. Eləcə də Naxçıvana ilk dəfə səyahət edən turistlər də nəyə görə bu ərazinin Azərbaycanın əsas hissəsindən nədən aralı düşdüyünü anlamaqda çətinlik çəkirlər. Doğurdan da son min il ərzində baş vermiş tarixi prosesləri bir tərəfə qoyub, hətta mövcud xəritəyə belə diqqətlə baxdıqda Dərbənddən Zəncana, Xəzərdən Kərkükə qədər üç tərəfdən Türk-Oğuz yaşayış məskənləri ilə əhatə olunmuş bir ərazinin nəyə görə ermənilərə aid olduğu hər kəsdə haqlı suallar yaradır. Hər halda tarixi ədalət olsaydı bu belə olmamalıydı!

Tarixi Azərbaycan torpağı Zəngəzurun turizm marağı baxımından öyrənilməsi nostaljiyə qayıdış və gələcək iqtisadi-humanitar inkişaf perspektivləri baxımından çox əhəmiyyətlidir. Keçmişə qayıdış ona görə vacibdir ki, yeni dövrdə Zəngəzura səyahət edə biləcək hər bir şəxs, xüsusən, gələcək nəsillər bu torpağın əsl sahibləri haqqında təsəvvürlər əldə edə biləcək, indiki Ermənistanın bir dövlət kimi formalaşdırılması zamanı baş vermiş bütün hadisələrin gerçək üzü ilə tanış olacaqlar. İndiki dövrdə emənilər hər nə qədər buradakı yerləri erməniləşirilmiş adları ilə dünyaya tanıtmağa

çalışsalar da Zəngəzurun təbii gözllikləri, eləcə də emənilərin buraya göçürülməsindən min il əvvəllər mövcud olmuş tarixi abidələrin yerlərinə, türkmənşəli yaşayış məntəqələrinə qayıda bilmək, bu baxımdan, hər bir azərbaycanlının arzusudur. Qərbi Azərbaycanda indiki erməni əhalsinin dörddə üçünün təxminən 200 il əvvəl, yəni 1828-ci il Türkmənçay müqaviləsindən sonra buraya köçürülməsi ilə yarandığını və onların heç zaman burada aborigen insanlar olmadığını biliriksə, o zaman Zəngəzurun və digər mahalların da türkmənşəli yaşayış məntəqələri, qədim mədəniyyət nümunələri də bizim diqqətmizi cəlb edir. Belə yaşayış məntəqələri isə çox da uzaq olmayan keçmişdə yüzlərlə və daha çox olub. Belə ki, 1932-ci ildə, yəni Sovet hakimiyyətinin kifayət qədər gücləndiyi bir dövrdə Tiflisdə dərc olunmuş “Sovet Ermənistanın əhalisi” adlı nəşrdə ermənilərin özləri tərəfindən bu ölkdəki 2310 kənddən 2000-nin adının türk mənşəli olduğu göstərilir. Bu ölkədəki 36 rayondan 33-də azərbaycanlıların yaşaması da tarixi sənədlərdə çox ciddi şəkildə əks olunmaqdadır. Zəngəzura gəldikdə isə XX əsrin əvvəllərində bu mahaldaki 7 rayonda 240 azərbaycanlı kəndi olub ki, bu say da ermənilər yaşayan məntəqələrin sayından 3 dəfə artıq idi.

Zəngəzurun tarixi çox keşməkeşli olub. Hələ VII əsrdə ərəblərin istilasına məruz qalmış Zəngəzur daha sonra xronoloji olaraq Şəddadi, Səlcuqlu, Monqol, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı dövlətlərinin tabeliyində olub. Nadir şahın ölümündən sonra Azərbaycanda xanlıqların yaranması ilə Zəngəzur mahalı əsasən Qarabağ xanlığının tərkibində olub. XIX əsrin əvvəlində Cənubi Qafqaza rusların gəlməsi ilə başlayan qara günlər Zəngəzurdan da yan keçməmişdir. Əvvəllər Qarabağ əyalətinin tərkibində Həkəri və Bərgüşad çayları hövzəsindən tutmuş Zəngəzur dağ silsləsinədək böyük bir mahalı tutan bu torpaqlar 1841-ci ildə Zəngəzur və Mehridən ibarət olmaqla iki yerə bölünmüşdür. Daha sonrakı dövrlərdə Zəngəzurun taleyi daha da mürəkkəb olsa da bu ərazinin Qafqaz Albaniyası dövründə olduğu kimi yenə də Azərbaycanın tərkib hissəsi olduğu tarixi sənədlərdə qəti şəkildə öz əksini tapıb. Buna görə də xalqımızın Zəngəzura olan marağı hər bir azərbaycanlının min illər ərzində formalaşmış su yaddaşından süzülüb gələn Vətən sevgisinin məhsulu kimi dəyərləndirilməli və bütün dünya da bunu belə qəbul etməlidir.

Yüzillər əvvəlki kimi indi də Zəngəzurda zəngin tanışlıq və təbii-rekreasya ehtiyatları vardır. Təəssüf ki, buradakı təbii və tarixi-mədəni turizm ehtiyatları hazırda Ermənistan tərəfində istismar olunub, bu ölkə iqtisadiyyatına külli miqdarda gəlir qazandırır. Ona görə də bunların Azərbaycana məxsus ehtiyatlar kimi tanınması və tanıdılması baxımından, gələcəkdə Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutunun mühüm cazibə elementləri kimi öyrənilməsinin əhəmiyyəti böyükdür. Ermənilər 30 ilə yaxın bir dövrdə işğal etdikləri Qarabağ torpağından qovulduqdan sonra onların Azərbaycanın nə qədər sərvətlərini talan etdiyini görən dünya bundan sonra Zəngəzurda və eləcə də indiki Ermənistanda nə qədər sayda tarixi Azərbaycan kənd və şəhərlərini erməniləşdirdiyini, alban kilsələrini qriqoriyanlaşdırıb erməni abidəsi kimi istismar olunduğunu, azərbaycanlıların təkcə XX əsrdə dörd dəfə deportasiya məruz qoyulduğunu, məskənlərini necə yox edildiyini səyahətlər yolu ilə öz gözləri ilə görəcək. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Azərbaycan Orlusunun Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: Ermənistan bunu istəsə də, istəməsə də!

Naxçıvandan Zəngəzur dəhlizi ilə bu uzun və maraqlı yola çıxanlar ilk olaraq Zəngəzurun Mehri rayonu ilə tanışlıq imkanı əldə edirlər. Azərbaycanlılar üçün bu bir növ daxili turizm marşrutu olsa da gələcəkdə Zəngəzur dəhlizindən istifadə edəcək olan əcnəbilər üçün bu yol çox maraqlı beynəlxalq turizm marşrutu kimi yaddaşlarda qalacaq. Adının heç cür sona qədər erməniləşdirilə bilinmədiyi Mehri cənubda Araz çayı vasitəsilə İranla, qərbdə Ordubad, şərqdə Zəngilan və şimalda Qafan rayonları ilə həmsərəhddir.

Ərazisi təxminən 660 kvadrat kilometr olub, yüksək dağlıq lanşafta malikdir. Sovet dövründə rayon ərazisindən, Araz çayı boyunca Azərbaycanın mülkiyyətində olmuş dəmir yolu keçirdi. 1988-ci ildən ermənilərin başlatdığı münaqişədən sonra bu dəmir yolu da istifadəsiz qalmış, yol infrastrukturu dağıdılmış, hətta polad relslər belə metal parçası kimi qonşu ölkəyə satılmışdır. Mehri rayonu ərazsində sonradan adları eybəcər hala salınmış çox sayda azərbaycanli kəndləri vardır. Hazırda beş min nəfərdən də az əhalisi olan Mehri şəhəri ilə yanaşı rayondakı irili-xırdalı cəmi 13 kənddən adları Aynazur, Əlidərə, Əmrah daşı, Bənövşəbuşt, Qul, Maralzəmi, Mülkü, Nüvədi kimi qədim türklərə aid yurd yerlərini misal göstrmək olar ki, müasir Ermənistandakı gərgin demoqrafik vəziyyət ucbatından onların da əksəriyyəti tamamilə boşdur.

Mehri özünün yüksək dağ aşırımı ilə seçilir. Şimaldan 2500 metrdən yüksək olan dağ aşırımı və cənubdakı Mehri qalası diqqətləri cəlb edir. Zəngəzura köçürülmüş erməniər bir qayda olaraq alban kilsələrinin özləşdirilməsi ilə məşğul olduğundan Mehri qalası qalıqlarının erməniləşdirilməsinə imkan tapmamışlır. Əvəzində, Mehriyə gəlmiş turistlərin yol qeydlərindən və fotoşəkillərdən buradakı tipik erməni həyat tərzi elementləri diqqəti cəlb edir. Belə ki, Qarabağdan fərqli olaraq yaxın keçmişdə bu torpaqlarda döyüşlər olmasa da dağıdılmış infrastruktur, primitiv sosial-mədəni şərait və Anadolu türklərinin ifadəsi ilə desək “Hacı Murad dönəmi”ndən qalmış nəqliyyat vəsitələri və yaşayış binaları Mehridə çarpıcı olaraq nəzərə çarpır. Tarixi-nostalgiya baxımından Zəngəzura səyahət edən turistlər üçün Mehridə ən cazibədar yaşayış məntəqələrindən biri şübhəsiz, Nüvədi kəndidir. Belə ki, 1920-ci ildə Moskvanın təzyiqi ilə Zəngəzurun Ermənistana verilməsindən sonra Nüvədi kəndi əvvəlcə Zəngilanda qalmışdır. Lakin, 1969-cu ildə rəsmi olaraq Mehri rayonuna hədiyyə olunmuş Nüvədi kəndi Sovet hakimiyyəti dövründə də bu respublikada azərbaycanlılara qarşı həyata keçirilmiş mənəvi terror və diskriminasiyaya qarşı inadla müqavimət göstərmiş, burada gülcü təsərrüfat qurmuş və öz vəsaitləri hesabına sosial-mədəni həyat şəraiti-məktəb, klub, kitabxana, həkim ambulatoriyası yaratmış, 30-dan artıq alim yetişdirmişlər. 1988-ci ilin sonuna yaxın artıq Ermənistandan 250 min nəfər soydaşımızın deportasiyası tamamlansa da Nüvədi azərbaycanlıların son qala statusunu qoruyub saxlayraq yalnız 1991-ci ilin avqustundua rus əsgərlərinin də dəstəyinə arxalanan ermənilər tərəfindən işğal olundu və kəndin 2 minə yaxın sakini qaçqın düşdü. Buna görə də Naxçıvan-Zəngəzur-Şuşa marşurutunda hər bir azərbaycanlının Nüvədi dastanı ilə yerində tanış olması, bu kənddə qalmış həyat izlərini öz gözləri ilə görmək istəyi olacaqdır. Turizm marağı baxımından Zəngəzurun hər yerində olduğu kimi Mehrinin Nüvədi kəndində də qədim türk tayfalarının izlərinə rast gəlmək olar. Nüvədi yaxınlığındakı Qarqadaş dağındakı Göytürk qayaüstü rəsmlərini xatırladan peiroqliflər qədimdə burada yaşamış olan Qar-qar tayfalarından xəbər verir.

Qafan Zəngəzurun böyük rayonlarından biri olub, cənubda Qubadlı və Zəngilan, şərqdə Sisyan və Qorus, cənub-qərbdə Mehri rayonları ilə həmsərhəddir. Ərazisi Mehri rayonundan təxminən 2 dəfə çox olub 1345 kvadrat kilometrdir. Əsasən dağlıq əraziyə malik olub, ən yüksək zirvələri Qapıcıq və Xusdub dağlarıdır. Dəmir yolu xətti vardır. Qafan Bakı və İrəvan şəhərlərindən təxminən eyni məsafədədir.

Qafana tarixi nəzərdən baxdıqda, erməni sovet ensiklopediyasında da yazıldığı kimi bütün Zəngəzurda olduğu kimi bu qədər böyük ərazinin V əsrdən 1920-ci ilə qədər heç bir erməni dövlətinin tərkibində olmadığını görürük. Zəngəzurla ilk dəfə tanış olanlar üçün təkcə Qafan rayonunda 200-dən artıq kənd, çay, göl, dağ zirvəsi adlarının türk mənşəli olduğunu bilmək çox maraqlı faktlardır. Nə qədər erməniləşdirilməyə çalışsalar da müasir Ermənistan xəritəsində hələ də belə adları görmək mümkünüür. Kitabi Dədə-Qorqud dastanında da xatırlanan belə yurd yerlərmiz Zəngəzur mahalında da rast

gəlinməkdədəir. Qafanda 1988-ci ilədək 40-a yaxın kənddə sırf azərbaycanlılar yaşamışdır. Lakin 1918-ci ildə bu kəndlərdə, xüsusən, 5 mindən çox əhalisi olmuş Qatar, 2 mindən çox əhalisi olmuş Oxçu kəndlərində baş vermiş qırğınlar nəticəsində azərbaycanlılara qarşı kütləvi cinayətlər törədilib.

Qafana getmək üçün səyyahlar Mehri-Qacaran yolunu seçə bilərdər. İran sərhəddindən 50 kilometr məsafədə, Oxçu çayı yatağında yerləşən və keçmiş adı Oxçu olmuş bu şəhər özünün mis-molibden mədənləri ilə tanınır. Buradan təxminən 30 kilometr məsafədəki Qafan şəhərinə 40 dəqiqəyə çatmaq olar.

Qafan Zəngəzurun böyük şəhərlərindən biridir. Ermənistanda törədilmiş ən son etnik təmizləmədən sonra 1991-ci ildə şəhərin adı da mənəvi terrora məruz qalaraq rəsmi qərarla “Kapan” adlandırılmışdır. Habuki, “Qaf” dağı haqqında Azərbaycandakı mövcud əfsanəyə görə Qapıcığa ən yaxın böyük şəhərin adının onunla bağlı olması da ən məntiqli səslənir. Oxçuçayın orta axarındakı Qafan Cənub-şərqdən Bərgüşad, cənubdan Mehri dağ silsiləsi, qərbdən Xustub zirvəsi ilə əhatə olunmuşdur. Qafanın təkrarsız təbiəti və florası çox qədimlərdən səyyahları özünə cəlb etmişdir. Qafan Zəngəzurda meşələrlə zəngin olan bir rayondur. Burada Oxçuçay hövzəsinin yuxarı hissəsində “Turşsu” deyilən məşhur mineral bulaqlar vardır. Qazangöl və Yaşılgöl gölləri də Qafanda yerləşir.

Qafanın zəngin tarixi keçmişi vardır. Hələ eramızdan yüzillər əvvəl insan məskənləri kimi adı çəkilən Qafan Qafqaz Albaniyasının bir hissəsi kimi burada baş verən hadisələrin mərkəzində olub. Yaşanılan tarix, istər qədim Alban dövlətləri, istər ondan sonrakı dövrdə burada mövcud olmuş müxtəlif dövlətlərin təsiri nəticəsində yaradılmış mədəniyyət nümunələri burada heç bir zaman erməni kökənli insanların izlərinə dair ipucları vermir. Bölgənin təbii, tarixi-mədəni zənginliyi qədim türk dillərində də ifadə olunduğu kimi sırf milli morfo-etnik mənşəyimizi əks etdirir. Bu baxımdan, təkcə Mehri və Qafan nahiyələri arasındakı Mehri və Xusdub dağlarının arasındakı yerləri xatırlamaq kifayətdir — “Ördəkli yurdu”, “Darbərə yaylağı”, “Qaraçılar yurdu”, “Qoşa nov yaylağı”, “Xankəndi yaylağı” “Bəsitçay” və sair kimi yerlər, yaxud, Qazançı, Ağkənd, Mahmudlu, Daşbaşı, Kürkənd, Çiriş, Şəhərçik və sair kimi çox sayda türk toponimli yaşayış məntəqələri buranın əzəli sakinlərinin kimliyindən xəbər verir. Təkcə Şəhərcik kəndinin tarixçəsinə baxsaq, bu gün ermənilər Qafanda Njde və Andronik kimi cəlladalara abidə qoyub, bununla dünyaya meydan oxuduqları bir vaxtda, bir zamanlar, yəni 1918-ci ildə Zəngəzurda tüğyan edən erməni terroruna qarşı kənd sakinlərinin əfsanəyə dönmüş müdafiəsini yada salmaq kifayətdir. Hafizələrdə yaşayan tarixə əsasən, o dövrdə kəndi qoruyan 140 nəfər könüllü il yarım ərzində son nəfəsə qədər döyüşüb, Andronikin qoşunlarına ağır zərbələr vurublar. Tarixi mənbələrə görə könüllülərin komanidirlərindən olmuş Səhlalı Orucəli oğlu ağır yaralı halda ermənilərə əsir düşməmək üçün öz anasından onu evində yandırmağı istəyib. Erməni toplarının atəşi altında qalan kəndin son sakinləri Zəngəzur sisiləsinin çətin keçilən aşırımlarından keçərək Ordubad kəndlərinə sığınblar. Sovet hakimiyyətinin qurulmasından sonra öz doğma kəndlərinə qayıda bilən 600-ə yaxın şəhərcikli burada təsərrüfat və sosial həyat qursalar da daim mənəvi terrora məruz qalıblar. Belə ki, sovet dövründə Ermənistanın hər yerində olduğu kimi təhsil sahəsində azərbaycanlılara qarşı göstərilən diskriminasya burada özünü göstərib. 1960-cı illərdə belə Şəhərcikdə dərslər məscid binasında, sonra isə kolxozun öz hesabına tikilmiş dördotaqlı binada gündə iki və üçnövbəli olmaqla keçilib.

Təbii ehtiyatlar baxımından Qafan təkcə Zəngəzurun deyil, bütün Ermənistanın ən zəngin yerlərindəndir. Əlvan metal filizləri ilə zəngin olan Zəngəzurun bu bölgəsi XIX əsrdə Qərbi Azərbaycanın bütün gəlirinin yarıdan çoxunu təşkil edib. Şübhəsiz, bu sahədə qazancları Qarabağın işğalı dövründə Kəlbəcərin və Zəngilanın da mis və qızıl

sərvətlərinin qarət edilməsi üçün onların iştahını artırıb, Azərbaycana milyardlarla dollar ekoloji və maddi zərər vurublar. Qafandakı mineral ehtiyatları mənimsəməklə yanaşı ermənilər sənaye tullantılar ilə Araz çayı hövzəsini də çirkləndiriblər. Turizm ehtiyatlarına gəldikdə isə Qafan bölgəsində Oxçuçay dərəsinin bənzərsiz landaşftı, bolsulu çaylar, Göygöl gölü, Oxtar çayı, fauna və flora, həmçinin Qafan qalası, Qazan xanın məskən saldığı yerlə bağlı olan Qazan düşən adlı yer, adı Babək hərəkəatı ilə bağlı olan Darvaz qalası, Govurqala, xalq qəhrəmanı Babəkin müəllimi Cavidanın adı ilə bağlı olan Pircavidan məqbərəsi, Kığı çayının sahilində yerləşən Hacat kəndindəki abidələr Qafanın görməli yerlərindəndir.

Çar Rusiysı dövründə Zəngəzurun mərkəzi olmuş Gorus unikal təbii gözəliklərə malikdir. 20 min nəfərdən artıq əhalsi olan Gorus şəhəri ətraf landşaftına görə çox cazibədardır. Bu şəhər Zəngəzurun və eləcə də Qarabağa gedən yolun kəsişmə nöqtəsində olub, mühüm tranzit mövqeyindədir. Gorusa Qafandan və Sisian-Laçın dəhlizindən keçməklə çatmaq olar. Zəngəzurun ən gözəl və ən böyük su hövzəsi sayılan Qara gölün böyük bir hissəsi Gorus rayonunun ərazisindədir. Gorus təkcə Zəngəzurun deyil, bütün Qərbi Azərbaycanın ən yağıntılı bölgələrindəndir. Yayın ortasında burada havanın orta temperaturu 20 dərəcəyə yaxın olur ki, bu da şəhərli turistlər üçün çox cazibədardır. Təbiət baxımından Gorus şəhəri ətrafındakı Daş meşə olduqca turistik cəzibə gücünə malikdir. Vulkanik proseslər nəticəsində formalaşmış qara və qəhvəyi rəngli daş sütunlar fotoqraf həvəkarları üçün sevimli yerdir. Hər il Ermənistan bu resursların istifadəsindən də külli miqdarda valyuta qazanır. Gorusun digər görməli yerlərindən biri olan və XIII əsr tarixçisi Stepanos Orbelinin əsərlərində adı çəkilən və qədim Azərbaycan dilində “varlı” mənasını verən Xınzirək kəndi özünün daş mağaraları ilə çox cazibədardır. Bu böyük kəndin adını ermənilər özlərinə xas olan tərsliklə dəyişdirərək çətin tələffüz edilən “Xndzoresk” qoymuşlar. Bununla bir şey dəişməsə də dəyişilən bu yaşayış yerinin əhalsinin ötən əsrin əvvələrinə görə kəskin azalmasıdır. Belə ki, erməni mənbələrinə əsasən XX əsrin əvvələrində burada 8 mindən çox əhali olsa da 50-ci illərdə bu rəqəm 3 minə, hazırda isə 2 minə qədər azalıb ki, burada da azərbaycanlıların deportasiyasının izləri açıq görünməkdədəir. Xınzirək kəndindəki daş mağaralar həm tarixi əhəmiyyəti, həm də təbii gözəllikləri ilə turistlərin diqqətini cəlb etsə də, təəssüf ki, müasir dövrdə ermənilər bu mağaraların üçdə ikisindən təsərrüfat və ferma məqsədilə istifadə edir, mal-qara saxlayırlar ki, bu faktlara da tursitlərin qeydlərində və fotolarda rast gəlinir.

Zəngəzurun digər bölgələri kimi Gorus da zəngin tarixi keçmişə malikdir. Gorus toponimi türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır. Rayonda çox sayda türk mənşəli toponimlərə rast gəlinir. Belə ki, 1918-ci ilə qədər Gorus ərazisində 45 azərbaycanlı kəndi olmuşdur. 1988-ci ildə isə bu rayonda cəmisi 5 azərbaycanlı kəndi qalmışdır ki, onların da əhalisi həmin ilin sonunda deportasiya edilmişdilər. Onlardan hazırkı dövrdə adı tez-tez hallanan Şurnux kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. Gorus şəhərindən 17 km cənubda, Qafan-Gorus magistral yolunun kənarındakı bu kənddə ən qədim zamanlardan 1989-cu ilədək qədər yalnız azərbaycanlılar yaşamışdır. Hələ 1979-cu ilin əhai siyahıya alınmasına görə Gorusun bu ən böyük kəndində 120 təsərrüfat və 600-ə yaxın sakin olub. 1988-ci ilin sonunda burada yaşayan azərbaycanlıların köçürülməsindən sonra 80 erməni ailəsinin buraya köçürülməsi haqda hətta İrəvanda çıxan Kommunist qəzetinin yaydığı xəbər də vardır.

Gorusun turzm cazibə elemetntərndən ən mühümü şübhəsiz, burada bazalt qayalıq üzərində yikilmiş Tatev alban kilsəsidir. Gorusa 30 kilometr məsafədə, tarixi IX əsrdən məlum olan məlum olan bu unikal memarlıq abidəsi orta əsrlərdə Zəngəzuru özünə tabe etdirmiş müxtəlif dövlətlər tərəfindən ələ keçirilib. Zəngəzura ermənilərin köçürülməsindən sonra burada saxta erməni mədəniyyətinin təbliğinə çalışılmış, hətta

1921-ci ildə burada Sovet hakimiyyətini tanımayan oyuncaq Dağlıq Ermənistan Respublikası da elan olunmuşdur. İndinin özündə də ermənilər Tatev kilsəsini bütün dünyaya özlərininkiymiş kimi tanıtmağa çalışaraq, burada geniş turizm infrastrukturu da yaratmağa çalışmışlar. Ancaq halbuki, belə alban məbədləri təkcə Zəngəzurda deyil, bütün Qarabağda, o cümlədən Azərbaycanın digər yerlərində də vardır. Bərdə, Şəki, Qəbələ və diğər rayonlarla yanaşı Kəlbəcər rayonundakı XIII əsr Xudavəng memarlıq kompleksi, Laçın rayonunun Kosalar kəndindəki IX əsr Ağoğlan məbədi, Xocavənd rayonu Sos kəndindəki IV əsr Amaras monastırı, rayonun Tuğ kəndindəki X əsr Qırmızı məbəd alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridirlər.

Ümumi ərazsi 4505 kvadrat kilometr olan Zəngəzurun üçdə bir hissəsindən çoxu Qarakilsə (Sisyan) rayonunun payına düşür. Rayon eyni zamanda Qərbi Azərbaycanın da ən böyük rayonudur. Cənub-şərqdən Gorus, cənubdan Qafan rayonu, şimal-qərbdən Dərələyəzin ən yüksək zirvəsi olan Kükü dağı ilə həmsərhəd olub, dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri ilə əhatə olunub. Zəngəzurun ən bol sulu çayı olan Bazarçay bu rayonun ərazisindən keçirir. Bazarçay axarı boyunca dar dərələrdən keçərək müxtəlif yerlərdə gözəl şəlalələr əmələ gətirir. Gənubi Qafqazdakı ən gözəl şəlalələrindən biri, 18 metr hündürlükdən tökülən Bazarçayın üzərində Şəki şəlaləsi də Sisyandadaır.

Əslində, “Sisian” adı ilkin yazılı mənbələrin əksəriyyətində ”Sisakan” kimi qeyd olunur. Bu ad ərəb, fars mənbələrində Sisəcan, Sisiyan, Sisakan şəklində çəkilmişdir. Sisyanda rast gəlinən eradan əvvəl II-III minilliyə gedib çıxan qayaüstü rəsmlərin Krım və Qazaxıstan kurqanlarında tapılan rəsmlərə, Qobustan və Gəmiqaya abidələrinə oxşaması bu ərazilərin aborigen əhalisinin məhz türkdilli tayfalar, o cümlədən, saklar olduğunu göstərir. Saklar isə ən böyük türk tayfalarından olub, eradan öncə IV-III minilliklərdən başlayaraq Çinin şimalından, Tibetdən Qazaxıstana, Krıma, Qara dəniz sahillərinə, eradan öncə I minillikdə isə Qafqaza qədər yayılmışlar. Başqa sözlə, tarixi mənbələrə əsasən, X əsrə qədər Zəngəzurda bir nəfər də erməni olmamışdır.

Sisyan erkən orta əsrlərdən başlayaraq müxtəlif müharibələrin mərkəzində olmuşdur. Ərəblərə qarşı Babəkin son döyüşlərinin aparıldığı Urud qalası və Babəkin tutularaq xilafətə təhvil verildiyi Şəki qalası da Sisyan rayonunun ərazisindədir. Qala Bazarçayın sahilində, Darvaztəpə dağının zirvəsində yerləşir. Şəki qalası Azərbaycanda eramızdan əvvəl VII-V əsrlərdə məskunlaşan Saka adlı türk tayfasının adını qoruyub saxlayıb. Şəki qalası həm də Qızıl Arslanla Nizami Gəncəvinin görüş yeridir.

1828-30-cu illərdə buraya da xeyli sayda erməni ailələri köçürülüb, Qarakilsənin müxtəlif kəndlərinə yerləşdirilib. Ancaq bununla yanaşı rayondakı 58 yaşaış məntəqəsinin 53-də azərbaycanlılar yaşamışdır. 1918-ci ildə Andronikin terror dəstəsi burada yaşayan 12 min azərbaycanlıdan 5 minə yaxınını qətlə yetirmiş, sonrakı dövrlərdə də soydaşlarımız burada təzyiqlərə məruz qalmışdır. Nəticədə 1988-ci ilə qədər Sisyanın yalnız 11 yaşayış məntəqəsində azərbaycanlılar yaşayırdı. Qızılcıq, Sofulu, Murğuz, Şıxlar, Ağüdü, Bağüdü, Urud, Ərəfsə, Comərdli, Dəstəgird, Şəki burada min illər boyu yaşamış azərbaycanlıların son yurd yerləri olub. 1988-ci ilin sonlarında bu kəndlərin sakinləri də zorla köçürülüblər. Halbuki, bu kəndlərin əhalisi bir zamanlar Sisyanda mədəni həyat sürüb, təsərrüfatla məşğul olublar. Belə ki, təkcə 2 min nəfəri yaşadığı Ağüdü kəndində 1988-ci ilə qədər 300 yerlik müasir mədəniyyət evi, 700 şagirdin təhsil aldığı məktəb olub.

Comərdli kəndi Sisyanın azərbaycanlılar yaşamış dağ kəndlərindən biridir. Kənddən keçən Xırda çayı Sisyanın Ərəfsə kəndindən keçən Dəli çaya qovuşur və Bazar çaya tökülür. “Comərdli” kəlməsi kəndin əsasını qoymuş Comərd adlı kişinin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ata yurdu olan Comərdli kəndində rəsmi statistikaya görə 1988-ci qədər 800-dən çox sakin yaşamışdır. 1918-ci

ilin yayında Andronikin daşnak qoşunu Comərdli kəndinə də hücum etmiş, lakin sakinlərin sərt müqaviməti ilə rastlaşmışdır. Sovet dövründə Comərdlidə yaşayan azərbaycanlılar buradaki Şırran bulaq, Əli bulağı, Sarı bulaq, Xırda çay, Təknə göl, Laləli bulağı, Sandıq daş, Qoyun dağılan, Çala yurd, Dəvə boynu, Ərzurum, Gamış uçan, Vənli dərə, Sallıq, Qaravış daşı, Əhməd yoxuşu, Səlim gədiyi kimi türk mənşəli adları qoruyub saxlamışlar. 1988-ci ilin dekabr ayında çox sayda tanınmış elm və içtimai xadimlərin vətəni olmuş Comərdli kəndini də ermənilər işğal və talan etdilər .

Şəki kəndi Zənşəzurun ən qədim və ən böyük azərbaycanlı kəndlərindən biridir. Kənd özünün bulaqları ilə çox tanınır. Kəndin iki min ildən çox yaşı olduğu güman edilir. Kənddə Sovet hökuməti qurulana qədər böyük ruhani məktəbi olub. 1988-ci ildə bu kəndin 1700 nəfərə yaxın sakini də təzyiqlərə məruz qoyub, həmin ilin noyabrin 24-dən 25-nə keçən şecə Şəki camaatı bir gecədə öz doğma yurdlarından çıxarılıblar. Eyni faciəvi hadisələr rayonun Urud, Dəstəgird və digər kəndlərində də baş verib.

Turizm baxımından Sisyanda mövcud olan ən mühüm tanışlıq obyekti buradakı Qoşundaş abidəsidir. Neolit dövrünə aid olduğu ehtimal edilən abidə yerə bitili və dik dayanmış 200-dən artıq nəhəng daşlardan ibarətdir. Dairəvi formada düzülmüş daşların hündürlüyü təxminən 1,5-2,2 m, eni 60-80 sm-dir. Daşlarının bəzilərinin ağırlığı 10 tona qədər olan bu unikal abidəyə ermənilər sonralar iyrənc ad yapışdıraraq onu turistlərə tanıdır, külli miqdarda qazanc əldə edirlər. Ümumilkdə, Sisyanda qayaüstü rəsmlər və daş qoç abidələr də geniş yayılıb, rayonun kəndlərində sıx rast gəlinməkdədir.

Yüz dəfə eşitməkdənsə, bir dəfə gedib görmək yaxşıdır. Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutu özünün bənzərsiz cazibədarlığı ilə hər bir səyahətsevərin diqqətində olacaq. Bu marşrut üzrə azərbaycanlı turistlər üçün maraqlı olan turizm növlərindən biri, şübhəsiz, etnik turizm olacaq. Kifayət qədər uzun müddətdə öz ata-baba yurdlarından uzaq düşmüş insanların öz yaxınlarını və ya onların məzarlarını ziyarət etmək üçün çıxdıqları səyahət növü olan etnik turizm bu mənada Zəngəzur və eləcə də bütün Qərbi Azərbaycan torpaqlarını bir daha görmək istəyən azərbaycanlı turistləri özünə cəlb edəcək. Etnik baxımdan təəssüf ki, azərbaycanlıların burada yaşayan yaxınları daha qalmasa da, əvəzində hər kənddə, hər şəhərdə onlara doğma olan insanların məzarları vardır.

Ona görə də biz bu torpaqlara yenidən qayıdacağıq!

(davamı var)

Əli CABBAROV,

Naxçıvan Dövlət Universitetinin dosenti,

Sankt-Peterburq Beynəlxalq Turizm Akademyiasının üzvü