“Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın bir sıra ali təhsil ocaqlarının müəllimləri, turizm sahəsi üzrə mütəxəssislər arasında “Koronavirus pandemiyasından sonra turizm sahəsində görüləcək tədbirlər və fürsətlərin araşdırılması: Naxçıvan modeli” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, dosent Əli Cabbarov, İstanbul Universitetinin professoru Haluk Tanrıverdi, turizm üzrə fəlsəfə doktorları Dilbər Quliyeva, Arif Yılmaz və Sercan Yıldız mövzu ilə bağlı müzakirələr aparıblar.

Məlumat üçün bildirək ki, diskusiya şəklində keçirilən onlayn konfrans “Koronavirus sonrası Naxçıvan turizminin strateji təhlili”, “Koronavirusla mübarizədə Naxçıvan modeli: Sosial, iqtisadiyyat və turizm sahələrinə təsiri”, “Naxçıvan Muxtar Respublikasının turizm potensialı və koronavirus pandemiyasından sonrakı dövrdə bu potensialdan ən səmərəli istifadə imkanları”, “Turizmdə davamlılıq məfhumu, alternativ və maraq turizmi və yeni trendlər, koronavirus sonrası olacaq islahatlar”, “Koronavirus pandemiyasına qarşı görülən tədbirlərin turizm sektoruna və Azərbaycan turizminə təsirləri”, “Koronavirus sonrası ehtimal olunan turizm təsirləri: Avropa və Türkiyə, pandemiya sonrası istehlakçı və turist davranışlarındakı dəyişiklik”, “Naxçıvanda turizmin inkişaf faktorları və perspektivləri” mövzularını əhatə edib.

Çıxışlarda qeyd olunub ki, dünyada geniş yayılmış pandemiyaya qarşı muxtar respublikada çox ciddi mübarizə tədbirləri görülüb və nəticədə virusun yayılmasının qarşısı alınıb. İllərdir atılan mütərəqqi addımlar sayəsində əhalinin yerli məhsullara olan tələbatının ödənilməsi sərhədlərin bağlanması şəraitində belə heç bir problemin yaşanmamasına imkan verib. Həmçinin Naxçıvanda infrastruktur quruculuğunun yüksək səviyyədə həyata keçirilməsi, sənaye müəssisələrinin ekoloji  təmizliyə cavab verməsi və digər vacib amillər koronavirus sonrası iqtisadiyyatın, turizmin bərpasında xüsusi əhəmiyyət daşıyacaq.

Bildirilib ki, araşdırmalar nəticəsində hər bir böhransonrası bərpa edilən turizm sahələrindən səhiyyə və dini turizmə daha böyük ehtiyac yarandığı məlum olub. Təqdirəlayiq haldır ki, bunların hər ikisi üçün Naxçıvanın böyük potensialı vardır. Bu baxımdan muxtar respublika ərazisindəki Əshabi-Kəhf ziyarətgahına müxtəlif ölkə vətəndaşlarının axının çoxalmasını indidən proqnozlaşdırmaq mümkündür. Eyni zamanda Naxçıvanda böyük məscidinin tikilməsi də dini turizmin gələcək inkişafını şərtləndirəcək. Koronavirusun ağciyərlə bağlı bir xəstəlik növü olduğunu  nəzərə alaraq pandemiyadan sonrakı dövrdə Duzdağ Fizioterapiya Mərkəzinin də səhiyyə turizminin inkişafındakı payının daha da artacağını söyləmək olar. Ümumilikdə, görülən qabaqlayıcı tədbirlər və vaxtında atılan addımlar belə deməyə əsas verir ki, koronavirus pandemiyasından sonrakı dövrdə Naxçıvan Muxtar Respublikasında turizm sahəsi öz əvvəlki vəziyyətinə qayıdacaq və turist axını dinamik artımla davam edəcək.

 

Nail ƏSGƏROV