Odlar yurdu Azərbaycanın dilbər guşəsi olan qədim Naxçıvanın tarixinə nəzər saldıqda bugünkü inkişafa qədər diyarımızın çox enişli-yoxuşlu, keşməkeşli yol keçdiyinin şahidi olarıq. Bu yollarda addımlamaq çətin və mürəkkəb olsa da, qədim diyarın insanları hər zaman gələcəyə nikbin baxıb, qürurla irəliləməyi bacarıblar. Bütün sahələrdə əzmlə çalışaraq inkişafa nail olublar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır”. 

Keçmişdən fərqli olaraq müasir dünyanın reallıqları çərçivəsində ən son yaşanmış çətinliklərin tarixi ilə bizi 30 ilə yaxın bir zaman ayırır. Naxçıvan Muxtar Respublikasının bugünkü intibahı diyarımıza gələn qonaqların düşüncəsi ilə dünən və bu gün arasındakı kəskin fərqi müqayisə etməyə yetərincə imkan verir...

Ötən ay paytaxt şəhərimiz Bakıya səfər etməli idim. Vaxtından əvvəl gəldiyim Naxçıvan Beynəlxalq Hava Limanında uçuş üçün qeydiyyatdan keçdikdən sonra vətəndaşların xidmətində olan kafedə əyləşib gözləyirdim. Bu gün hər bir naxçıvanlıya bəllidir ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Naxçıvan Beynəlxalq Hava Limanından da yan ötməyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həmin hava limanı üçün yeni uçuş-enmə zolağının inşası da diqqətimdən yayınmadı. Ətrafa xeyli nəzər saldıqdan sonra kafedə əyləşən bir nəfər qərib görünüşü ilə diqqətimi cəlb etdi. Bir müddət sonra həmin şəxsə yaxınlaşaraq yanında oturmaq üçün icazə istədim və əyləşdim.
Söhbətimiz əsnasında məlum oldu ki, Nurəddin Abdullayev Rusiya Federasiyası vətəndaşıdır. Bir az da peşəmlə bağlı olduğundan söhbət maraqlı gəldi. Çünki Naxçıvana gələn xarici ölkə vətəndaşlarının muxtar respublikamızla bağlı təəssüratları həmişə diqqətimi çəkib.
Nurəddin Abdullayev dedi ki, uzun müddətdir, Rusiya Federasiyasında yaşayıram. Düz 19 ildir, Naxçıvanda olmamışam. Qardaş-bacılarım burada yaşayır. Uzun zamandır, gəlməyi düşünürdüm. Qismət bu vaxta imiş.
– 19 il sonra yenidən səfər etməyinizə səbəb nə idi?
– Qohumlarımdan birinin toy məclisi üçün gəlmişdim. Qohumlarım Naxçıvanın əvvəlki vəziyyətindən əsər-əlamət qalmadığını deyirdilər. Düzdür, muxtar respublikanı mütəmadi olaraq sosial şəbəkələrdən izləmə fürsətim olurdu, iqtisadi inkişaf barədə az da olsa, məlumatlı idim. Lakin, düzünü desəm, burada, həqiqətən də, əsl möcüzə baş verib!
– Möcüzə?..
– Əlbəttə. Bu ancaq sizin üçün real görünə bilər... 90-cı illər yaddaşıma müharibə, aclıq, soyuq və şaxta, yoxsulluqla yazıl­dı. Buz kimi adamı kəsən şaxtada soyuq siniflərə kitab-­dəftərsiz, yamaqlı paltarla getdiyimiz günlər də az olmadı (bir qədər susur) ... Xatırlayıram, mən buradan gedən günü atam sübh tezdən çörək növbəsinə durduğundan onunla heç sağollaşa da bilmədik. Bir müddət sonra atamın dünyadan köçdüyünü öyrəndim. Atamla məni sağollaşmadan ayıran çörək növbəsini unutmadım o gündən bəri...
Muxtar respublikaya gəldiyim zaman, təbii ki, əvvəlcə aidiyyəti yer üzrə qeydiyyata alınmağım lazım idi. Elə bu səbəbdən də üz tutduğum ilk orqan Dövlət Miqrasiya Xidməti oldu. Çünki burada qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparıldığını bilirdim. Düşünürdüm ki, bu proseslər çətin və yorucu olacaq. Lakin gözlədiyimin əksinə, əlavə vaxt itirmədən və artıq xərc çəkmədən tələb olunan sənədləri təqdim etdikdən sonra qısa zamanda müvafiq icazə ilə təmin olundum.
Burada keçirdiyim bir neçə gün ərzində Naxçıvanı qarış-qarış gəzdim. Şahidi oldum ki, ötən illərlə müqayisədə bu gün tamam başqa mənzərə qarşısındayam. Son onilliklərdə Naxçıvanın hər qarışı abadlaşıb, yüzlərlə istehsal və xidmət sahələri yaradılıb, müasir suvarma şəbəkələri qurulub, minlərlə iş yerləri açılıb, hətta ən ucqar kəndlərdə belə, yeni məktəblər tikilib, yüzlərlə tarixi abidə bərpa edilərək ikinci ömrünü qazanıb. Bu gün Naxçıvan, sözün əsl mənasında, inkişaf və tərəqqiyə qovuşub.
– Bəs daha hansı dəyişikliklər diqqətinizi çəkib?
– Avropa ölkələrində hər hansı bir şəhərin iqtisadi göstəriciləri sırasında yol infrastrukturuna xüsusi diqqət edilir. Dövlət qayğısının nəticəsidir ki, bu gün muxtar respublikanın hər yerində ən müasir standartlara cavab verən abad və geniş yollar çəkilib. Bu da digər inkişaf etmiş ölkə şəhərləri ilə müqayisədə çox yüksək göstəricidir.
İki gün əvvəl yolumuzu Ağbulaq İstirahət Mərkəzindən salmışdıq. Sübh çağı idi, yağış yağırdı. Ucqar dağ kəndinin yollarına başdan-başa asfalt örtük salınması, hətta yolboyu rənglənmiş qaz borularının bizi müşayiət etməsi də diqqətimdən yayınmadı. Kəndin təbiəti, havası və müasir infrastrukturu məni heyran etmişdi.
Sonra Əshabi-Kəhf ziyarətgahında olduq. Yaddaşımda bu müqəddəs yerlə bağlı bəzi məqamlar ilişib qalmışdı. Əvvəllər buranın yolları narahat, kələ-kötür, yaşıllıq cəhətdən çox kasad idi. Yol kənarlarında bir ağacın belə, olmaması da yaxşı yadımdadır.
Buraya çatar-çatmaz xoşagəlməz iy ətrafı bürüyər, ziyarətgahdan çox hər hansı bir natəmiz restoranı xatırladardı. Pilləkənlər, ziyarət ocağı isə hər an uçmaq təhlükəsində idi. Lakin bu dəfə gördüklərimdən belə qənaətə gəldim ki, insan möcüzələri gözləmirmiş, onu özü yaradırmış.
Öyrəndiyimə görə, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin, 3 il əvvəl isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi və qayğısı ilə bu ziyarətgahda geniş təmir-bərpa işləri aparılıb. Texnika burada işləyə bilmədiyi üçün əllə daşınan tikinti materialları hesabına hər tərəf səliqə-sahmana, təmizliyə qərq olub. Əvvəllər “Damcılı mağara”ya, “Cənnət bağı”na, “Yeddi kimsənə”yə qalxmaq müşkül məsələ idisə, artıq həmin yerlərə çox rahatlıqla getmək mümkündür. Ümumiyyətlə, Naxçıvanda şahidi oldum ki, burada hər hansı bir muzeyə, turizm obyektinə gedərkən bələdçilər səni sona qədər müşayiət edir, ətraflı məlumat verirlər. Həm də pulsuz. Əshabi-Kəhfdə də eyni mənzərə ilə qarşılaşdım. Fikrimcə, bu, örnək olacaq bir addımdır.
– Bayaq maraqlı nə isə danışacağınızı deyirdiniz?
– Yaxşı yadıma saldınız. Ötən gün alış-veriş üçün ticarət mərkəzində idim. Mağazaların birindən lazım olan əşyaları alıb kassadan uzaqlaşırdım. Bir az getməmişdim ki, kassada çalışan xanımın məni səslədiyini eşitdim. Pulumun qalığını almağı unutmuşdum. Həqiqətən, deməyə söz tapa bilmədim. Doğrusu, gəzib-gördüyüm yerlərdə belə hadisələrlə çox az hallarda rastlaşmağım mənə doğma yurdumun insanlarının necə yüksək mənəvi dəyərlərə malik olduğunu az qala unutdurmuşdu. Hadisəni qardaşıma danışanda burada yaşayan hər kəsin belə dürüst və təmiz olduğunu bildirdi.
Həmçinin Naxçıvanda tarixə, milli kökə bağlılıq çox möhtəşəmdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi abidələrə, mədəniyyətə böyük həssaslıqla yanaşması təqdirolunasıdır. Düşünürəm ki, hər bir ölkənin, şəhərin tarixinə verilən dəyər keçmişə ehtiramın bariz nümunəsidir. Möminə xatın türbəsi, Qarabağlar Türbə Kompleksi, eyni zamanda Əlincə qalasında da bunun bir daha şahidi oldum.
Duzdağa da getmək şansım oldu. Axşama doğru olsa da, bu qədim diyarın dünyaca məşhur olan möcüzəvi məkanı – Duzdağ Fizioterapiya Mərkəzini görməyə tələsirdim. Ora çatanda artıq hava qaralmışdı. Amma bununla belə, mərkəzdə iş, deyəsən, bundan sonra başlayırdı. Çünki buradakı xəstə­lərin çoxu bir saat öncədən bu şəfa ocağına ­gəlmişdi.
İçəriyə daxil olan andan şaxta məni cəzb etməyə başladı. Dərmansız, təbii quruluşu ilə insanların dərdinə çarə olan bu yer, sözün əsl mənasında, möcüzəvidir.
– Naxçıvana yenidən gəlməyi düşünürsünüzmü?
– Təəssüf ki, işlərimlə bağlı budəfəki səfərim qısa çəkdi. Amma növbəti dəfə uzun müddət qalmağı fikirləşirəm. Ailəmi də gətirməyi qərarlaşdırmışam. Çünki Naxçıvan zəngin təbiətə malik olmaqla yanaşı, həm də təhlükəsizliyin qorunduğu diyardır.
Oğlumun səhhətində müəyyən problemlər var. Düşünürəm ki, Duzdağa gətirib burada müalicə etdirim. Bu fikrimi oradakı həkimlərə də bildirdim. Məmnuniyyətlə ­qarşıladılar.
Onu da deyim ki, əgər bir diyarda inkişaf gedirsə, o, ilk növbədə, əmin-amanlıq sayəsində mümkündür. Hər gün dünyanın bir sıra şəhərlərində insanlar qanunsuzluqla, özbaşınalıqla qarşılaşır. Lakin Naxçıvanda hara üz tutursan, səni mədəni qarşılayıb, qonaqpərvərliklə yola salırlar.
– Tanışlığımıza məmnun oldum. Səmimi söhbət üçün sağ olun!
Artıq uçuş vaxtıdır. Biz təyyarəyə doğru irəliləyirik.
Düşünürəm ki, həqiqətən, həyata keçirilən bu uğurlu siyasətin bəhrələri, “Naxçıvan möcüzəsi” kimi dəyərləndirilən unikal inkişaf modeli Vətənə hədsiz sevgi, böyük zəhmət nəticəsində yaranıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bunu belə xarakterizə edib: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.

Arif BAYRAMOV
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat və
ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi