Bərəkətli torpağı, saf suyu, təmiz havası, bol Günəşi və füsunkar təbiəti olan Naxçıvan bu qədim diyara üz tutan hər kəsi heyran edir. Xüsusən də son illərdə muxtar respublikada turizmin inkişafı sahəsində görülən işlərin nəticəsi olaraq buraya səfər edən turistlərin sayı ildən-ilə daha da artır. Naxçıvana səfər edən hər bir turist burada tarixilik və müasirliyin vəhdətinə valeh olur.
Turistlər həm də informasiya təbliğatçılarıdır. Muxtar respublikaya üz tutan hər bir xarici ölkə vətəndaşı sosial şəbəkələr vasitəsilə Naxçıvanın gəzməli-görməli yerlərində çəkdikləri şəkilləri paylaşır, daha geniş auditoriyada müzakirələr aparır və gəzdikləri yerləri daha çox insanın tanımasına, maraq göstərməsinə səbəb olur. Digər tərəfdən, muxtar respublikaya gələn turistlər öz ölkələrinə qayıtdıqdan sonra ətraflarındakı insanlara Naxçıvan haqqında təəssüratlarını danışmaqla yurdumuzun gözəlliklərini təbliğ edirlər.
Naxçıvana səfər edən Türkiyə Cümhuriyyətinin vətəndaşı Bekir Şenyıldızın dediyinə görə, muxtar respublikamıza gəlməsinin əsas səbəbi məhz sosial şəbəkələrdə və tele­viziyalarda bu qədim diyar haqqında gördüyü məlumatlardır.
Qonağımızın burada olduğu günlər mənim məzuniyyət vaxtıma təsadüf etdiyindən ona bələdçilik etmək, gəzməli-görməli yerlərə birlikdə getmək imkanım oldu. Doğma yurd yerini onunla birlikdə bir daha kəşf etmək, gedəcəyimiz yerlər haqqında əvvəlcədən məlumat vermək məni daha çox sevindirirdi. Türkiyəli turistimizin muxtar respublika haqqında öyrəndiyi məlumatları daha da genişləndirmək istəyini nəzərə alaraq ilk olaraq muzeylərimizə üz tutduq. Daha sonra Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, “Əlincəqala” tarixi abidəsi və muzeyi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və digər yerlərdə olduq.

Türkiyəli qonağımızla Naxçıvan gəzintimiz bitdikdən sonra onun muxtar respublikamız haqqında təəssüratlarını öyrəndim. O, söhbətimiz zamanı dedi:
– Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın digər rayonlarında olmuşam. Əvvəllər bir neçə dəfə qardaş ölkəyə səfər etsəm də, Naxçıvana gəlmək şansım ­olmayıb.
Bekir Şenyıldız bunu bir az da məlumatsızlıqla əlaqələndirir:
– Bu ilin əvvəlində televiziyada qədim diyarınız haqqında çəkilmiş sənədli filmə baxdım və Nuh Peyğəmbərin yaşadığı torpağı görmək qərarına gəldim.
“Naxçıvan məni valeh etdi”, – deyən müsahibim bildirdi ki, Azərbaycan çox gözəl ölkədir və mən deyərdim ki, Naxçıvan Azərbaycanın incisidir. Bura, həqiqətən də, dünyada insanların arzuladığı sakit, təmiz, gözəl yerlərdən biridir. Sakinləri mehriban, gülərüzdür. Muxtar respublikanın bölgələri də öz gözəlliyi ilə insanı heyran edir. Burada milli adət-ənənələr təkcə muzeylərdə yox, hər bir evdə yaşadılır. Mənim üçün bu diyardakı muzeylərə ekskursiyam da maraqlı oldu. Naxçıvan Dövlət Tarix və Ədəbiyyat muzeyləri, Açıq Səma Altında Muzey, bir sözlə, bütün mədəniyyət müəssisələri türklərin yaşadığı qədim yurd yeriniz haqqında məlumatlar əldə etdim. Mən ədəbiyyat müəllimi olduğum üçün Ədəbiyyat Muzeyi daha çox diqqətimi çəkdi. Bu torpaqda böyük şairlərin, yazıçıların, elm adamlarının yetişdiyini öyrəndim.
“Naxçıvan qadına ehtiramın vətənidir”, – söyləyən Bekir Şenyıldız onu da dedi ki, ümumiyyətlə, türk xalqları həmişə qadına-anaya hörmətlə yanaşıblar. Mən gəzdiyim ölkə­lərdə qadınlara hörmət və ehtiramın ifadəsi olaraq inşa edilən bir çox abidələr görmüşəm, ancaq Naxçıvandakı Möminə xatın türbəsi hamısından fərqlənir. Buraya ilk gəlişimdə türbənin gözəlliyi məni valeh etdi. Bu abidə, sanki Naxçıvanın mirvarisidir. Abidənin tarixini ­öyrəndikdən sonra isə daha çox heyrətləndim.
Burada məni təəccübləndirən yerlərdən biri də Duzdağ mağarası oldu. Dünyada belə müalicəvi məkan, demək olar ki, yoxdur. Orada olarkən öyrəndim ki, dünyanın bir çox ölkə­lərindən Duzdağa müalicə məqsədilə insanlar axın-axın gəlir. Əminliklə deyə bilərik ki, Duzdağ insanlar üçün bir nemətdir.
Müsahibim dedi ki, qədim diyardakı Əshabi-Kəhf mağarası bütün İslam aləmi üçün önəmli bir ziyarətgahdır. O vurğuladı ki, dünyada bir neçə belə mağara var, eləcə də Türkiyənin Tarsus şəhəri yaxınlığında. Mən orada da bir neçə dəfə olmuşam. Ancaq Naxçıvan Muxtar Respublikasındakı “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gəldikdə bu yerin, həqiqətən də, möcüzəvi aurasına qapıldım. Mağaranı bir az gəzdikdən sonra özümü sirli-sehrli bir aləmdə hiss etdim. Naxçıvan, həqiqətən də, möcüzəvi bir diyardır.
Son olaraq müsahibim bildirdi ki, yamyaşıl parkları, bağçaları, təmiz küçələri, rahat yolları, yaraşıqlı binaları, təmiz havası, gözəl təbiəti olan ecazkar Naxçıvana yenidən gəlmək, buranı təkrar görmək istəyirəm və hər kəsə öz səfərlərini mütləq bu qədim yurd yerindən salmalarını tövsiyə edəcəyəm. Çünki Naxçıvan dünyanın naxışı – cənnətməkandır...

Pərviz HACILI