Rusiyanın “Mədəniyyət” televiziyasının Azərbaycan elmi haqqında hazırladığı filmin çəkilişlərinin bir hissəsi muxtar respublikada aparılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları verilişin çəkiliş prosesini izləyiblər.
Muxtar respublikada çəkilişlərinə aprelin 6-dan başlanılan verilişin redaktoru Marina Orlova, rejissoru Aleksey Jukov, kinooperatoru isə Maksim Xəlilovdur. İlk gün Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Gülüstan türbəsində çəkilişlər aparılıb. Aprelin 7-də isə çəkiliş heyəti Qarabağlar Türbə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar. Tarixi abidələrdə çəkiliş aparan televiziyanın əməkdaşlarına muxtar respublikanın qədim tarixi və adət-ənənələri haqqında ətraflı məlumat verilib.
Çəkilişlər zamanı muxtar respublikada türk-islam mədəniyyəti abidələrinin elmi tarixi əsaslarla bərpa və təmir edilməsi önə çəkilib.

Qeyd edək ki, Rusiyanın “Mədəniyyət” tele­viziyasının Naxçıvanda apardığı çəkilişlər dünən də davam etdirilib. Qonaqlar AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda ayrı-ayrı şöbə və laboratoriyalarda olub, çəkilişlər ­aparıblar.
Rusiyanın “Mədəniyyət” televiziyasının çəkiliş qrupu, həmçinin Naxçıvan teleradiosu ilə də tanış olub. Çəkiliş qrupunun rəhbəri Marina Orlova Naxçıvan televiziyasına müsahibə verib. O deyib:
– Naxçıvanda olduğumuz müddətdə bir sıra çəkilişlər apardıq, tarixi abidələriniz çox xoşuma gəldi. Buradakı hər bir tarixi abidənin fərqli memarlıq üslubunun olması diqqətimi çəkdi. Qarabağlar Türbə Kompleksində də olduq. Burada məlumat verildi ki, bu tarixi abidə qədim quruluşu qorunmaqla elmi əsaslarla yenidən bərpa edilib. Təəssüflənirəm ki, biz bu gün qayıdırıq. Bu qədim, zəngin diyardan xoş təəssüratlarla ayrılırıq. Çalışacağam, yenidən bu gözəl diyara gələm.

Onu da deyim ki, Naxçıvan məni çox təəccübləndirdi. Ona görə ki, buranın insanları gülərüz və qonaqpərvərdirlər. Şəhər çox təmizdir. Bu təmizliyi mən çoxdandır heç yerdə görmürdüm. Sanki bura müasir bir Almaniya şəhəridir və burada almanlar yaşayır. Lap ucqar kəndlərə gedəndə də gördüm ki, yollar çox abadlaşıb, hər bir kəndə qaz, işıq çəkilib. Çox gözəl haldır ki, kəndlərdə sürətli internet mövcuddur. Bu gün Naxçıvan televiziyasına gəldim və buradakı şəraiti görüb bir daha təəccübləndim. Televiziya müasir texnoloji avadanlıqlarla təchiz olunub. Mənə məlumat verildi ki, Naxçıvanda 2011-ci ildən rəqəmsal yayıma keçilib. Rusiyada rəqəmsal yayıma hələ indi keçirlər. Televiziyanın studiyaları, montaj otaqları, arxivi, radiosu, kitabxanası ən müasir standartlara cavab verir. Bunların hər biri gələcəyə hesablanmış işlərdir. Mən, həmçinin “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyəti ilə də tanış oldum. Burada kollektiv üçün müasir iş şəraiti yaradılıb, kompüter və digər avadanlıqlar istifadəyə verilib. Təbii ki, bütün bunların hər biri məndə xoş təəssürat yaratdı. Mən özüm peşəkar televiziya işçisiyəm və burada yaradılan şəraitə peşəkarcasına qiymət verirəm.

“Nuhçıxan” İnformasiya Agentliyi