Bu gün azad bazar iqtisadiyyatı sisteminin tələbləri çərçivəsində inkişaf edən muxtar respublikamızın beynəlxalq aləmə inteqrasiyası sahəsində mühüm addımlar atılır, dünya dövlətləri ilə iqtisadi əlaqələri genişləndirilir. Bu əlaqələrin mühüm bir istiqamətini də turizm təşkil edir. Hansı ki turizm bu gün artıq bütün dünyada ən gəlirli sahələrdən birinə çevrilib. Bu iqtisadi sektorun dünya təcrübəsi göstərir ki, inkişaf etmiş regionlarda dövlət və əhali gəlirlərinin 30 faizə qədəri turizm fəaliyyəti ilə bağlıdır. 

Son illərdə Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdən birinə çevrilib və həyata keçirilən tədbirlər ildən-ilə bu qədim diyara gələn turist sayının artması ilə müşahidə olunur. Xüsusilə 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulmuş vəzifələrin icrasının uğurla davam etdirilməsi turizmin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradıb. Həmin müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikanın turizm potensialı bura səfər edən xarici ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Lakin mövcud turizm potensialı imkan verir ki, bu sahə də inkişaf etdirilsin. Turizmin inkişafı isə aid dövlət qurumları ilə yanaşı, həm də hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə düşən əsas vəzifələrdəndir. Muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği hər kəsi düşündürməli, konkret tədbirlər həyata keçirilməlidir”.

Turizmin inkişaf etdirilməsində ən başlıca amil sabitliyin qorunub saxlanılmasıdır. Çünki turistlər üçün getdikləri ölkədə təhlükəsizliyin təmin olunması ilk sırada gəlir. Baxmayaraq ki, ölkəmiz uzun illərdən bəri müharibə vəziyyətindədir, aparılan dövlət siyasətinin ən başlıca qayəsi vətəndaşların təhlükəsizliyinin və ictimai-siyasi sabitliyin davamlılığının təmin edilməsidir. Digər tərəfdən, infrastruktur imkanlarının geniş və əlçatan olması turizm üçün əsasdır. Muxtar respublikamızda şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrində də həyata keçirilən tikinti-quruculuq tədbirləri, o cümlədən yolların abadlaşdırılması, nəqliyyat-rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və sair mövcud şəraitdən istifadəni asanlaşdırır ki, bu da turizmin inkişafı üçün mühüm şərtlərdəndir. Muxtar respublikamızda tarixi abidələrin əsaslı şəkildə təmir-bərpa olunaraq istifadəyə verilməsi, müxtəlif profilli mədəniyyət müəssisələrinin fəaliyyətə başlaması milli dəyərlərə göstərilən qayğının bariz nümunəsi olmaqla yanaşı, həm də mədəniyyət amilinin turizmdə nə qədər önəmli olduğunu ortaya qoyur.
Təbii ki, turizmdə hər bir bölgənin milli koloriti təbliğ olunduğu üçün həmin bölgənin özünəməxsusluğu bu sahənin inkişafında əhəmiyyətli rola malikdir. Bu baxımdan Naxçıvanın turizm potensialı qədim diyarın tarixi, uzaq keçmişə dayanan zəngin mədəniyyəti, cəlbedici landşaftı, ekoloji vəziyyəti, təbii cəhətdən saf qida məhsulları, mətbəxi, qonaq­pərvərliyi, yerli sakinlərin əcnəbilərə tolerant davranışı kimi bir çox tərəfləri özündə birləşdirir.
XXI əsrin turistlərini ən çox maraqlandıran isə turizmdə yeni bölgələrin kəşf edilməsidir. Burada isə ənənəvi maraqlar ikinci plana keçir. Fərqli maraq və düşüncələrin təminatını ödəyən bölgələr dünyada o qədər də çox deyil. Naxçıvan isə beynəlxalq turizm üçün yeni bölgə olduğundan, eyni zamanda özünəməxsus, dünyada nadir rast gəlinən bir çox rasional dəyərləri əhatə etdiyindən qədim diyarda bu sahənin inkişafı üçün unikal imkanlar mövcuddur. Məsələn, bəşəriyyətin ikinci yaranışını özündə əks etdirən tarixi ərazilərin, bütün dinlərin yaranışından əvvəl təkallahlılığı təbliğ edən Əshabi­-Kəhf mağarasının, heç bir ölkədə bənzəri olmayan Duzdağın, kiçik bir ərazidə yerləşən yüzlərlə mineral su yataqlarının, çoxsaylı qədim insan məskənlərinin mövcudluğu Naxçıvanın dünya turizmi üçün yeni bir qapı olduğunu göstərir. Əlbəttə, ­potensialın olması zəruri amillərdəndirsə, bu potensialın tanıdılması, təbliğ edilməsi daha vacib şərtlərdəndir. Elə Naxçıvanın beynəlxalq turizm bazarına inteqrasiyasını təmin edən əsas məsələlərdən biri də bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsidir. Bu sahədə atılan addım­lardan biri kimi son illərdə muxtar respublikada təşkil olunan beynəlxalq tədbirlər məxsusi əhəmiyyət daşıyır. Həm beynəlxalq idman yarışları, həm də mədəni-­humanitar tədbirlər əcnəbilərin Naxçıvanla tanışlığında mühüm rol oynayır. Sevindirici haldır ki, turizmin inkişafına kompleks yanaşmanın tətbiqi son illərdə muxtar respublikaya turist axınının sürətlənməsinə öz təsirini göstərib. Məsələn, statistikaya görə, 2014-cü ildə muxtar respublikamıza 378 min turist gəlib. 2015-ci ildə bu rəqəm 390 min, 2016-cı ildə isə 403 min nəfər olub. 2017-ci ildə muxtar diyarımıza gələn turistlərin sayı 413 min 357 nəfər təşkil edib. Yəni turistlərin Naxçıvana səfərində hər il artım dinamikası müşahidə olunub. 2018-ci ilin ötən 6 ayında isə muxtar respublikaya 195 min 886 turist gəlib. Turizm mövsümünün davam etdiyini nəzərə alsaq, ilin sonunadək Naxçıvana səyahət edəcək turistlərin sayının çox olacağını indidən proqnozlaşdırmaq mümkündür. Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı, eyni zamanda İslam Mədəniyyətinin Paytaxtı statusunu daşıması cari ildə bu qədim Azərbaycan diyarına səfər edənlərin sayını daha da artıracaq.
Yeri gəlmişkən, Ümumdünya Turizm Təşkilatının “Dünya turizm barometri” nəşrinin ilin əvvəlində verdiyi proqnozlara görə, 2018-ci ildə dünyada turist axınının 4-5 faiz yüksələcəyi gözlənilir. Təbii ki, bu, son illərdə turizm sahəsində sürətlə inkişaf edən ölkəmizə, o cümlədən muxtar respublikamıza təsirsiz ötüşməyəcək. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasının Şərq-Qərb dəhlizi üzərində əlverişli tranzit imkanlarına və cəlbedici turizm potensialına malik olması yaxın gələcəkdə qədim diyarın turizm qovşağına çevrilməsində əhəmiyyətli rol oynayacaq.

 Səbuhi HƏSƏNOV