Naxçıvan Muxtar Respublikasının rəngarəng turizm ehtiyatları əsasında turizm marşrutları hazırlamaq məqsədilə silsilə yazılar təqdim edirik. Növbəti səfərimiz Şahbuz rayonu istiqamətinədir. Naxçıvanda özünün təbii iqlim şəraiti, landşaft gözəllikləri və canlı təbiəti ilə təkcə muxtar respublikamızın deyil, həm də ölkəmizin ən füsunkar guşələrindən hesab olunan Şahbuzun yaxın gələcəkdə həm yay, həm də qış turizmi həvəskarlarının sevimli istirahət və əyləncə yeri olacağı gözlənilir. 

Şahbuza qonaq dəvət edəndə adamların təsəvvüründə ilk olaraq təbiət gözəli Batabat canlanır. Bu marşrutun təsvirinə də Batabatla başlamaqla işimizin uğur qazanacağına inanırıq. Əvvəlki yazılarımızda da qeyd etdiymiz kimi, Batabat Naxçıvanın Ordubad və müqəddəs Əshabi-Kəhf ziyarətgahı kimi hələ onilliklər əvvəl insanların təsəvvüründə yer tutaraq, bir növ, turizm markası halına gəlmişdir. Batabat, onun müasir turizm imkanları haqqında müasir dövrün imkanlarına görə az yazsaq da, bir vaxtlar bu yerlərin gözəllikləri dillər əzbəri nəğmələrin nəqəratı olmuşdur. Bununla yanaşı, yeni işə başlayan turizm təşkilatçısı, savadlı turizm mütəxəssisi Şahbuza gələn qonaqlarına təqdimat sıxıntısı çəkmədən onları dərhal Batabata aparmağa tələsməməli, bu marşrut üzərində onlarla digər görməli yerlərin ardıcıllıq metodologiyasını yaxşı mənimsəməlidir. Dünya turizm praktikasında tətbiq olunan belə tövsiyələrin nəzərə alınması bu marşrutun da daha sevilən və qazanc gətirən olmasına imkan verəcəkdir. Necə deyərlər, marşrutun ən maraqlı nöqtəsi onun finalı olmalıdır.

Şahbuz şəhəri Naxçıvan şəhərindən cəmi 30 kilometr aralı məsafədə yerləşir. Ona görə də muxtar respublikamızın paytaxtından Şahbuz istiqamətdə hərəkət edən turistlərə səyahətin müddəti və məqsədi haqqında qısa giriş verdikdən dərhal sonra rayonun görməli yerləri, təbii-landşaft gözəllikləri haqqında ilkin məlumatların çatdırılmasına başlamaq mümkündür. Şahbuza turistləri daşıyan lüks avtobus və ya mikroavtobus dağlara doğru yaxınlaşdıqca gözlər önündə Dərələyəz və Zəngəzur silsiləsinin ecazkarlığı canlanır. Dağ­ətəyi və dağlıq ərazilərdə havanın həmişə təmiz və mülayim olması ilin bütün fəsillərində buraya səfər edən turistlərdə gözəl təəssürat yaradacaq ilk amillərdəndir: sən demə, cənnət elə Naxçıvandaymış!
Şahbuz-Batabat marşrutu üzərində yeni salınmış rahat və geniş yolla irəliləyərək Heydər Əliyev Su Anbarına yaxınlaşdıqca qarşımızda qeyri-adi mənzərə açılır. Xüsusən yazın bu aylarında hər tərəfi yaşıllıqlarla örtülmüş bu insan əli möcüzəsi dağların qoynunda süslənmiş bir gözəl kimi onun seyrindən doymayanlara gəl-gəl deyir. Bəli, bu ərazinin turizm potensialı çox böyükdür. Belə ki, Naxçıvan şəhərindən çox da uzaqda olmaması, yayda havanın nisbətən mülayim və təmizliyi yaxın gələcəkdə burada həftəsonu turizminin inkişaf edəcəyindən xəbər verir. Qeyd etmək lazımdır ki, artıq bir neçə ildir, su anbarının ətrafı yazın ortalarından tutmuş payızın sonlarınadək xeyli qələbəlik olur. Xüsusən həftə sonları burada onlarla avtomobil, mikroavtobus saymaq olar. Adamlar ailəvi çay içib dincəlməklə, balıq tutmaqla asudə vaxtlarını keçirirlər. Son dövrdə burada yaradılmış çimərlik şəraiti və muxtar respublikamızda su hövzələrinin təmizliyinə göstərilən diqqət çimərlik həvəskarlarının ürəyincədir. Gələcəkdə su anbarının ətrafında təşkil olunacaq müasir infrastruktur, nəqliyyat, ticarət, iaşə və digər xidmətlər burada keçirilən asudə vaxtın daha mənalı təşkilinə şərait yaradacaq və xarici turistləri də buraya cəlb etməyə kömək edəcəkdir. Turizmdən valyuta gəlirləri əldə etmək üçün bütün bunlar zəruri şərtlərdir. Su anbarının suvarma və elektrik enerjisi istehsalı baxımından əhəmiyyətinə turizmin də əlavə olunması onun inşasına çəkilmiş xərclərin daha tez ödənilməsi, daha çox yeni iş yeri açılması deməkdir. 
Şahbuz şəhərinə çatana qədər turistlərə veriləcək ən maraqlı informasiyalardan biri rayonun təbii-mineral zənginlikləri haqqında məlumat ola bilər. Xüsusən dünyaca məşhur “Badamlı” mineral süfrə suyunun mənşəyi burada, Şahbuz şəhərinə çatmamış eyniadlı kəndə gedən yol üzərindədir. Qonaqlarımıza bu istiqamətdə ayrıca bir ekskursiya vədi verərək Şahbuza doğru tələsirik. Qarşıda bizi daha görməli, yaddaqalan yerlər, obyektlər, maraqlı insanlar, adət-ənənələrlə tanışlıq gözləyir.
Şahbuz qədim yaşayış məskənidir. Ərazidən tapılmış qədim maddi-mədəniyyət nümunələri bölgənin tarixinin eramızdan əvvəl III min­illiyə qədər qədim olduğundan xəbər verir: Küküçay və Ağbulaq kəndində və digər yerlərdə tapılmış arxeoloji tapıntılarla tarixçilər belə qənaətə gəlmişlər. Müasir dövrdə isə Şahbuz inkişaf edən gözəl bir şəhərdir. Xüsusən 2007-ci ildən rayon mərkəzi şəhər statusu aldıqdan sonra rayonda aparılan quruculuq tədbirləri daha da genişləndirilmişdir. Bunlar sırasında turistlərimizi birbaşa maraqlandıran, yəni onlara göstərilən xidmətlərin çeşidi və keyfiyyətinə təsir edən obyektlərin, istirahət guşələrinin sosial infra­struktur şəraitini xüsusilə vurğulamaq lazımdır. Muxtar respublikamızda aparılan geniş quruculuq işləri arasında turizm-istirahət komplekslərinin də yaradılması, kənd­lərdə aparılan kütləvi abadlıq və yeniləşmə tədbirlərindən Şahbuza da pay düşməsi 815 kvadratkilometr ərazisi olan bu rayonun da simasını günü-gündən dəyişməkdədir.
Şahbuzda turizmin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün imkanlar vardır. Şahbuz muxtar respublikamızda kənd-yaşıl turizminin inkişafı üçün ən yaxşı təbii şəraitə malik bir yerdir. Rayon ərazisindən Naxçıvançayın başlanğıcı olan gursulu çaylar il boyu axaraq burada təkcə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün deyil, eyni zamanda turizmin də inkişafı üçün əlverişli imkanlar yaradır. Doğrudan da, su Şahbuzun əsl sərvətidir. Burada “Badamlı”, “İşgəsu”, “Böyrək suyu” kimi mineral sularla bərabər, rayonun bütün ərazisindən qaynayıb axan büllur kimi bulaq suları da vardır. İlin isti fəsillərində Şahbuza gələn qonaqlar şəhərin girəcəyindəki Rüstəm meşəsində və Batabat yolu üzərində yeni salınmış İşgəsu istirahət kompleksində mənalı vaxt keçirib dincələ bilərlər. Əgər yolunuzu Şahbuzun digər kəndlərinə də salmaq üçün şəhərdə qalmaq istəsəniz, buradakı kiçik mehmanxananın xidmətlərindən istifadə etmək mümkündür. Kəndlərə gəldikdə isə, ilk olaraq, Ağbulaq kəndində inşa edilən turizm-istirahət kompleksinin imkanlarından və kəndlərdəki əhaliyə məxsus yaraşıqlı yaşayış evlərindən kirayə yolu ilə istifadə etmək olar. Bu istiqamətdəki ərazilərdə isə turistlərimiz təbiətlə birbaşa ünsiyyət qurub müxtəlif formada istirahətlərini edə bilərlər. Belə ki, Şahbuzun zəngin dərman bitkiləri əsasında herbari turizmi, unikal landşaftından istifadə ilə fotoovçuluq, Kükü və Keçili kəndlərində dağ yürüşləri, qaya və yamac paraşütü, Batabat və Qanlıgöl yaylaqlarında kamp turizmi və digər ekoturizm yarımnövlərini turistlərə təklif etmək olar. Bunların həyata keçirilməsi üçün turizmin təşkilinin bir nömrəli məsələlərindən biri olan kadr məsələsi də gələcəkdə çətinlik yaratmayacaqdır. Rayonda artıq xeyli sayda turizm ixtisası üzrə Naxçıvan Dövlət Universitetini və eləcə də ölkəmizin digər ali təhsil müəssisələrini bitirmiş gənc, xarici dil bilən ixtisaslı kadrlar vardır.

Şahbuza səfər etmiş turistlərdə maraq oyadacaq maraqlı təkliflərdən biri rayon ərazisində əhalinin məşğuliyyəti və həyat tərzi ilə bağlı unikal elementlər ola bilər. Şahbuz xalqımızın milli dəyərlərini özündə əks etdirən maraqlı el adətlərinin, xalq sənətkarlığının, aşıq sənətinin, qədim peşələrin davam etdirildiyi bir regiondur. Hələ çoxdan bəri sinədəftər ixtiyarların yurd yeri kimi tanınmış Şahbuzun həm də el ağsaqqalları, alimlər, şairlər, cəsur döyüşçülərin də vətəni olması turistlərimiz tərəfindən maraqla qarşılanacaqdır. Qonaqlarımızla növbəti görüş yerimiz rayon üzrə növbəti marşrutların birində – Kükü, Batabat, Ağbulaq, Badamlı, Nursu və Keçili kəndləri istiqamətlərində olacaqdır. 

Əli CABBAROV