İtaliyanın nüfuzlu “Daily cases” xəbər saytında naxçıvanlı jurnalist Sara Əzim­ovanın “Dünyada bənzəri olmayan şəfa ocağı” sərlövhəli məqaləsi yerləşdirilib.
Məqalədə müəllif əvvəlcə “Planetin cinayətsiz regionu”, “Nuh Peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlarını özündə qürurla daşıyan Naxçıvan Muxtar Respublikası haqqında italiyalı oxuculara məlumat verib. Yazıda Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngin bir diyar olduğu qeyd edilib.
Müəllif Naxçıvanın təbii ehtiyatlarının 90 milyon tonunu özündə cəmləşdirən duz mədənində yaradılan möcüzəli Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyətindən, mərkəzin son illərdə Naxçıvanda həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu ünvanlardan biri olmasından söz açıb. Qeyd edib ki, dünyada bir neçə yerdə belə xəstəxana fəaliyyət göstərir. Sual oluna bilər, bəs niyə Naxçıvandakı Duzdağın dünyada bənzəri yoxdur? Cavab isə belədir: Duzdağ Fizioterapiya Mərkəzi dünyada mövcud olan həmin müalicə ocaqlarından bir çox üstünlükləri ilə seçilir. Məsələn, ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Həkimlərin fikrincə, bu şaxtada rütubətin normadan artıq olması və partlayıcı gücə malik metan qazı kimi zəhərləyici qazların normadan çoxluğu burada öz təsirini göstərir. Naxçıvandakı şaxtalar isə dağın altındakı tuneldə yerləşdiyindən bu kimi hallara rast gəlmək mümkün deyil. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr, təxminən, 300 metr məsafəlik yolu özləri piyada qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır.
Jurnalistin İtaliyanın saytında yazını verməkdə məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan və bu xəstəlikdən əziyyət çəkən insanları məlumatlandırmaqdır. Yazıya belə yekun vurulur: “Məlumdur ki, sağlamlığın bərpa olunması üçün təbii üsullarla müalicə ən yaxşı vasitədir. Ən sərfəli qiymətlərlə Naxçıvanın Duzdağında sağlamlığınıza qovuşa bilərsiniz. Siz həm də Naxçıvan torpağında dünyada bənzəri olmayan bir çox tarixi abidələrlə də tanış olmaq imkanı əldə edəcəksiniz. Bu məmləkətdə turistlər üçün vacib olan inkişaf və sabitlik var”.
Qeyd edək ki, saytda Duzdağ Fizioterapiya Mərkəzi və “Duzdağ” oteli ilə bağlı fotolar da yerləşdirilib.