Mayın 31-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkəmizin aparıcı media nümayəndələri muxtar respublikaya səfər ediblər.

 Qonaqlar xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Burada media nümayəndələrinə görkəmli dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Həmin gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu” mövzusunda konfrans keçirilib.
Konfransın iştirakçıları əvvəlcə universitetdə fəaliyyət göstərən Media Mərkəzi ilə tanış olublar. Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi ən müasir texnoloji avadanlıqlarla təchiz olunub və burada gələcəyin peşəkar jurnalistlərinin yetişməsi üçün hər cür şərait mövcuddur. Qonaqlara Universitet televiziyası, “Nuhçıxan” radiosu və mətbuat şöbəsi, həmçinin universitetin “Yeni fikir” qəzetinin fəaliyyəti barədə məlumat verilib. Media nümayəndələri müxtəlif radio və televiziya verilişlərinin, xəbərlərin hazırlanması, açıq dərslərin yazılması proseslərini izləyiblər.
Ölkəmizdə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, muxtar respublikanın media orqanlarının əməkdaşları, eləcə də Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələrinin iştirakı ilə keçirilən konfransı universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ölkənin aparıcı media rəhbərlərinin Naxçıvana səfərinin sayca ikinci olduğunu xatırladıb. O qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası böyük turizm potensialına malikdir. Qədim tarixə, zəngin mədəniyyətə, gözəl təbiətə malik olması müasir dövrdə Naxçıvanı turistlər üçün daha cəlbedici edir. Buna görə də qədim diyarın turizm potensialının tanıdılmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşür. Konfransın keçirilməsində əsas məqsəd də ölkəmizin aparıcı kütləvi informasiya vasitələrində Naxçıvanın məhz bu istiqamətdə tanıdılmasına, təbliğ edilməsinə töhfə verməkdən ibarətdir.
Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyeva çıxışında bildirib ki, muxtar respublikada jurnalist kadrların hazır­lanmasında bu ali təhsil ocağının rolu böyükdür. Bu il 50 illik yubileyini qeyd edən universitetdə Media Mərkəzi, televiziya, “Yeni fikir” qəzeti, “Nuhçıxan” radiosu fəaliyyət göstərir. Jurnalistika ixtisasında təhsil alan tələbələr yaradılmış bu şəraitdən istifadə edərək bilik və bacarıqlarını daha da təkmilləşdirirlər. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixdə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq tələbə jurnalistlərin Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Şərq qapısı” qəzetində təcrübə keçmələri, eləcə də bu orqanlarla əməkdaşlıq etmələri təmin olunub. Qeyd edilib ki, muxtar respublikanın turizm potensialının tanıdılmasında medianın rolu danılmazdır. Bu baxımdan digər sahələrdə olduğu kimi, jurnalistika sahəsində də peşəkar kadrların hazırlığı önəmli məsələlərdəndir.
“Şərq qapısı” qəzetinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası da ölkəmizin mühüm turizm mərkəzlərindəndir. Hazırda il ərzində 400 mindən artıq turistin səyahət etdiyi Naxçıvanın turizm potensialından bəhrə götürmək üçün təbliğat mexanizminin də səmərəli olması mühüm amildir. Bu baxımdan məhz məqsədyönlü şəkildə həyata keçirilən təbliğat vasitəsilə bu gün turizmdən əldə olunan nəticələri dəfələrlə yaxşılaşdıra bilərik. Son illərdə Naxçıvanın turizm potensialının təbliği ilə bağlı ölkə mətbuatında, eləcə də Türkiyə, ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu mətbuat orqanlarında çox sayda elmi və publisistik məqalələr dərc edilib. Təkcə son 3 il ərzində “Şərq qapısı” qəzetində Naxçıvanın turizm potensialı ilə bağlı 70-ə yaxın məqalə oxuculara təqdim olunub. Bu məqalələr qəzetin internet saytında ayrıca “Turizm” bölməsində yerləşdirilib. Bunlar arasında Naxçıvanın turizm marşrutları, kənd turizm və ekoturizm məkanları, tanışlıq dəyəri kəsb edən qədim tarixi abidələri, milli mətbəx və qonaqpərvərlik elementləri, habelə yaradılmış turizm infrastrukturu müəssisələri haqqında yazılar üstünlük təşkil edir. Bundan əlavə, qəzetin saytının ingilis dili bölümündə də “Turizm” və “Naxçıvan xarici qonaqların gözü ilə” başlıqları altında xeyli sayda materiallar, Naxçıvana səfər edən nüfuzlu qonaqların təəssüratları yerləşdirilib. Naxçıvanın turizm potensialının tanıdılmasında Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsi tərəfindən də xeyli işlər görülüb. Belə ki, təkcə ötən il Naxçıvan Dövlət Televiziyasında bu mövzuda 57 veriliş, 13 film, kənd­lərin sosial həyatını əks etdirən 11 teleetüd və muxtar respublikanın turizm potensialını əks etdirən 11 videoçarx, 200-ə yaxın süjet efirə təqdim edilib. Bu dövrdə Naxçıvan Dövlət Radiosunda da turizmə aid 70-dən artıq veriliş hazırlanıb, bu işlər hazırda da davam etdirilir. Əli Cabbarov qeyd edib ki, konfransda ölkəmizin mötəbər media nümayəndələri rəhbərlərinin iştirakı onu deməyə əsas verir ki, gələcəkdə Naxçıvanın turizm potensialının tanıdılmasında və təbliğində kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunacaqdır.
Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Baba­oğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı, Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Dövlət Universitetinin müəllimi, dosent İman Cəfərli, Naxçıvan Dövlət Televiziyasının əməkdaşlarından Ruhiyyə Rəsulova və Şölə Əliyeva çıxış edərək Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolundan danışıb, bu sahədə əlaqələrin genişləndirilməsi üçün təkliflər səsləndiriblər.

“Şərq qapısı”