Turizm XXI əsrdə dünyada ən çox diqqət mərkəzində olan sahələrdən birinə çevrilib. Son illərdə bu sahənin inkişafı elə bir mərhələyə qədəm qoyub ki, turistlərə qapı açmayan və yaxud buna maraq göstərməyən ölkə özünü bütün dünyəvi proseslərdən təcrid etməyə məhkum etmiş kimi sayılır. Əgər əvvəllər turistlər getdikləri ölkədə, sadəcə, tarix, mədəniyyət, gözəl təbiət əraziləri axtarırdılarsa, indi buna çoxsaylı maraq sahələri daxildir. Çünki turizm insanların sərhədsiz düşüncə maraqlarının üzərində cəmləşmiş bir sahədir. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Ancaq istənilən halda turizm yenə də səfalı təbiət, qədim tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki sadaladığımız amillər ölkəmizdə turizmin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır. 

Aparılan məqsədyönlü siyasət nəticəsində muxtar respublikamızda da bu sahədə fəaliyyət genişləndirilib, mövcud turizm potensialının inkişafına nail olunub. Naxçıvan şəhəri və rayon mərkəzləri ilə yanaşı, bölgənin ən ucqar kəndlərinə belə, rahat yollar çəkilib, avtobuslar, taksi və qatarlar vasitəsilə bütün rayonlara və kəndlərə gediş-gəliş asanlaşıb. Hər gün Naxçıvan şəhərindən və Şərur rayonundan sərnişin avtobusları İran İslam Respublikası ərazisindən keçməklə Bakı şəhərinə yola düşür. Naxçıvan Beynəlxalq Hava Limanında Bakı, Gəncə, Moskva və İstanbul reysləri üzrə uçuşlar həyata keçirilir. Bir sözlə, muxtar respublikanın şəhər, qəsəbə və kənd­lərinin inkişafı istiqamətində görülən işlər, nəqliyyat infrastrukturunun genişləndirilməsi, yaradılan müasir turizm obyektləri imkan verir ki, dünyanın müxtəlif ölkələrindən bu diyara üz tutan turistlərə yüksək xidmət göstərilsin.

Naxçıvan artıq yeni bir marşrut kimi turistlərin diqqətini ildən-ilə daha çox cəlb edir. Rəsmi olaraq yayılan statistik rəqəmlər də belə deməyə əsas verir. Belə ki, 2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikamıza 328 min 213 nəfər turist gəlib ki, bu da 2015-ci illə müqayisədə 1,2 faiz çoxdur.
Turizmin inkişafı hazırda elə bir prioritet sahəyə çevrilib ki, bu sahəni heç bir halda ikinci dərəcəli hesab etmək mümkün deyil. Cari ilin mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirə də bunu bir daha təsdiq etdi. Müşavirədə səsləndirildiyi kimi, muxtar respublikamızda turizmin inkişaf etdirilməsi üçün kifayət qədər potensialımız var. Ancaq potensialın olması məsələnin bir tərəfidirsə, bu potensialdan lazımınca istifadə etmək, mövcud resurslardan səmərəli şəkildə faydalanmaq, ən əsası isə işin düzgün icrası da mühüm şərtlərdəndir.
Hər kəsə məlumdur ki, turizmin inkişaf etdirilməsi ölkədə aparılan miqrasiya siyasəti ilə sıx bağlıdır. Bu məqsədlə də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti işini günün tələbləri səviyyəsində qurmaqla, bu sahədə fəaliyyətini gücləndirib və turistlərlə işin təşkilinə diqqəti artırıb.
Verilən tapşırıqlara əsasən, muxtar respublika ərazisinə müxtəlif məqsədlərlə, eləcə də turizm məqsədilə daxil olan xarici ölkə vətəndaşlarının Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınma proseduru sadələşdirilib, sənədlərin yoxlanılması vaxtı yarana biləcək maneələrin aradan qaldırılması üçün müvafiq işlər görülüb. Sərhəd-buraxılış məntəqələrində fəaliyyəti təmin olunmuş Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinə gəlmədən olduğu yer üzrə qeydiyyata alınma prosesinin operativliyi artırılıb. Bunun nəticəsidir ki, cari ilin ilk 10 ayı ərzində sərhəd-buraxılış məntəqələrində yerləşən miqrasiya bölmələri tərəfindən 2000-ə yaxın əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb.
Muxtar respublika ərazisinə daxil olan əcnəbilərin qanunsuz miqranta çevrilməməsi üçün onların ölkəyə daxil olduğu vaxtdan maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsi üzrə maarifləndirilmələrin müxtəlif istiqamətlərdə aparılması məqsədilə sərhəd-buraxılış məntəqələrində yerləşən miqrasiya bölmələrində elektron məlumat köşkləri yerləşdirilib, miqrasiya sahəsi üzrə məlumatların 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) yazılı və səslə vətəndaşlara çatdırılma imkanı yaradılıb. Həmçinin məkandan asılı olmayaraq ölkə ərazisinə daxil olan xarici ölkə vətəndaşlarının müraciət etmək hüququnun təmin edilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin “202-Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyətinin də miqrasiya sahəsi üzrə müraciətlərin cavablandırılmasında və lazımi informasiyaları əldə edərək maarifləndirilməsində böyük rolu var.
Dövlət Miqrasiya Xidməti turizmin əsas subyektlərindən sayılan mehmanxanalarla da işin təşkilini diqqətdə saxlayır. Belə ki, xidmət üçün konkret sahələrə görə müəyyənləşdirilmiş 9 xidmət növü üzrə sahələr avtomatlaşdırılaraq Elektron Hökumət Portalı vasitəsilə istifadəçilərə təqdim edilməklə mehmanxanaların elektron resurslardan maksimum şəkildə yararlanmasına şərait yaradılıb. Bununla da, turistləri qəbul edən tərəf qismində iştirak edən və bu işdə fəallıq göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında Elektron Hökumət Portalı üzərindən elektron sənəd dövriyyəsinin aparılması ilə ölkəyə gələn əcnəbi qonaqların olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilib. Bundan əlavə, Dövlət Miqrasiya Xidmətinin ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) elektron poçt ünvanının da daim ictimaiyyət üçün açıq və aktiv olması müraciətlərin qəbul edilməsində böyük rol oynayır. Bununla da, elektron xidmətlər vasitəsilə vətəndaşlarla Dövlət Miqrasiya Xidməti arasında sərf olunan vaxt minimuma endirilib, daha operativ, keyfiyyətli xidmətin göstərilməsi təmin edilib.
Üç dildə vətəndaşların istifadəsinə verilən Dövlət Miqrasiya Xidmətinin (www.miqrasiya.nakhchivan.az) rəsmi internet səhifəsinin fəaliyyət göstərməsi dünyanın müxtəlif yerlərindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə xidmətə müraciət etmə imkanı yaradır və miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında böyük rol oynayır. Saytda muxtar respublikanın turizm imkanlarını əks etdirən şəkillərin mütəmadi olaraq yenilənməsi, “Naxçıvanın gəzməli, görməli yerləri” adlı videoçarxın 3 dildə nümayiş etdirilməsi, Naxçıvan Muxtar Respublikasının portal saytına və Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə keçidin verilməsi əcnəbilərdə həm muxtar respublika barədə ilkin təsəvvürün yaranmasına, həm də onların ölkəyə gəldiyi vaxtdan miqrasiya qanunvericiliyi ilə tanış olmaqla, müraciətlərinin göndərilməsinə imkan yaradıb. Saytda “Elektron xidmət” və “Onlayn ödəmə” bölməsinin fəaliyyət göstərməsi, sual-cavab və müraciətlər bölməsinin daim istifadəçilərə açıq olması əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarını məkandan asılı olmayaraq, miqrasiya qanunvericiliyi ilə bağlı maraqlandıran sualların operativ cavablandırılmasına şərait yaradır.
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti muxtar respublikaya gələn əcnəbilərin maarifləndirilməsi istiqamətində də bir sıra işlər görüb. Xidmət və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əcnəbilər Azərbaycanın, o cümlədən muxtar respublikanın mədəniyyəti, incəsənəti, mətbəxi və turizm imkanları haqqında məlumatlandırılıb, onların muzeylərə və tarixi yerlərə ekskursiyaları təşkil edilib. Belə ki, xidmətdə muxtar respublikada yaşayan, əyani təhsil alan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Azərbaycan xalqının mədəniyyəti və inkişaf tarixi”, “Azərbaycan xalçaları”, “Azərbaycanın Dövlət Bayrağı”, “Klassik Azərbaycan ədəbiyyatı”, “Azərbaycan rəssamlıq məktəbi”, “Naxçıvanın tarixi abidələri”, “Əlincəqala”, “Gülüstan türbəsi” mövzularında maarifləndirici tədbirlər və muzeylərə ekskursiyalar təşkil olunub. Qeyd etmək lazımdır ki, bu günə qədər keçirilən tədbirlərdə 200-ə qədər əcnəbi və vətəndaşlığı olmayan şəxsin iştirakı təmin edilib. Əcnəbilərə muxtar respublikanın tanıdılması və tarixinin öyrədilməsi istiqamətində görülən tədbirlərin davam etdirilməsi Dövlət Miqrasiya Xidmətinin diqqət mərkəzindədir.
Turizm ümumxalq işidir. Buna görə də bu sahənin inkişafına hər kəs öz töhfəsini verməlidir. Elə 2016-cı il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali ­Məclisində keçirilən müşavirədə də turizmin inkişafı üçün sahib olduğunuz potensialdan səmərəli istifadə edilməsi və güclü təşviqat mexanizminin qurulması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Bunun üçün də bu gün hər birimizin məqsədi muxtar respublikamıza turistlərin yenidən gəlməsinə nail olmaqdır. Turizm çoxprofilli sahə olduğundan, bütün cəmiyyət olaraq hər birimiz də bu sahənin inkişafı üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq.
Bu gün miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsi, miqrasiya proseslərinin günün tələblərinə uyğun aparılması və onun üzərində dövlət nəzarətinin gücləndirilməsi, turistlərin rahatlığının təmin edilməsi istiqamətində görülən işlərlə Dövlət Miqrasiya Xidməti də turizm sahəsinə öz töhfəsini verməyə çalışır.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi