Turizmin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr necə yerinə yetirilib?

Cəmiyyətin sosial-mədəni inkişaf göstəriciləri arasında mühüm yer tutan turizmə maraq artmaqdadır. Dövlətimizin turizmin inkişafına göstərdiyi diqqət ilk olaraq bu sahədən hər bir vətəndaşın faydalanması və ölkəmizin gözəlliklərinin, tarixi-mədəni zənginliklərinin dünyaya tanıdılması məqsədi daşıyır. Muxtar respublikamızda da mövcud olan rəngarəng turizm ehtiyatları və müasir turizm infrastrukturu bu mühüm sahənin inkişafı üçün hərtərəfli şərait yaradır.

Cari il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə deyildiyi kimi turizmin inkişafı üçün sahib olduğumuz potensialdan səmərəli istifadə olunması və güclü təşviqat mexanizminin qurulması tələb olunur. Başqa sözlə, turizmin inkişafına bütün cəmiyyət olaraq maraqlıyıqsa, onda hər birimiz də bu sahənin inkişafı üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq.
Turizm çox unikal bir sahədir. Məhz buna görə də elmi ədəbiyyatlarda turizmi yeni dünyanın yeddi möcüzəsindən biri və gözəgörünməz ixracat forması adlandırırlar. Turizmin yüksək səviyyədə inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, bu sahədə uğur qazanmaq üçün cazibədar ehtiyatlarla yanaşı, həm də bu ehtiyatlardan istifadəyə imkan verən işgüzar potensial tələb olunur. Bu potensial bizdə də var. Bu həm turizm ehtiyatlarından istifadəyə şərait yaradan müasir infrastruktur, həm də bütün bunları hərəkətə gətirib iqtisadi dövriyyəyə cəlb edə bilən maddi-texniki baza və kadr təminatıdır. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün yaradılan şərait göz qabağındadır. Qalır təkcə bu şərait­dən səmərəli istifadə edib, turizmdən gözlədiyimiz nəticələrə nail olmaq. Biz də builki yay turizm mövsümündə bütün bunlardan necə istifadə olunduğunu öyrənmək və yuxarıda adıçəkilən müşavirədə aidiyyəti təşkilatlara verilmiş tapşırıqların icrası barədə oxucuları məlumatlandırmaq üçün həmin qurumların bir neçəsinə elektron məktubla müraciət etdik.

Turizm öz təbiətinə görə gəncləri daha çox maraqlandıran və eyni zamanda turizm-tanıtım işində gənc­lərin fəallığına həssas olan bir sahədir. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun redaksiyamıza göndərdiyi məlumatda cari ilin aprel, may, iyun və iyul aylarında fond tərəfindən “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Naxçıvanqalaya, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya səfərlərinin təşkil olunduğu bildirilir. Bunlardan əlavə, ötən dövrdə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında Şahbuz və Babək rayon gənclərinin iştirakı ilə Batabatda təmizlik aksiyası, Ordubad və Culfa rayon gənclərinin iştirakı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində maarifləndirici aksiya, Şərur, Kəngərli və Sədərək rayonlarının parklarında gənclərin iştirakı ilə maarifləndirici tədbir və güləkmə aksiyası, Naxçıvan şəhər gənclərinin iştirakı ilə Uzunoba Su Anbarı ətrafında “Hərəmiz bir ağac əkək” aksiyası, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında gənclərin iştirakı ilə “Ətraf mühiti necə qoruyuruq” mövzusunda diskussiya keçirilib, “Yaşıllıqlara qulluq” aksiyası çərçivəsində Naxçıvan Dövlət Universiteti ərazisində toplanmış tullantıların yandırıldığı tonqalın ətrafında gənclərin əhaliyə müraciəti qəbul olunub. Fond tərəfindən iyunun 29-da gənclər arasında “Naxçıvanın turizm imkanları” mövzusunda foto-müsabiqə və 2 aprel-5 iyun tarixləri arasında həftəsonu günlərində muxtar respublikanın məktəblilərindən, sağlamlıq imkanları məhdud uşaqlar və aztəminatlı ailələrin uşaqlarından, ümumilikdə, 405 nəfərin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub. Bununla yanaşı, 16 iyundan 13 sen­tyabra qədər Ağbulaqda muxtar respublikanın idman federasiyaları üzvləri olan 1080 idmançının 2 günlük istirahəti təşkil olunub, sosial şəbəkələrdə turizmlə bağlı xeyli material yerləşdirilib.
Muxtar respublikanın gənclərlə iş üzrə digər mühüm dövlət orqanı olan Gənclər və İdman Nazirliyi də bu dövrdə müşavirədə verilmiş tapşırıqların icrasına uyğun olaraq naxçıvanlı gənclərin daxili turizm səfərlərini diqqətdə saxlayıb, bu məqsədlə yuxarıda qeyd etdiyimiz müxtəlif tədbirlərdə məktəbli və idmançı gənclərin iştirakını təmin edib. Bundan başqa, nazirliyin əməkdaşları sosial şəbəkələrdə öz fəallıqlarını daha da artırıblar.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən redaksiyamıza daxil olmuş məlumatda verilmiş tapşırığın icrasına uyğun olaraq Təhsil, Gənc­lər və İdman nazirlikləri ilə birgə aprel ayında sağlamlıq imkanları məhdud 39 məktəbli uşağın 6 valideynin müşayiəti ilə, mayın 14-də aztəminatlı ailələrin 45 məktəbli uşağının, iyulun 14-də və avqustun 15-də fiziki imkanları məhdud 90 idmançının Ağbulaq İstirahət Mərkəzində istirahətlərinin təşkil olunduğu bildirilir.
Turizm tanıtım, reklam və təbliğat işlərinə çox həssasdır. Məhz buna görə də müşavirədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm, eləcə də Rabitə və Yeni Texnologiyalar nazirlikləri qarşısında bu istiqamətdə mühüm vəzifələr qoyulub, konkret olaraq muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursları internetdə yerləşdirmək və bu məlumatların daim yenilənməsini təmin etmək, dövlət təşkilatlarının internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələr yaratmaq tapşırığı verilib.
Bu tapşırıqların icra vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm, Rabitə və Yeni Texnologiyalar nazirlikləri tərəfindən redaksiyamıza göndərilmiş məlumatlarda Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyətinin genişləndirildiyi, onun Azərbaycan, rus və ingilis dillərində saytının yaradıldığı və yaradılmış elektron resursların populyar sosial şəbəkələr vasitəsilə dünya ilə paylaşıldığı bildirilir. Bundan əlavə, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin saytının, bir sıra turizm marşrutlarının reklam-informasiya materiallarının hazırlanması üzərində işlər davam etdirilir. Bütün bunlar muxtar respublikamızın turizm potensialının tanıdılması baxımından təqdiredici işlərdir.
Müşavirədə Naxçıvanın turizm imkanlarının təbliği məqsədilə proqram hazırlanması, müxtəlif layihələrin həyata keçirilməsi və gənclərin sosial şəbəkələrdə muxtar respublikanın turizm potensialının təbliğində fəallığının artırılması Təhsil Nazirliyi qarşısında bir vəzifə kimi qoyulub. Nazirlikdən aldığımız məlumatda bu məqsədlə müvafiq təşkilatlarla birgə həyata keçirilmiş tədbirlər haqqında məlumat verilsə də, sosial şəbəkələrdə görülmüş işlərdən bəhs olunmur.
Muxtar respublikamızda müalicə turizminin inkişafı üçün yaxşı perspektivlər vardır. Bu baxımdan müşavirədə muxtar respublikamızda müalicə-sağlamlıq turizminin inkişafı məqsədilə Səhiyyə Nazirliyi qarşısında da vəzifələr qoyulub, Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasının imkanları ilə bağlı elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi tapşırığı verilib. İnanırıq ki, bu məsələnin həlli ilə Səhiyyə Nazirliyi qarşıdakı dövrdə ciddi məşğul olacaq.
Turizm iqtisadiyyatın mühüm bir sahəsi, beynəlxalq turizmin gəlmə tipi isə ölkə ixracatının mühüm bir hissəsidir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bu fikir tam əksinə göstərilsə də, ancaq turizmə dair istənilən dərs vəsaitində gəlmə turizmin inkişafının məhz ixracyönümlü siyasətə xidmət etdiyi açıq şəkildə izah olunur. Muxtar respublikamızda da daxili və gəlmə turizmin inkişafından məhz regional inkişaf, yeni iş yerlərinin yaradılması və valyuta gəlirlərinin əldə olunması kimi mühüm iqtisadi nəticələr gözlənilir. Elə bu məqsədlə müşavirədə İqtisadiyyat Nazirliyinə muxtar respublikada turizm sahibkarlığının inkişaf etdirilməsi, özəl sektor tərəfindən real təkliflər ortaya qoyulması, turizmlə məşğul olan sahibkarlara müvafiq tövsiyələr verilməsi, biznes-planların işlənilməsinə və onların tətbiqinə çalışılması, habelə Azərbaycanı, eləcə də Naxçıvanı tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışının diqqətdə saxlanılması, ölkəmizdə və xaricdə təşkil olunan müxtəlif sərgilərdə Naxçıvanın turizm potensialının nümayiş etdirilməsi tapşırığı verilib. Nazirlikdən aldığımız məlumatda turizm sahibkar­lığının inkişafı üçün qarşıya qoyulan vəzifələrin icrasından danışılmasa da, hədiyyəlik əşya hazırlanması və satışı, eləcə də xarici ölkələrdə keçirilən sərgilərdəki iştiraklar baxımından xeyli işlərin görüldüyü qeyd olunur. Qarşıdakı dövrdə turizm üzrə biznes-planların işlənilməsi, muxtar respublikamıza məxsus turizm məhsulunun hazırlanması və turistlərə təklifi istiqamətində müşavirədə verilmiş tapşırıqların tam yerinə yetirilməsi üçün işlər görüləcəkdir.
Hər sahədə olduğu kimi, turizmin də inkişafı bu sahədə çalışan yüksəkixtisaslı kadrlardan çox asılıdır. Elə bu səbəbdəndir ki, müşavirədə turizm sahəsində çalışan kadrların tarix, coğrafiya, mədəniyyətşünaslıq sahələrini, zəruri xarici dilləri bilməsi və müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına yiyələnməsi vurğulanıb, bu məqsədlə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində Turizm və otelçilik ixtisası üzrə ali təhsilli kadr hazırlığı səviyyəsinin artırılması, peşə və ixtisas səviyyələrinin yüksəldilməsi üçün metodiki vəsaitlər hazırlanması, praktik məşğələlər təşkil edilməsi tapşırığı verilib.
Naxçıvan Dövlət Universitetinə göndərdiyimiz sorğuya bu ali təhsil müəssisəsindəki Bələdiyyə və turizm kafedrasının 2015-2016-cı tədris ilindəki gördüyü işlərin hesabatı kimi cavab verilib. Məlumatda kafedranın yaradıldığı 2004-cü ildən bəri müxtəlif illərdə keçirilmiş bir sıra tədbirlərdən, tədris prosesindəki şəffaflıqdan və Bolonya prinsipləri əsasında keçilən dərslərdən danışılsa da, metodiki vəsaitlər hazırlanması barədə konkret bir cavab yoxdur. Ancaq kafedranın nəzdindəki “Gənc turistlər dərnəyi”, “Tələbə turizm assosiasiyası”nın fəaliyyəti, habelə tələbələrin Zəngəzur Milli Parkına, Əlincə qalasına, Şahbuz və Ordubad şəhərlərinə təşkil olunmuş ekskursiyaları burada praktik məşğələlərə daha çox diqqət yetirildiyini göstərir. İnanırıq ki, gələcəkdə Naxçıvan Dövlət Universitetində turizm üzrə metodiki vəsaitlər hazırlanmasına da diqqət artırılacaqdır.
“Naxçıvan” Universitetində müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində Turizm İnformasiya Mərkəzi yaradılıb, Nəqliyyat Nazirliyi ilə birgə taksi sürücülərinin maarifləndirilməsi üçün kurslar təşkil olunub. Turizm və otelçilik ixtisası üzrə təhsil alan 3 nəfər tələbənin Azərbaycan Turizm və Menecment Universitetində keçirilmiş konfransda iştirakı təmin edilib. Bundan əlavə, “Naxçıvan” Universitetinin Turizm İnformasiya Mərkəzinin nəzdində yaradılmış “Gənc tur” qurumunun təqdimat mərasimi olub, fəal gənclərin iştirakı ilə “Yurdumuzu tanıyaq” layihəsi həyata keçirilib. Bu ali təhsil ocağında turizmin tədrisi ilə məşğul olan müəllimlərin 1 dərs vəsaiti və 10-dan artıq fənn proqramı dərc edilib, 3 elmi məqaləsi ABŞ və Almaniyanın indeksli jurnallarında çap olunub.
Turistlərin gəldikləri yerdə rahat hərəkəti və dolğun təəssürat almaları üçün nümunəvi nəqliyyat və xüsusən də taksi xidməti çox vacibdir. Müşavirədə bu məqama diqqət çəkən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi qarşısında da konkret vəzifələr qoyaraq sürücülərin yaşadıqları ərazinin tarixi, məişəti, təbiəti, mədəni ünvanları ilə bağlı ümumi biliklərə malik olması zərurətini vurğulayıb. Bununla bağlı nazirlikdən aldığımız məlumatda bildirilir ki, cari ilin mart ayından başlayaraq muxtar respublikada taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin sürücüləri üçün muzey günlərinin qrafiki tərtib olunub, qrafikə əsasən hər ay 5 dəfə müxtəlif qruplar şəklində taksi sürücülərinin muzeylərdə seminar- məlumatlandırma işi təşkil edilib. Habelə “Naxçıvan” Universitetində Turizm İnformasiya Mərkəzinin tədris proqramında turizmə yararlı sürücülər üçün təşkil olunan kursda 20 nəfər sürücünün iştirakı təmin edilib. Sürücülərə kurs ərzində muxtar respublikanın bütün rayonlarında yerləşən tarixi abidələr, muzeylər, habelə digər görkəmli yerlər haqqında məlumat verilib, ingilis və rus dillərində qarşılama terminologiyası öyrədilib, kursu müvəffəqiyyətlə bitirən sürücülərə sertifikatlar təqdim olunub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizmin inkişafı ilə əlaqədar taksi sürücülərinin 2 günlük seminar-müşavirəsi keçirilib, sürücülərə muxtar respublikanın turizm mərkəzləri, tarixi abidələri haqqında məlumatlar verilib.
Müşahidələr göstərir ki, bu sahədə hələ çox iş görülməlidir. Belə ki, sürücülərin bu barədə təsəvvürlərini öyrənmək üçün onlar arasında kiçik bir sorğu apardıq. Nəticədə, müraciət etdiyimiz taksi sürücülərinin bir qisminin bu barədə xeyli məlumatlı olduğunu görsək də, bir çoxunun Naxçıvandakı muzeylərin adlarını, tarixi abidələrin yerlərini və təxmini yaşını bilmədiyini müşahidə etdik.
Builki yay turizm mövsümü başa çatmaq üzrədir. Muxtar respublikamız bu mövsümdən nə əldə etdi, hansı təcrübəni qazandı? Kim bu mövsümdə bu vacib sahənin işinə töhfə vermək üçün nə etdi, kim daha çox əməli iş gördü, kimlər bu işlərdən bir az geri qaldı? Qoy hər bir kəs özü bu suallara cavab versin. Ancaq onu deyə bilərik ki, ötən dövrdə bu sahənin inkişafı üçün xeyli iş görülüb. Bunun nəticəsidir ki, yay turizm mövsümündə Naxçıvana ötən illə müqayisədə daha çox turist gəlib. Görülmüş işlərin təhlil olunub nəticə çıxarılması ümumi bir məqsədə, ölkəmizin və diyarımızın inkişafına xidmət edir.

Əli Cabbarov