Hələ ötən əsrin 50-ci illərindən bu günə qədər “Badamlı” mineral suyu süfrələrimizin bəzəyi olub, “Badamlı” mahnısı isə ürəkləri fəth edib. Dağlar diyarı Şahbuzun Batabatı ilə bərabər, onun Badamlısı da hələ onillər öncəsindən bir brend kimi Naxçıvanın adını bütün dünyaya tanıdıb. İndi çox vaxt, xüsusən yaz və yay aylarında Şahbuza gələrkən Badamlı yolayrıcına çatdığımızda Heydər Əliyev Su Anbarının möhtəşəm görüntüsünə göz kəsilmiş qonaqlara – bax bu həmin haqqında eşitdiyiniz kənddir, – deyə uzaqdan görünən dağların qoynunu işarə edirik. Ancaq Badamlı lap yaxında, Naxçıvan-Şahbuz avtomobil yolundan cəmi 7 kilometr məsafədə özünün bütün gözəllikləri və sakinlərinin müasir həyat tərzi ilə onun sorağına gələn qonaqları qarşılamağa hazırdır. Burada kənd turizmi üçün əlverişli imkanlar vardır. 

 

Muxtar respublikamızda kənd infrastrukturunun müasir səviyyədə tamamilə yenilənməsi, kəndlərin abadlığı, təmizliyi və əhali gəlirlərinin artması burada müasir turizmin bir çox növlərinin inkişafı üçün də şərait yaradır. Söhbət kənd turizmindən düşmüşkən, Badamlının Naxçıvan və Şahbuz şəhərlərinə olan yaxın məsafəsi, kəndin yerləşdiyi geniş ərazi və buraya gələn qonaqların rahat asudə vaxt keçirə biləcəyi yaşıllıq guşələri, ilk növbədə, diqqəti cəlb edir. Ona görə də “Badamlı” deyəndə insanların ağlına ilk olaraq mineral su gəlsə də, bu kənddəki yaşıllıqlar içində istirahət edib mənalı vaxt keçirmək haqqında danışmağa dəyər. Doğrudan da, ilin bu fəslində səhərdən axşamadək buz bulaqların başında ailəvi istirahət edib mənalı vaxt keçirməyin ayrı bir ləzzəti vardır. Xüsusən Badamlıya ilk dəfə gəlmiş qonaqların Yemişandərədə, Ordubulağı, Fərəməz bulağında keçirdikləri bir gün şəhərdəki bütün yayın istisini unutdurmağa bəs edər. Qonaqlar Şirandaş şəlaləsinə baş çəkərsə, indiyə qədər görmədikləri gözəlliklərə şahid olarlar.
Badamlı camaatı qonaqpərvər olduğu qədər də işgüzardır. Yerli əhali kəndin təbii sərvətlərindən istifadə edib məhsul istehsal etməkdə, təsərrüfatı genişləndirməkdə çox səriştəlidir. Kənddə çox sayda işgüzar, bacarıqlı torpaq mülkiyyətçisi və fermer olduğunu dedilər. Xüsusən Badamlı balının keyfiyyətini onun daimi alıcıları yaxşı bilir. Kənddə yaşayanlar yaxşı bilirlər: sərin keçən yay gecələrində qalın yorğana bürünüb daş kimi yatıb dincələndən sonra səhər erkəndən yaxşıca səhər yeməyi iştahası gəlir adama. Badamlıda da iri badam ağacının kölgəsində qurulmuş təmtəraqlı səhər yeməyi süfrəsində ətirli Badamlı balıynan ağbirçək Tamara nənənin ev üsulu ilə hazırladığı qaymağı dadmağın başqa ləzzəti vardır.
Badamlı bağlar diyarıdır. Şübhəsiz, kəndin adına, onun toponiminə qədər nüfuz etmiş qiymətli badam meyvəsi mineral su qədər bu kəndin sərvətlərindəndir. Badamlıda badamı çox sevir, süfrə başındakı qonaqlara badam ləpəsinin ən seçməsi təklif olunur, uşaqlara badam payı göndərmək üçün əvvəlcədən iri torbalar hazırlanır. Bizdə boldursa, qoy hamının süfrəsində olsun, – deyirlər. Onu da deyirlər ki, badam uzunömürlü ağacdır, susuzluğa davamlı, gec quruyandır. Amma Badamlıda yeni bağlar da salınır. Püstə-badam, daşbadam sortları əkilmiş yeni bağlar diqqətimizi cəlb edir. Kənddəki 180-ə yaxın evin hamısının həyətində bu ağaclardan vardır. Ancaq təkcə badamı deyil, dadlı üzümü, armudu, cəvizi ilə də tanınan Badamlıya gələn şəhərli turistlər Şahbuzun bu gözəl kəndində bağlara necə qulluq edilməsi, kənd təsərrüfatı işləri ilə yaxından tanış olmaq fürsəti qazanarlar. Əgər qonaqlar səhərin sübhündə kəndin gündoğdusundakı Qaradağın zirvəsinə yürüş keçirmək istəsələr, badamlılı gənclər onlara həvəslə bələdçilik etməyə hazır­dırlar. Ümumiyyətlə, dağlara yürüş, ətraf relyefin ecazkarlığı ilə tanış olmaq kənd turizminin əsas tərkib elementlərindən biridir. Badamlıda da bu məzmunda görməyə dəyər ekzotik yerlər çoxdur. Kənddəki minik avtomobilləri turistlərin bu tələbinin ödənilməsinə xidmət edə bilər. Turistlərin yerləşdirilməsinə gəldikdə isə Badamlıda 20-dən artıq villatipli evlərdə bu məsələnin həll olunacağını düşünmək olar.
Təbiət Şahbuzdan heç nəyi əsirgəməyib. Qaynayan şəfalı bulaqlar, yamyaşıl bağlar, mülayim iqlim. Şahbuza yolu düşənlərin təəssüratlarından heç zaman silinməyəcək səmimi qonaqpərvərlik isə onun bu sərvətlərini hər kəslə paylaşır. Bu dəfə isə yolumuz Badamlıya düşmüşdü.

 Əli Cabbarov