Yay turizm mövsümünün qaynar çağında öz istirahətini muxtar respublikamızın müxtəlif guşələrində keçirmək istəyən turistlər üçün Ordubad rayonunun Çənnəb kəndi özünün bənzərsizliyi ilə seçilir. Ölkəmizin müxtəlif yerlərində, muxtar respublikamızın Naxçıvan, Şərur, Culfa şəhərlərində, habelə Nehrəm kimi iri kənd­lərində yaşayanlar yayın istisində özünə sərin-səfalı yer axtarmaq istəsələr, digər kəndlərimizlə bərabər, Ordubadın Çənnəb kəndini seçə bilərlər. Çənnəbin yayda öz gözəlliyi vardır.

Çənnəb Düylün-Məzrə istiqamətində Üstüpü ilə bitişik olan ikinci kənddir. Naxçıvan şəhərindən, təqribən, 60, rayon mərkəzi Ordubaddan 15 kilometr məsafədə yerləşir. Yolunu ilk dəfə bu kəndə, ümumiyyətlə, bu qola salan səyahətçini ilk baxışda inandıra bilməzsən ki, Xarabagilandan üzüyuxarı ucalan dağların arasında bu qədər yaşıllığa qərq olmuş kənd var. Bağ-bağata, meyvəçiliyə bu qədər bağlı olan Ordubadda belə yaşıllıqlara rast gəlməkdə isə qeyri-adi heç nə yoxdur. Ordubadlılar lap qayada da olsa, meyvə ağacı ərsəyə gətirməkdə çox səriştəlidirlər. Bu rayonda hansı kəndlə, hansı həyətlə tanış olsan, hökmən nəsə qeyri-adi bir meyvə ağacı, yeni bir meyvə sortu, yaxud meyvəçilik adət-ənənəsi ilə tanış olarsan.

Çənnəblilər çox qonaqpərvərdirlər. Şübhəsiz, turizm üçün qonaqpərvərlik çox üstün keyfiyyətdir. Çənnəbdə də bunun şahidi olmaq mümkündür. Qonağa ilk rast gələn yerli sakin istər tanıdığı, istərsə də tanımadığı olsun, israrla onu evinə, nəfis Ordubad limonu ilə çay süfrəsinə dəvət edəcək. Ordubad limonu isə təkcə muxtar respublikamızda deyil, ölkə­mizdə və onun hüdudlarından kənarda brend­ləşmiş bir nemətdir. Bu mənada, Ordubad limonu özünün qeyri-mövsümiliyi və xüsusi çəkisinə görə Naxçıvan göycəsinə bərabərdir. Çənnəbdə də, demək olar ki, hər iki həyətdən birində limon ağacları yetişdirilir və çay süfrəsində onların ətrindən doymaq olmur.
Çənnəblə bağlı ilk təəssürat bir vaxtlar çoxlarının istirahət məkanı olmuş Şəfa bulağı ilə tanışlıqdan yaranır. Kəndin girəcəyindəki Şəfa bulağının hansı müalicəvi keyfiyyətləri olduğunu deyə bilmərəm, amma bu bulağın başında, göy üzünü qapamış ağacların altında bircə saat əyləşib suyun zümzüməsini dinləmək kifayətdir ki, on bir ay şəhərin səs-küyündə beynimizdə yığılıb qalmış neqativ enerji yox olsun. Uzaq yoldan gələnlər sərin bulağın nəğməsinə dalıb dincəldikdən sonra uzun hörük kimi qıvrılan kənd yolu ilə davam edib Çənnəbə çatırlar. Şimal tərəfdən Üstüpü, cənubdan Düylün, qərbdən Ülüs, şərqdən Qarovulgədik dağları ilə əhatə olunan Çənnəb kəndi dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Kəndin min ildən artıq məskunlaşma tarixi vardır. Yerli sakinlərin dediyinə görə, Çənnəbdəki Kəreyil və Pilləpan qalalarının yaşı eramızın əvvəllərinədək gedib çatır. Ümumiyyətlə, turizm həvəskarlarına bu yerlərin tarixi, yerli sakinlərin adət-ənənələri haqqında danışmağa çox mövzu var. Amma yay fəslində insanları ən çox özünə çəkən təbiət guşələri bu gözəl diyarın bənzərsiz gözəlliklərinə qarşı heç kimi biganə qoymur.
Çənnəb kəndinin ərazisi, onun relyefi panoramik quruluşa malikdir. Kənd haqqında ümumi təsəvvür almaq üçün ətrafdakı uca təpələrin birinin zirvəsinə qalxıb ətrafı seyr etmək kifayətdir. Yeri gəlmişkən, bu, kəndə gələn ekoturizm həvəskarları üçün də yaxşı bir əyləncədir. Bu, müasir turizmdə yaxşı təəssürat almaq üçün çox vacibdir. Misal üçün, Çənnəbdəki yaşını heç kimin bilmədiyi qocaman çinar ağacının kölgəsində oturub çay içməyin bir ləzzəti olduğu kimi, bu çinarın uzaqdan necə göründüyünü seyr etməyin ayrı ləzzəti vardır. Xülasə, Çənnəbə gəlmiş turistləri Şəfa bulağı ilə yanaşı, İpli çeşmə, Bədərək çeşməsi və Yağlıdərənin ecazkar mənzərələri ilə tanış etdikdə onlar doğma Naxçıvanımızın hələ nə qədər kəşf edilməmiş gözəllikləri olduğuna öz gözləri ilə şahid olacaqlar. Kənd həyatı elədir ki, burada iş günü, xüsusən yaz və yay fəsillərində səhər Günəşin çıxması ilə başlayır. Əgər Çənnəbə gəlmiş turistlər bu ab-hava ilə tanış olub, kənd işgüzarlığı haqqında bir təəssürat almaq istəyirsə, onda kənddən xeyli aralıdakı Köydərə və Sərinçeşmə şəlalələrinə tamaşa etmək üçün sübh tezdən saat 6-dan yola çıxmağına dəyər. Bu təbiət gözəllikləri ilə tanışlıq turistlərdə həmişəlik bir təəssürat yaradacaqdır. Amma səhər erkəndən örüşə çıxan qoyun-quzunu otaran, əkin sahələrini suvaran, otbiçən kənd­lilərin təsərrüfat işlərini canlı görməyin özü də bir rekreasiyadır. Onda turist özü görəcək ki, Naxçıvan bazarında ucuzluq yaradan Ordubad nemətləri hansı torpaqlarda yetişib, hansı bulağın suyundan içib: tam ekoloji təmiz, ziyansız. Təsərrüfata gəldikdə, Çənnəb camaatı çox qoçaqdır. Müasir villalara bənzəyən hər kəndli evinin həyətində hansı meyvə ağacı istəsən var. Mövsümdə alma, armud, cəviz, ərik, göycə, gilas ağaclarının barını yığıb-yığışdırmaq olmur. Hələ bostan məhsullarını demirəm. Əgər turistlər kirayə edib dincəldiyi evin isti təndir lavaşlı, bal-qaymaqlı səhər yeməyindən sonra bir də bulaq başında samovar çayı dəmləməyi arzu edərlərsə, buyursunlar: Çənnəbdə hər ağacın kölgəsi bir tamaşadır. Kənd turizminin mühüm atributlarından olan dağ və yüksəkliklərə yürüş üçün də Çənnəbdə heç bir çətinlik yoxdur. Ordubadlılara xas qoçaq və səmimi cavanlar, bir də Jeep model minik maşınları turistlərin xidmətindədir. Dağlara çıxmağına isə dəyər. Kənd ziyalıları ilə söhbətimizdə bildirildi ki, Çənnəb və Üstüpü kəndlərinə məxsus Rumus yaylağında rast gəlinən nadir dərman bitkilərini tapmaq üçün hər il çox həvəskarlar buraya gəlirlər. Əgər istəyənlər varsa, bu yayda gəlib tətillərini Çənnəbdə keçirə bilərlər. Ucuz və keyfiyyətli. Necə deyərlər, gəzdim dağı-aranı, cənnət gördüm Çənnəbi.

 Əli Cabbarov