Naxçıvanın turizm ehtiyatlarından bəhs edərkən ilk ağlagələn bu regionun təbiəti və tarixi abidələridir. Buradakı tarixi abidələrin hər biri turizm üçün potensial mənbə sayılmaqla yanaşı, diyarımızın təbiəti də özünəməxsusluğu ilə seçilir. Zəngin ekoloji sistemə malik Naxçıvanda ekoturizmin onlarla yarımnövü var ki, onlardan hər biri turizm üçün maraqlı obyekt rolunda çıxış edə bilər. Belə obyektlərdən biri də muxtar respublikamızda mövcud olan hidroloji abidələrdir. 

Hidroloji abidələr ekoturizmdə, əsasən, təbiət abidələri sisteminə daxildir. Müasir dövrdə dünyada turizmin inkişafı yönündə atılan addımlar elə bir səviyyəyə çatıb ki, “təbii yoxdursa, oxşarını yarat” məntiqi ekoturizmi də öz ağuşuna alıb. Məsələn, hazırda bir çox ölkə­lərdə ada turizmində süni adalardan istifadə daha çoxluq təşkil edir və yaxud isti ölkələrdə turistlərə “qış fəsli kompleksləri” yaratmaq yeni ideya deyil. Yəni demək istədiyimiz odur ki, turistlər üçün mövcud şəraitin yaradılması heç də həmişə təbiilik tələb etmir. Əsas odur ki, turist onun istifadəsinə verilmiş şəraitdən yararlana bilir və ondan razıdır. Bu nöqteyi-nəzərdən muxtar respublikada mövcud olan su ehtiyatlarının əksəriyyəti turizm sektoru daxilində hidroloji abidə kimi təqdim oluna bilər. Bəs bu tipli abidələr hansılardır və muxtar respublikada turizmin inkişafında hansı rola malikdir?

Şərur rayonu ərazisində yerləşən Arpaçay Su Anbarı Azərbaycanda iri irriqasiya qurğularından sayılır. Bu su anbarı 1977-ci ildə istifadəyə verilib. Araz çayının sol qolu hesab edilən çayın üstündə 68 metr hündürlükdə tikilmiş bənd anbara 150 milyon kubmetr suyun yığılmasına imkan verir. Bu su ehtiyatından Sədərək, Şərur və Kəngərli rayonlarının əkin sahələrinin suvarılmasında istifadə olunur. Hidroloji abidə yerləşdiyi mövqeyə görə (su anbarının qərb hissəsi dağ yamacları ilə sərhəddir, əks tərəfdən isə Arpaçay boyunca yerləşən kənd­lərə avtomobil yolu uzanır) çox cəlbedici mənzərəyə sahibdir və burada müxtəlif turizm növlərinin inkişafı üçün əla imkanlar var. Ən əsası isə su anbarının qərb hissəsi boyunca uzanan yüksək dağ yamacları günün müəyyən hissəsindən sonra Günəş şüalarının qarşısını kəsərək qızmar yay günlərində ətrafa təbii sərinlik bəxş edir.
Muxtar respublikanın mühüm hidroloji abidələrindən olan Qanlıgöl Şahbuz rayonunun Kükü kəndi ərazisindədir. Bu rayondakı Batabat gölləri isə Naxçıvançayın hövzəsində yerləşir. Bu hidroloji abidələr eyniadlı 3 su hövzəsindən ibarətdir. Ümumi su tutumu, təqribən, 3 milyon kubmetrdir. Məşhur üzən ada da burada yerləşir. Üzən ada sfaqnum mamırlarından və onun üzərində bitən örtüklərdən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir.
Muxtar respublikada əhəmiyyətli su ehtiyatına malik hidroloji qurğulardan biri də Heydər Əliyev Su Anbarıdır. Babək rayonunun Vayxır kəndi yaxınlığında, Şahbuz rayonu ərazisində yerləşən su anbarı dəniz səviyyəsindən 1059 metr hündürlükdədir. Ümumi həcmi 100 milyon kubmetr olan su anbarı 2005-ci ildə istifadəyə verildikdən sonra Şahbuz, Culfa və Babək rayonlarının suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırılıb. Anbar vasitəsilə bu gün 16 min 830 hektar əkin sahəsi suvarılır. Son illərdə burada müxtəlif balıq növlərinin çoxaldılmasına diqqət artırılıb.
Babək rayonu ərazisində yerləşən Uzunoba Su Anbarı isə son dövrlərdə burada aparılan quruculuq tədbirləri çərçivəsində əsl turizm məkanına çevrilib. Belə ki, burada əhalinin istirahəti üçün çimərlik kompleksi yaradılıb, mağaza, kafe, yeməkxana fəaliyyət göstərir. Muxtar respublikada balıq ehtiyatlarının zənginləşdirilməsinə öz töhfəsini verən bu su anbarının ətrafında əhalinin istirahəti üçün yeni infrastrukturun yaradılması bu hidroqurğunun imkanlarını daha da artırıb.
Qədim diyarın hidroloji abidələrinə Ordubad rayonu ərazisində də rast gəlmək mümkündür. Belə ki, Zəngəzur dağ silsiləsinin cənub yamacında, dəniz səviyyəsindən 3065 metr yüksəklikdə yerləşən Göygöl həm qədimliyinə, həm də yerləşdiyi coğrafi əraziyə görə digərlərindən fərqlənir. “Kitabi-Dədə Qorqud”da adıçəkilən Göygölün, deyilənlərə görə, əvvəllər həcmi böyük olub, ancaq zaman keçdikcə onu əhatə edən dağların aşınması nəticəsində gölün sahəsi kiçilib. Naxçıvan Muxtar Respublikasının ən hündür dağ gölü sayılan Göygölün uzunluğu, təxminən, 211 metr, eni 103 metr, dərinliyi isə 7 metrdir. Buzlaq mənşəli olan bu gölü bəzən “dörd fəsil” gölü də adlandırırlar. Çünki yay aylarında, xüsusən də avqust ayında gölün bir tərəfində qar olanda bir tərəfində çiçək açır, digər tərəfdə isə çiçəklərin ləçəkləri tökülür. Yaradanın Naxçıvana bəxş etdiyi bu gözəl təbiət nümunəsi dağ və piyada-yürüş turizminin inkişafında əvəz­olunmaz imkanlara malikdir.
Ordubad torpağında digər əsrarəngiz hidroloji abidə Pəzməri kəndi yaxınlığında yerləşən eyniadlı şəlalədir. Şəlalə Zəngəzur silsiləsinin Ordubad rayonu ərazisində yerləşən Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı Pəzməri çayının üzərində yerləşən təbiət abidəsidir. Yuxarı axarlarda kanyonvarı dar, kaskadlı dərələrdən keçən, əsasən bulaq və qar suları ilə qidalanan və Pəzməri çayının qolu olan Ayıçınqılı çayı Vənəndçaya töküldüyü yerin yaxınlığında dəniz səviyyəsindən 2161 metr hündürlükdə gur şəlalə yaradır. Pəzməri şəlaləsi su sərfi, axının sürəti, enerji ehtiyatı ilə fərqlənir. Karbonatlı süxurlar üzərində şəlalənin nisbi hündürlüyü, təxminən, 30 metrdir. Pəzməri kəndindən 4-5 kilometr aralıda yerləşən bu ecazkar təbiət abidəsini görmək üçün Naxçıvanın bütün bölgələrindən hər il buraya xeyli insan gəlir. Pəzməri şəlaləsi zəngin enerji ehtiyatına malikdir. Şəlalənin orta illik su sərfi saniyədə 1,34 kubmetrdir. Yayın əvvəllərində su sərfi saniyədə 25 kubmetri ötür. Onu da qeyd edək ki, Pəzməri çayının üzərindəki eyniadlı böyük şəlalədən başqa, bir neçə xırda şəlalə də mövcuddur. Həmin şəlalələr burada olduqca gözəl bir mənzərə yaratmaqla yanaşı, həm də ərazinin turizm potensialından xəbər verir.
Ümumiyyətlə, muxtar respublikada ekoturizmin inkişafına imkan verən xeyli sayda hidroloji abidələr vardır. Hələ biz bura regionda mövcud olan mineral su yataqlarını, tarixi abidələrimiz sayılan kəhrizləri aid etmirik. Bu sadaladıqlarımızın hər biri turizmin inkişafında bu və ya digər istiqamətlər üzrə mühüm rol oynayacaq obyektlərdir. Yetər ki, bu obyektlərin imkanlarından turizmin, ümumilikdə isə Naxçıvanın təbliğində istifadə edək.

 Səbuhi Həsənov