Əhalinin məşğulluğunun təmin olunması, yeni infra­struktur layihələrin həyata keçirilməsi hesabına əlavə iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin daha da aşağı salınması məqsədilə muxtar respublikamızda mühüm tədbirlər reallaşdırılır. Belə tədbirlərdən biri də muxtar respublikada əmək yarmarkalarının keçirilməsidir. Bu barədə dünən Kəngərli Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında söhbət açılmışdır.
Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Məzahir Rüstəmov demişdir ki, işaxtaran vətəndaşların işlə təmin olunmasında əmək yarmarkalarının rolu böyükdür. Təkcə ötən il Kəngərli rayonunda keçirilən əmək yarmarkalarında 95 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur. Buna görə belə tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Direktor növbəti əmək yarmarkasına çıxarılan boş iş yerləri barədə məlumat verərək bildirmişdir ki, bu gün 9 təşkilatda olan 60 boş iş yeri işaxtaranlara təklif olunur. 
İşaxtaran vətəndaş Səmənnaz Pirəliyeva çıxış edərək məşğulluğun təmin olunmasında əmək yarmarkalarının keçirilməsinə görə minnətdarlığını bildirmiş, belə tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev çıxış edərək muxtar respublikamızda insan amilinin diqqətdə saxlanılan məsələlərdən biri olduğunu qeyd etmiş, sosial vəziyyətin yaxşılaşdırılmasına ciddi önəm verildiyini vurğulamışdır. Bildirilmişdir ki, rayonda yeni yaradılan müəssisələr, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin get-gedə artması, xidmət şəbəkələrinin genişlənməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına geniş imkanlar açmışdır.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olmuşlar. Yarmarkada 31 nəfərə göndəriş verilmiş, 1 nəfər isə peşə hazırlığı kursuna göndərilmişdir.

Xəbərlər şöbəsi