Naxçıvan şəhərindəki “Gənclik” kafesində 21 mart – Ümumdünya Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkil edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfər­ovun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədovanın, muxtar respublika Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatovun çıxışları dinlənilib. Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. 2012-ci ildən etibarən bu gün muxtar respublikada da qeyd olunur.
Çıxış edənlər daun sindromlu uşaqlara hər bir vətəndaşımızın qayğı və diqqət ayırmasının vacib olduğunu bildirərək qeyd ediblər ki, muxtar respublikada məhdud fiziki imkanlı şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar dövlətimizin sosial siyasətindən bəhrələnirlər. Onların maddi və mənəvi tələbatlarının ödənilməsi, bu qəbildən olan uşaqların və həmçinin onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Tədbirdə Heydər Əliyev Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs qrupu və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı maraqlı mahnı və rəqs nömrələri ilə çıxış ediblər. Daun sindromlu 56 nəfərə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, bu sindrom 1866-cı ildən məlumdur. “Daun” adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkimin – Con Lenqdon Daunun şərəfinə adlandırılıb.

Xəbərlər şöbəsi