Babək rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uço­tun tətbiqi” mövzusunda tədbir keçirilmişdir.
İdarə, müəssisə işçilərinin, özəl sektor üzrə hüquqi və fiziki şəxslərin, o cümlədən torpaq mülkiyyətçilərinin iştirakı ilə keçirilən tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev açaraq dövlətimizin sosial siyasətindən danışmışdır. Qeyd olunmuşdur ki, hazırda bütün sahələrdə olduğu kimi, sosial sahədə də mühüm islahatlar həyata keçiril­məkdədir. Bu islahatlar nəticəsində sığorta-pensiya sisteminin qanunvericilik bazası təkmilləşdirilərək fərdi uçot sistemi qurulmuş, əhaliyə sosial sığorta şəhadətnamələri verilmiş və müasir pensiya modeli yaradılmışdır.
Sosial sığorta qanunvericiliyinin izahı, könüllü sığortanın mahiyyəti və üstünlükləri, pensiyaların təyinatı və ödənişi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, Vaqif Rəsulov, Zaur Qasımlı tədbir iştirakçılarına məlumat vermişlər. Bildirilmişdir ki, vətəndaşların sosial təminat hüquqlarının tənzimlənməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Sosial sığorta bu qanunla nəzərdə tutulmuş hallarda vətəndaşların itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya xərclərinin kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Qanuna əsasən, məcburi dövlət sosial sığortası bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Belə işçilər sığorta­olunan hesab olunurlar və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta şəhadətnaməsi verilir. Bunun üçün sosial sığortaya cəlb olunan hər bir şəxs dövlət tərəfindən ona verilən sosial təminat hüquqlarının qorunmasında maraqlı olmalıdır.

Bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq, müxtəlif fəaliyyət növləri üçün məcburi dövlət sosial sığorta haqları müəyyənləşdirilmişdir. Sosial sığortaya cəlb olunan şəxslər əgər öz fəaliyyətlərinə uyğun müəyyənləşdirilmiş məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onda onlar özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar ki, bunlara da pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik, uşağın anadan olması, uşağa qulluq və sair daxildir.
Yığıncaqda könüllü sosial sığortanın və fərdi uçot sisteminin əhəmiyyəti barədə də məlumat verilmişdir. Vurğulanmışdır ki, gələcəkdə bütün vətəndaşlar məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, könüllü qaydada da əlavə sığorta haqqı ödəməklə sığorta oluna biləcəklər. Bu da həmin vətəndaşların gələcəkdə əmək pensiyalarına əlavələrin hesablanmasına və alacaqları pensiyanın məbləğinin çox olmasına təsir göstərəcəkdir. Fərdi uçot sistemi isə pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasını nəzərdə tutur. Bu sistemin formalaşdırılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasından ibarətdir. Bundan başqa, bu sistem sığorta­olunanların gələcəkdə alacaqları pensiyanın hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə imkan verir.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytı (www.dsmf.nakhchivan.az) vasitəsilə sığortaolunanlar fərdi şəxsi hesablarına toplanan pensiya kapitalı barədə məlumat əldə edə bilərlər.
Hər bir işləyən vətəndaşın gələcəkdə sosial müdafiə hüquqlarının təmin olunması üçün onun mütləq fondun yerli orqanlarında qeydiyyata durması, sosial sığorta şəhadətnaməsinin olması vacib şərtdir.
Sonra Babək rayonunda sığorta-pensiya sistemi ilə əlaqədar görülən işlər haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin müdiri Natiq Hacıyev tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan bir qrup vətəndaşa sosial sığorta şəhadətnaməsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti