Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi muxtar respublikada ailə, qadın və uşaq siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsinin təmin olunmasında mühüm rol oynayır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova suallarımızı cavablandırır:

– Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 5 ildən artıq bir müddətdir ki, fəaliyyət göstərir. Ötən bu dövrdə komitənin gördüyü işlər nədən ibarət olub? İstərdim ki, söhbətimizə buradan başlayaq...
– Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə yaradılmış, 2007-ci il 25 oktyabr tarixli Fərmana əsasən, Əsasnaməsi təsdiq edilərək komitənin fəaliyyəti üçün konkret vəzifələr müəyyənləşdirilmişdir. Muxtar respublikada ailə, qadın və uşaq siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, inkişafını təmin etmək komitənin fəaliyyətinin əsas istiqamətləridir. Həmçinin öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının qorunmasını təmin etmək və onların pozulmasının qarşısını almaq komitənin əsas vəzifələrindəndir. Göründüyü kimi, komitə mühüm vəzifələri yerinə yetirir: dövlətin, cəmiyyətin özəyi olan ailələrin bütövlüyünü qoruyur, həssas zümrənin üzvləri – qadınların və uşaqların hüquqlarını müdafiə edir.

Məlumdur ki, yaşadığımız qloballaşma əsrində milli və ailə dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması əsas şərtdir. Birmənalı olaraq etiraf etmək olar ki, tarixən ailə xalqımızın mənəvi dəyərlərinin qoruyucusu kimi milli inkişafımızda mühüm rol oynamışdır. Ailələrimiz xalqımızın mədəniyyətini, folklorunu, dilini, adət-ənənələrini ailə daxilində qoruyub saxlamaqla yanaşı, həmçinin onların nəsildən-nəslə ötürülməsində əvəzolunmaz bir körpüdür. Əlbəttə, bunların yerinə yetirilməsi üçün ailənin düzgün əsaslar üzərində qurulması zəruridir. Məhz bu zərurilik nəzərə alınaraq komitə tərəfindən milli dəyərlərimizdən olan ailə institutunun qorunması və onun inkişafının təmin edilməsini, erkən və qan qohumluğu nikahlarının qarşısının alınmasını, ailə münasibətlərinin hüquqi tənzimlənməsini, sağlam ailənin formalaşmasının əsaslarını, ailə üzvlərinin hüquq və vəzifələrini gənc ailələrə aşılamaq məqsədilə muxtar respublikanın rayonlarında, eləcə də əhalisi çox olan kəndlərdə konfranslar keçirilmişdir. Həmçinin uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması və dərslərdən yayınmasının qarşısını almaq üçün rayon, şəhər və kənd tam orta məktəblərində seminarlar keçirilmiş, internet klublarında monitorinqlər aparılmışdır. 
Hər il beynəlxalq günlərin, eləcə də xalqımızın tarixində mühüm yer tutan günlərin qeyd edilməsi diqqət mərkəzində saxlanılmış, geniş tədbirlər keçirilmiş, müvafiq mövzularla bağlı şeir, inşa yazı, rəsm müsabiqələri, hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyaları təşkil edilmişdir.
Milli dəyərlərimizlə, qadınların sağlamlığı ilə bağlı müxtəlif mövzularda hazırlanmış broşürlər, uşaqların öz hüquqlarını öyrənməsi məqsədilə milli və beynəlxalq qanunvericilik aktlarının mətnləri keçirilən tədbirlərdə iştirakçılara paylanılmışdır. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların himayəyə və qəyyumluğa verilməsinin, övladlığa götürülməsinin ümumi uçotu aparılmış, ailə, qadın və uşaqlarla bağlı məlumat bazası, məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılmışdır.
Ümumiyyətlə, komitənin ötən dövr ərzində fəaliyyətini xarakterizə etdikdə görünür ki, ailə institutumuzun qorunmasında, gender bərabərliyinin təmin edilməsində, uşaqların hüquqlarının müdafiəsi istiqamətində mühüm işlər görülmüş, əhatə olunan sahələr üzrə verilən tapşırıqların, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışılmışdır.
Muxtar respublikamızın ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən qadınlarımıza yüksək qiymət verilmiş, onlar hər zaman diqqət və qayğı ilə əhatə olunmuşlar. Komitə tərəfindən bu yöndə hansı tədbirlər həyata keçirilmişdir?
– Tarix boyu həm Şərq, həm də Qərb cəmiyyətləri üçün örnək olan Azərbaycan qadınları həmişə özlərinin ictimai fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı və fədakarlıqları ilə seçilmişlər. Əlbəttə, ölkəmizdə, eləcə də muxtar respublikamızda qadın siyasətinin dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra qadınların ictimai-siyasi həyata transformasiyasına, dövlət idarəçiliyində təmsilçiliyinə, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmasına ciddi diqqət göstərilmiş və bu sahənin inkişaf parametrlərini tənzimləyən milli qanunvericiliyin yaradılmasında, təkmilləşdirilməsində ardıcıl islahatlar həyata keçirilmişdir.
Bu ənənələr müstəqilliyimizin üçüncü onilliyində də davam etdirilir. Qadınlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Onlar təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, özəl sektorda geniş təmsil olunur, bütün dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində fəaliyyət göstərirlər. 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində 375 qadın üstün səs toplayaraq muxtar respublikanın yerli özünüidarəetmə orqanlarında təmsil olunurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 6-sı qadındır, onlarla qadın müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışır.
Ötən müddət ərzində komitə qadınlarla bağlı üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə çalışmış, muxtar respublikada qadınların cəmiyyətdəki fəallıqlarının genişləndirilməsi, onların baş verən ümumi proseslərdə, ictimai-mədəni həyatdakı rolunun canlandırılması ilə əlaqədar təbliğat işləri aparılmış, xüsusən də tənha ahıl, əlil qadınların qarşılaşa biləcəyi problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür. Qadınların cəmiyyətdə yerini möhkəmləndirmək, özünütəsdiq yollarını və hüquqlarını təbliğ etmək məqsədilə konfranslar keçirilmişdir. Məşğulluq strategiyası üzrə Dövlət proqramlarının həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən onlarla əmək qabiliyyətli qadının müraciəti əsasında işlə təmin olunmasına köməklik göstərilmiş, ahıl, tənha, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan qadınlarla görüşlər keçirilmiş, yaşayış vəziyyətləri ilə maraqlanılmış, ehtiyacları aradan qaldırılmışdır. Bundan əlavə, muxtar respublikanın ictimai həyatında öz fəaliyyətləri ilə seçilən qadınların, eləcə də ömrünün yüzüncü baharını yaşayan qadınların yubileyləri qeyd edilmişdir.
Muxtar respublikada 2012-ci ilin “Milli dəyərlər ili” elan edilməsi ilə əlaqədar Heydər Əliyev Sarayında istedadlı qadınların əl işlərinin satış-sərgisi təşkil edilmiş, 72 qadının 428 əl işi satış-sərgidə nümayiş etdirilmişdir. Bu da istedadlı Naxçıvan qadınlarının tanıdılması, onların muxtar respublikanın ictimai-mədəni həyatında iştirakını genişləndirmək baxımından əhəmiyyətli olmuşdur. Həmçinin qadınların təhsildənyayınma halları və hüquqlarının pozulması kimi səciyyələnən erkən nikah məsələsi ilə bağlı mütəmadi olaraq kütləvi informasiya vasitələrində, keçirilən seminar və konfranslarda geniş maarifləndirmə işləri aparılmışdır.
– Nümunəvi ailələrin cəmiyyətdə tanıdılmasının gənc nəslin tərbiyəsində əhəmiyyətli rolu vardır. Bu nəzərə alınaraq belə ailələrin tanıdılması istiqamətində hansı işlər görülüb?
– Bilirsiniz, qloballaşma dövründə yaşayırıq. Müasir cəmiyyətdə həmin qloballaşan məqamla uzlaşmadan yaşamaq qeyri-mümkündür. Amma bu heç də o demək deyil ki, öz milli xüsusiyyətlərimizdən, ailə dəyərlərimizdən, adət-ənənələrimizdən geri çəkilməliyik. Əksinə, həmin xüsusiyyətləri yeni şəraitə uyğunlaşdıraraq daha da inkişaf etdirməliyik. Bu işə isə ailədən başlanılmalıdır. Əlbəttə, burada nümunəvi, uzunömürlü ailələrin rolu böyükdür. Danılmaz faktdır ki, ailə institutumuzun möhkəmlənməsi, qorunması və gələcək nəsillərə ötürülməsi uzun­ömürlü ailələrin nümunəsinə əsaslanır. Bu ailələrin keçdiyi həyat yolu xalqımızın ailə dəyərləri, mentaliteti ilə zəngindir. Onlara mənəvi dayaq olmaq, qayğı göstərmək, həyat salnamələrini gənc ailələrə mənimsətmək diqqət mərkəzində saxlanılmış, onlarla uzunömürlü ailənin yubileyi (gümüş, qızıl və brilyant toyları) yaşadıqları ünvanlarda, eləcə də xüsusi tədbirlərdə geniş qeyd edilmişdir. Məqsəd isə bu ailələr vasitəsilə digər ailələrimizə dəyərlərimizi, yaratdıqları ailənin bütövlüyünü qorumalarına təsir etməkdir. Düşünürəm ki, seçilən mexanizm bu yolda çox əhəmiyyətli faktordur.
– Komitənin əsas vəzifələrindən biri də xüsusi qayğıya ehtiyacı olan qadınların, uşaqların problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar müvafiq işlər görməkdən ibarətdir. Bu istiqamətdə görülən işlər barədə nə deyə bilərsiniz?
– Dövlətimiz tərəfindən bu qəbildən olan vətəndaşlarımıza daim həm maddi, həm də mənəvi dəstək vardır. Ölkəmizdə qəbul olunmuş müvafiq qanunlar, Dövlət pro­qramları, Milli Fəaliyyət planları xüsusi qayğıya ehtiyacı olan şəxslərin – əlil, tənha, ahıl qadınların, sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına, ehtiyaclarının ödənilməsinə, cəmiyyətə inteqrasiyasına stimul verir. Xüsusi qayğıya ehtiyacı olan qadınların problemlərinin öyrənilməsi, hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi və digər tələbatlarının ödənilməsi, güzəranlarının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, yaşayış şəraitlərilə maraqlanılmışdır. Belə ki, muxtar respublikada yaşayan tənha, ahıl və əlil qadınların yaşadığı evlərə baş çəkilir, onlar tibbi müayinədən keçirilir, müalicəyə cəlb edilir, məişət şəraitləri yaxşılaşdırılır.
Son illər 854 nəfər 18 yaşınadək sağlamlıq imkanı məhdud olan uşaqlar valideynləri ilə birlikdə komitəyə dəvət olunmuş və ya əlaqə yaradılaraq onlarla geniş söhbətlər aparılmış, valideynlərlə maarifləndirmə işi gücləndirilmiş, potensialına uyğun olaraq həmin uşaqlardan 150-si məktəbəqədər, məktəb və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə göndərilmişdir. Hazırda bu işlər davam etdirilir. Bununla yanaşı, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 94 uşağın, bir valideyni vəfat etmiş, digər valideyni I və ya II qrup əlil olan 13 uşağın yaşadığı evlərə monitorinqlər təşkil edilmiş, onların yaşayış şəraitləri araşdırılmış, problemləri öyrənilmiş və həll edilmişdir. Hər il dövlətimizin qayğısı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları, hədiyyələr verilir, asudə vaxtlarını səmərəli keçirmələri üçün onların muxtar respublikanın tarixi abidələrinə, muzeylərinə, istirahət guşələrinə səyahətləri təşkil edilir.
– Bir qədər də qeyri-höku mət təşkilatları ilə əlaqələriniz barədə məlumat verməyinizi xahiş edirik.
– Komitənin fəaliyyət sahəsi qeyri-hökumət təşkilatları ilə sıx əlaqədə işləməyi tələb edən sahədir. Sözsüz ki, ailə, qadın və uşaqlarla bağlı problemləri qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələr vasitəsilə həll etmək daha məqsədəuyğundur. Əlbəttə, cəmiyyətdəki məsələlərin həllinə dövlət və qeyri-dövlət təşkilatlarının yanaşması fərqli ola bilər. Hesab edirəm ki, ortaq məxrəcə gəlib müvafiq sahədə olan problemi aradan qaldırmaq daha effektli və səmərəli olar. Ötən il komitə ATƏT-in Bakı Ofisi ilə birgə “Məişət zorakılığının qarşısının alınması haqqında Qanunla bağlı məlumatlandırma” mövzusunda geniş seminar keçirmişdir. Bundan əlavə, komitə Naxçıvan Muxtar Respublikası Səhiyyə, Təhsil, Daxili İşlər nazirlikləri və digər dövlət qurumları ilə birgə ailə planlaşdırılması, reproduktiv sağlamlıq, uşaqların hüquqlarının qorunması, erkən nikahlara daxil olması və təhsildən yayınmasının qarşısının alınması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirmişdir.
– Komitənin gələcək planları nədən ibarətdir?
– Bilirsiniz ki, 2013-cü il muxtar respublikamızda “Heydər Əliyev ili” elan edilmişdir. Ümummilli liderimizin Azərbaycan ailələri, qadınları və uşaqları ilə bağlı ideyaları komitənin fəaliyyətinin prioritet istiqaməti, dəst-xətti olacaqdır. Çünki bu ideyalar hər bir cəmiyyət üzvünün xoşbəxtliyinin, səadətinin əsasıdır. Eləcə də komitənin iş planına, digər icra hakimiyyəti orqanları ilə birgə hazırlanaraq təsdiq olunmuş tədbirlər planlarına uyğun olaraq, uşaqların zərərli vərdişlərdən, təhsildən yayınmasının qarşısını almaq, ailələrin sağlam təməllər üzərində qurulması, bütövlüyünün qorunması, qadınların hüquqlarının təbliği istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Həmin müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə müvafiq işlərin həyata keçirilməsi, ailə dəyərlərinin qorunması sahəsində maarifləndirici tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Komitənin əməkdaşları verilən tapşırıqların və qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə çalışacaq, aztəminatlı ailələrin aşkarlanması və sosial ehtiyaclarının ödənilməsi, ailə dəyərlərinin təbliği istiqamətində lazımi tədbirlər həyata keçirəcəklər.

Müsahibəni apardı:
Sara ƏZİMOVA